Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir Azərbaycan həqiqətləri dünyanın ən mötəbər tribunasından səsləndirildi

Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas Azərbaycan xalqı və dövlətimiz üçün bir neçə cəhətdən əhəmiyyətli oldu. Əvvəla ona görə ki, həmin mötəbər toplantıda ilk çıxış edən natiqlərdən biri gənc müstəqil Azərbaycan Res­publikasının Prezidenti oldu. Bu fakt ölkəmizə və dövlət başçımı­za beynəlxalq aləmdəki inam və etimadın göstəricisi idi. İkinci, Azərbaycan Prezidenti bu mötəbər təşkilatın yubiley tədbirində iki istiqamətli nitqlə çıxış edən əsas natiqlərdən biri kimi yaddaş­lara yazıldı. Üçüncü, siyasət və diplomatiyadan uzaq olan Nikol Paşinyanın Azərbaycana qarşı təxribata və hətta, yeni işğalçılıq müharibəsinə hazırlaşdığı günlərdə bu tribuna Azərbaycan və region həqiqətlərinin dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması üçün çox yerinə düşən şans idi.

Dördüncü, dövlət başçımız həmin iclasda Azərbaycan Prezidenti kimi çıxış etməzdən əvvəl Qoşulmama Hərəkatının sədri kimi danışdı və bu qurumun adından deyilməli olan bütün fikirlər BMT rəhbərliyinin və dünya ictimaiyyətinin nəzərinə çatdırıldı. Ona görə də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıla­rı növbəti dəfə təsdiqlədilər ki, hələ 2016-cı ildə Azərbaycanla bağlı qəbul etdikləri qərar həqiqətən ədalətli və obyektiv olmuşdur.

Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış etməyi şərəf kimi qəbul edən Prezident xatırlatdı ki, onun sədrlik etdiyi quruma üzv olan dövlətlər BMT Nizamnaməsinin imzalan­masının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər.

Dövlət başçımız 120 ölkə adın­dan qeyd etdi ki, bu gün dünyada narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir.

İlham Əliyev mötəbər beynəlxalq təşkilatın sədri kimi üzərinə düşən məsuliyyətdən çıxış edərək bildirdi ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özü­nün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qo­şulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.

Xatırladaq ki, cənab İlham Əliyev beynəlxalq aləmdəki yeni problemlərdən narahatlıq ifadə etməklə kifayətlənməyərək, həmin anda tribuna­sından çıxış etdiyi BMT –nin fəaliyyəti haqqında da orijinal fikirlər səsləndirdi: “Biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleya­nın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.

Bir neçə il bundan qabaq da Prezident İlham Əliyev Nyu-Yorkda – BMT Baş Assambleyasının iclasında bu məsələni qabartmışdı. Bu gün onun sözü daha kəsərlidir. Çünki indi islahatlar çağırışı edən natiq təkcə bir ölkənin dövlət başçı­sı yox, həm də 120-dən çox dövlətin üzv olduğu beynəlxalq təşkilatın sədridir.

Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi, dövlətimizin adın­dan səsləndirdiyi fikirlər bütünlüklə beynəlxalq hüquqa, haqqa, ədalətə əsaslanırdı. Prezidentin çıxışı dünya ölkələrinə və beynəlxalq ictimaiyyətə me­saj, müdrik tövsiyə idi. Çünki Ermənistan dövləti artıq elə bir şəkildə həyasızlaşıb ki, regionun və dünyanın gələcəyi üçün narahat olan heç kəs bu vəziyyətdə susmamalıdır. Prezident xatırlatdı ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər: “Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Özünün işğalçılıq, terrorçuluq, təxribatçılıq və separatçılıq əməllərini 30 ildən bəri davam etdirən Ermənistanın son zamanlar öz havadarlarının dəstəyinə arxalanaraq, bu gün daha çox qan tökmək məqsədilə olduqca təhlükəli addım­lar atdığını diqqətə çatdıran Prezident bəyan etdi: “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların for­mat və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Azərbaycan Prezidenti bu münaqişənin həllinin əsas yolunu göstərdi. Heç kəsə sirr deyil ki, dünya­nın bütün ölkələrində bu həll yolunun yeganə doğru variant olduğunu böyük əksəriyyət bilir. Ancaq, rəsmi İrəvana qarşı bu istiqamətdə heç bir sanksiya tətbiq edilmir.

Bütün beynəlxalq tribunalardan deyilir ki, ölkələrarası münasibətlərdə təhdid, hədə-qorxu, şantaj və ya müharibə ritorikası yolverilməzdir. Sanki kimsə Ermənistana bu prinsiplərə əməl etməmək immuniteti verib. Bu işğalçı ölkə sözün həqiqi mənasında beynəlxalq hüququn prinsiplərinə məhəl qoymur: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazır­laşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Xatırladaq ki, Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuş­dur və bir neçə il əvvəl ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qey­ri-daimi üzvü seçilmişdir. Bizim bu təşkilatla əməkdaşlığa böyük maraq göstərməyimizin əsas səbəbi odur ki, Azərbaycan dünyanın tanınmış multikul­turalizm mərkəzlərindəndir. 2008-ci ildə rəsmi Bakı tərəfindən başlanılmış “Bakı prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşı­yır. “Bakı prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır.

Dövlət başçımız çıxışının sonun­da əmin olduğunu bildirdi ki, hazırkı müzakirələr zamanı multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvo­lu olan BMT-yə açıq və güclü dəstək veriləcək: “Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfu­zunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

23 Sentyabr 2020 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə