Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokuror prokurorluq orqanlarının veteranları ilə görüşüb

Sentyabrın 22-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən veteran prokurorluq işçiləri ilə görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş iştirakçılarını salam­layan Baş prokuror ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdı­şından sonra fəaliyyətində yeni bir dövrün başlandığı prokurorluq orqanları tərəfindən müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlərin, o cümlədən görkəmli ictimai xadimlərə və dövlət xadimlərinə qarşı törədilən terror aktlarının, dövlət əmlakının mənimsənilməsi və bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələrinin istintaq olunduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqətin göstərildiyini vurğulayan Baş prokuror mü­hüm dövlət təsisatlarından biri kimi proku­rorluq orqanlarının maddi-sosial bazası üçün yaradılmış təminatlar barədə söz açıb.

Tədbirdə Azərbaycan Prokurorluğunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunma­sı, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsinə daim ehtiyacın olması qeyd olunub.

Görüşdə Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında şərəfli yol keçmiş veteranlara son zamanlar prokurorluq orqanlarında həyata keçirilmiş kadr islahatları barədə məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 21 may tarixli Sərəncamı ilə “əməkdar hüquqşünas” fəxri adı ilə təltif olunmuş Baş prokurorun sabiq müavinləri Rüstəm Usubova və Na­miq Əsgərova dövlət mükafatları, proku­rorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əmək veteranı” fəxri adı ilə təltif olunmuş bir qrup prokurorluq işçilərinə isə vəsiqələr təqdim edilib.

Görüşdə prokurorluq orqanlarının keç­diyi inkişaf yolundan danışılıb, ötən günlər xatırlanıb. Prokurorluq orqanlarında uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin ma­raqlarının müdafiəsində xidmət aparmanın qürurverici olduğunu vurğulayan veteran işçilər prokurorluq peşəsinin çox şərəfli və məsuliyyətli olmasından, ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısından söz açıblar.

Bundan başqa, veteran prokurorluq işçiləri insan hüquq və azadlıqlarının təmini, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində təkliflər veriblər. Görüşə görə təşəkkürlərini bildirən veteranlar belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq gənc əməkdaşların prokurorluq veteranlarının təcrübəsindən daim yararla­naraq peşəkarlıqlarını artıracaqlarını diqqətə çatdırıblar.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanları­nın qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, ötən illərdən bağlı qalmış cinayətlərin açıl­masında, habelə cinayətkarlığın profilaktika­sı və təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanıla­cağını vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

23 Sentyabr 2020 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə