Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Qoşulmama Hərəkatı adından çıxış etməyə həm hüquqi, həm də mənəvi haqqı var

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Azərbaycan Prezidentinin parlaq və dərin məzmunlu çıxışında səslənən dəyərli fikir və təkliflər ölkə və dünya ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissilə qarşılanmışdır. “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri Zaur Mirzəzadə bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən möhtərəm Prezidentin çıxışı ilə böyük maraqla tanış oldum. Cənab İlham Əliyevin Qoşulmama Hərəkatı adından etdiyi çıxış Azərbaycan dövlətinə olan dərin hörmətin, inamın və etimadın təzahürüdür.

Müstəqil Azərbaycanın Qoşulmama Hərəkatı adından çıxış etməyə həm hüquqi, həm də mənəvi haqqı var. Məlum olduğu kimi, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda ke­çirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Rəsmi Bakı hərəkata sədrliyi dövründə öz üzərinə düşən öhdəlikləri böyük uğurla yerinə yetirmişdir.

Dövlətimizin başçısının BMT-nin Təhlükəsizlik Şurasında islahatların aparıl­ması ilə bağlı fikirləri bütün dünyada böyük maraq doğurmuşdur. Çünki BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır. Prezident İlham Əliyev haqlı olaraq hesab edir ki, bu gün davam edən COVID-19 pandemi­yası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir.

Dövlətimizin başçısı çıxışında işğalçı Ermənistanın təcavüzkar siyasətinin regionda təhlükəsizliyə böyük təhdid olduğunu xüsusi qeyd etmişdir. Ermənistan Azərbaycanın Dağ­lıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Prezident İlham Əliyev demişdir: “Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.

Son günlər Ermənistan işğal olun­muş ərazilərdə beynəlxalq hüquq norma­larını kobud şəkildə pozaraq, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan qəsdən qoşunların təmas xətti və Ermənistan–Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf alır və təxribatlar törədir.

Lakin rəsmi İrəvan unudur ki, bu gün onun qarşısında həm hərbi, həm də iqtisadi cəhətdən dəfələrlə güclü və qüdrətli olan müstəqil Azərbaycan dövləti və xalqı dayanır. Ən başlıcası, bu gün Milli Ordumuzun əsgər və zabitlərinin qələbə əzmi və döyüş ruhu olduqca yüksəkdir. Buna heç bir şübhə yoxdur ki, tezliklə işğalçı dövlət layiqli cavabını alacaq və tarixi torpaqlarımız işğaldan azad olunacaq.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

23 Sentyabr 2020 00:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə