Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq-iqtidar birliyi getdikcə möhkəmlənir

Xalqımız Prezident İlham Əliyevin istər ölkə daxilində, istərsə də xaricdə atdığı bütün addımları dəstəkləyir. Bununla bağlı bəzi məqamları xatır­latmaq istərdim. Belə ki, hazırda Azərbaycanda multi­kulturalizm özünün ən yüksək zirvəsinə çataraq dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bütün dünyada uğurlu siyasi model kimi qəbul olunur.

Ölkəmizdə müxtəlif mədəniyyətə sahib 30-dan çox azsaylı xalq tarixi keçmişdən bugünədək sülh şəraitində birgə yaşayır. Eyni zamanda, bütün dinlər cəmiyyətdə sərbəst şəkildə təmsil olu­nurlar. İndiyədək Azərbaycanda nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı yaşanmayıb. Əksinə, ən çətin zamanlarda bütün dinlərin nümayəndələri tərəfindən həmrəylik nümayiş etdirilib. Azərbaycan dünyəvi respublikadır. Azərbaycan Konstitusiya­sına əsasən, din dövlətdən ayrıdır, təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarca məscid, kilsə və sinaqoq fəaliyyət göstərir.

Multikulturalizm siyasəti ölkənin daxili vəziyyətindən başqa, onun beynəlxalq imicinə də müsbət təsir göstərir və Azərbaycanın hüquqi dövlət olmasına bariz sübutdur. Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model beynəlxalq miqyasda öyrənilir. Eyni zamanda, Azərbaycana dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də hörmətlə yanaşılır.

Multikulturalizm dəyərlərinin yaşandığı Azərbaycanı bütün dünyaya, həm də Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu, Avropada ən böyük infrastruktur layihəsi olan və bu ilin sonunadək istis­mara verilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi kimi möhtəşəm enerji və kommunikasiya layihələri tanıdıb, nüfuz qazandırıb. Bütün bunlar isə ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir.

Bu yaxınlarda BMT Baş Assambleya­sının koronavirusla mübarizə ilə əlaqədar xüsusi sessiyasının keçirilməsi barədə verilən qərar da dövlətimizin başçısının təşəbbüsü ilə reallaşıb. Dünyanın 130- dan çox ölkəsi tərəfindən dəstəklənən bu təşəbbüs, sözsüz ki, beynəlxalq həmrəyliyə verilən böyük töhfə kimi diqqət çəkib.

Azərbaycan heç bir dövlətin geosiyasi oyununa qatılmır, praqmatik və təmkinli mövqe tutur və dünya miqyasında müstəqil, düşünülmüş siyasət yürüdür. Elə buna görə də Azərbaycan dünyada analoqu olmayan bir ölkəyə, Ordumuz isə dünyanın ən güclü ordularından birinə çevrilib.

Son illər erməni təxribatçılarına endirilən ağır zərbələr Ordumuzun nə qədər güclü olduğunu nümayiş etdirdi. Belə ki, hər bir təxribat zamanı düşmən yüzlərlə canlı qüvvə və çoxlu sayda hərbi texnika itirərək geri çəkilməyə məcbur oldu. Xüsusilə, düşmənlə sərhədimizin Tovuz rayonu istiqamətində bu il iyulun 12-16-da törədilən təxribat zamanı işğal­çılar aldıqları ağır zərbələrdən sonra hələ uzun müddət özlərinə gələ bilməyəcəklər.

Ermənilər həmişə olduğu kimi, bu dəfə də təxribat törətməklə yanaşı, yaydıqları anti-Azərbaycan təbliğatı və dezinformasiyalar vasitəsilə cəmiyyətimizdə çaşqınlıq, xaos və qar­şıdurmalar yaratmağa da səy göstərdilər. Ancaq onlar dərk edə bilmədilər ki, indiki Azərbaycan cəmiyyəti 30 il bundan əvvəlki deyil. Bugünki cəmiyyət artıq hərtərəfli inkişaf etmiş, Azərbaycan Prezidenti və dövləti ətrafında daha sıx birləşən unikal bir cəmiyyətdir. Odur ki, ermənilərin bu cəhdi onların ziyanına işlədi. Erməni həyasızlığından təngə gəlmiş Azərbaycan cəmiyyəti erməni təxribatına daha sərt və çevik reaksiya verdi: İyulun 14-dən 15-nə keçən gecə Bakının on minlərlə əhalisi, xüsusilə gənclərimiz düşmənin işğalçı siyasətinə qarşı öz etiraz səslərini ucaltmaq, Ali Baş Komandana və raşadətli Ordumuza dəstək vermək məqsədilə şəhərin mərkəzi küçə və meydanlarına, Şəhidlər Xiyaba­nına yürüşə çıxdılar. Bakının meydan­larında keçirilən mitinqlərdə insanlar müqəddəs amal uğrunda Ali Baş Koman­danla və Ordumuzla həmrəy olduqlarını bir daha nümayiş etdirdilər. Bu aksiyalar, həm də cəmiyyətimizin dövlətimizə və torpağımıza olan ali məhəbbətinin, gəncliyimizin vətənpərvərlik ruhu­nun, “iqtidar-xalq”, və “ordu-xalq” həmrəyliyinin göstəriciləri idi.

Azərbaycanda beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən korrupsi­ya ilə mübarizə tədbirləri getdikcə gücləndirilir, bu istiqamətdə dövlət qu­rumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində sax­lanılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik, həmçinin korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi, önəmli addımlar atılır.

Dövlətimizin başçısı vaxtaşı­rı məmurlara, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bu­nunla bağlı çox ciddi təhlillər aparmağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy göstərilməsinin zəruriliyini diqqətə çatdırır. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü xatırladır. Dövlətimizin başçısı deyir: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları da dövlət idarəetməsinin səmərəliliyinin artırılma­sı, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.

Hazırda respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da sosial-iqtisadi və kadr islahatlarının həyata keçirilməsi prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Bütün sferalarda idarəedici funksiyalar yeni təfəkkürlü, müasir dünyagörüşlü, dövrün tələbələrinə cavab verən şəxslərə həvalə edilir və bu proses uğurla davam etdirilir.

Zahiddin ABBASOV,
 Sabunçu Rayon Veteranlar Təşkilatının sədri, ehtiyatda olan polkovnik-leytenant

23 Sentyabr 2020 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə