Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Valentina MATVİYENKO: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir.

Səfər çərçivəsində sentyab­rın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federa­siyası Federal Məclisi Federa­siya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarovanı və Azərbaycan nümayəndə heyətini salam­layan Valentina Matviyenko azərbaycanlı parlamentariləri Rusiyada görməkdən məmnunluğunu bildirib. O deyib: “Bu, sizin Milli Məclisin Sədri kimi Rusiyaya ilk səfərinizdir və biz bunu yüksək qiymətləndiririk. Bu, Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır. Parlamentlərarası əməkdaşlıq sözsüz ki, dövlətlərarası münasibətlərin qurulmasın­da vacib rol oynayır. Biz sizin səfərinizi gözləyirdik və buna böyük əhəmiyyət veririk. Hesab edirəm ki, bu görüş parlamentlərarası dialoq çərçivəsində, ikitərəfli münasibətlərin gündəmində saatların qurulması, narahate­dici beynəlxalq problemlərin müzakirəsi, parlamentlərarası əməkdaşlığın gələcək inkişafı baxımından yaxşı imkandır”.

Görüşdə Valentina Mat­viyenko bəşəriyyətin bəlası olan COVID-19-la mübarizədə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirərək, bu sahədə ölkəmizin Rusiyaya ver­diyi dəstəyə görə təşəkkür edib.

Söhbət zamanı Valentina Matviyenko Sahibə Qafarova­nın sentyabrın 23-də Federal Məclisin Federasiya Şurasında nəzərdə tutulan çıxışı barədə da­nışaraq deyib: “Demək olar ki, sabahkı sessiyanın ilk iclasını siz açacaqsınız”.

Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətini Rusiyaya dəvət etdiyinə görə Valentina Matviyenkoya təşəkkür edib. O, bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edin. Bildirib ki, iki ölkə arasın­dakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Pu­tinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.

İki ölkə arasında huma­nitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-pre­zidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırla­dıb. Bildirib ki, Prezident Vla­dimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında “Dostluq” or­deni ilə təltif edib. O, mükafatı təqdim edərkən bildirib ki, Meh­riban xanım Əliyeva Rusiyanın əsl dostudur.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında sözsüz ki, ölkələrimizin parlamentləri də böyük əhəmiyyət daşıyır. Həm Milli Məclisdə, həm də Federal Məclisdə dostluq qrupları fəaliyyət göstərir. Ümid edirik ki, pandemiya başa çatandan sonra Rusiya və Azərbaycan müxtəlif parlament təşkilatlarında əməkdaşlığı davam etdirəcəklər.

Sahibə Qafarova Azərbaycanda və Rusiya­da keçirilən seçkilərdə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatların müşahidə missiyaları­nın, ilk növbədə isə MDB Parlamentlərarası Assambleyası çərçivəsində müşahidə mis­siyalarının qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu xüsusi qeyd edib. Sədr Milli Məclis və Federal Məclis ara­sında daimi fəaliyyət göstərən İkitərəfli parlamentlərarası komissiyanın qarşılıqlı münasibətlərimizin inkişafına əvəzolunmaz töhfə verəcəyinə əminliyini ifadə edib. Milli Məclisin Sədri yaxın gələcəkdə parlamentlərarası komissiya­nın 15 illik yubiley iclasının keçiriləcəyinə ümidvar olduğu­nu bildirib.

Sahibə Qafarova Azərbaycanın Rusiya Federasiyasının subyektləri ilə əlaqələrə də böyük önəm verdiyini qeyd edib. Bununla bağlı nəzərə çatdırıb ki, Azərbaycan parlamentinin Dağıstan Respublikasının Milli Məclisi və Sankt-Peterburqun Qanunvericilik Məclisi ilə sıx əlaqələri mövcuddur.

Görüş zamanı Dağlıq Qarabağ problemi barədə danışan Milli Məclisin Sədri bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir və artıq 30 ildən artıqdır ki, mövcuddur. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 mil­yondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu çox böyük problemdir. Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanma­sına baxmayaraq, atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəş nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir.

Ermənistanın sonuncu ən təhlükəli təxribatı isə bu il iyulun 12-də baş verdi. Bu, ona görə çox təhlükəli idi ki, bu hadisələr Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində baş verdi. Nəticədə hərbi qulluqçular, dinc əhali həlak oldu, dağıntılar baş verdi. Bu təxribatlar bu gün də davam edir və Müdafiə Nazirliyinin məlumatına görə, dünən də Azərbaycanın bir hərbi qulluq­çusu həlak oldu. Hadisələrin ge­dişi onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi biz Rusiyanın problemin tezliklə aradan qalxmasında səylərini artıracağına ümid edirik.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək deyib: “Əminəm ki, bugünkü görüş, ümumilikdə səfərimiz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

23 Sentyabr 2020 01:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə