Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İki sahil” qəzeti “Neftçilər Günü”nə xüsusi buraxılış həsr edib

Azərbaycanın neft strategiyasının uğurla gerçəkləşdirilməsinin əhatəli və davamlı media salnaməsini yaradan “İki sahil” qəzetinin yaradıcı kollektivi “Neftçilər Günü”nə həsr olunmuş xüsusi buraxılışlar hazırlamaq ənənəsinə sadiq qalaraq, bu il də 100 səhifəlik rəngli-illüstrativ nəşr hazırlamışdır.

Qəzetin baş redaktoru Vüqar Rəhimzadə xüsusi buraxılış barədə açıqlamasında bildirdi:

– Bugünlərdə işıq üzü görmüş 100 səhifəlik xüsusi buraxılı­şımızda, əvvəla, Azərbaycan neft-qaz sənayesinin 26 ildə keçdiyi inkişaf yolunun təhlili aparılıb. Bununla yanaşı, top­luda ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən Azərbaycan Dövlət Neft Şirkətinin və onun strukturlarının gördüyü işləri əks etdirən maraqlı yazılar dərc edilib. Materialları müşayiət edən rəngli şəkillər və yüksək poliqrafik tərtibat neft sənayemizin çatdığı yüksək səviyyəni parlaq əks etdirir.

Hər il peşə bayramı münasibətilə neçə-neçə qabaqcıl neftçi yüksək dövlət mükafatları ilə təltif edilir. Xüsusi buraxılışda Prezident İlham Əliyevin 2020-ci il 19 sentyabr tarixli müvafiq sərəncamları, həmçinin neft və qaz sənayesinin inkişafında xüsusi xidmətləri olan şəxslərin şirkətin “Fəxri neftçi” döş nişanı ilə təltif edilməsi əksini tapıb.

Nəşrdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin “Neftçilər Günü” münasibətilə dünya şöhrətli bu qurumun çoxminli kollektivinə təbrikində bildirilir ki, müstəqil Azərbaycanın inkişaf və tərəqqisi ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin bəhrəsi olan yeni enerji strategi­yasının uğurları ilə sıx bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm enerji layihələrinə imza atan ölkəmiz davamlı və dinamik sosial-iq­tisadi inkişaf yolunda inamla addımlayır.

Rövnəq Abdullayevin şirkətin prioritetlərini dövrün çağırışla­rına uyğun seçməsindən bəhs edən yazısında isə milli neft sənayemizin müstəqillik illərində və son bir ildə əldə etdiyi uğurlar­dan ətraflı söhbət açılır. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin yazısında isə “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətindən geniş bəhs olunur, “Neftçilər Günü”nün ulu öndər Heydər Əliyevin Azərbaycan neftçilərinə böyük hədiyyəsi olması vurğulanır.

Baş redaktorun dediklərinə əlavə olaraq bildirək ki, xüsusi buraxılışda neft sənayemizin ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ayrı-ayrı mövzular üzrə təfsilatı ilə oxuculara çatdırılır. Çoxsaylı məqalələrdə son bir ildə şirkətdə görülən işlərin qısa hesa­batı və növbəti ilin hədəfləri açıq­lanır. Xüsusi buraxılış ulu öndər Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” həqiqətini bütün əzəməti ilə əks etdirir.

Toplunun üz qabığında bugünlərdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda keçirilən mərasim zamanı Prezi­dent İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsində söylədiyi “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizim­dir, Qarabağ Azərbaycandır!”-- sözləri yer alıb.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

23 Sentyabr 2020 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə