Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhmədiyyə Cəbrayılov Azərbaycan əsgəri üçün fədakarlıq rəmzidir

Xalqımızın qəhrəman oğlu Əhmədiyyə Cəbrayılovun anadan olması­nın 100 ili tamam olur. Yubileyin keçirilməsi ilə bağlı cənab Prezident sərəncam imzalamışdır. Sərəncamda deyilir: “ Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın par­laq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir”.

Yubiley münasibətilə ölkəmizdə bir sıra tədbirlər keçirilmişdir.Mədəniyyət Nazirliyinin yubileylə bağ­lı tədbirlər planına uyğun olaraq , Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı Elektron məlumat bazası hazırlanıb.

Məlumat üçün bildirək ki, Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabrın 22- də Şəkinin Oxud kəndində doğulub. 1935-ci ildə Şəkidəki Kənd Təsərrüfatı Texnikumunun zootexnika və aqronomluq fakültəsinə daxil olub. 1938-ci ildə həmin texnikumu aqronom ixtisası üzrə bitirib. İxtisası üzrə işləyib. Böyük Vətən müharibəsi bir çox gənc kimi onun da arzularını yarımçıq qoyub. Ə.Cəbrayılov könüllü olaraq cəbhəyə yollanıb. Öncə Orconikidze diyarının Nevinnomısk şəhərindəki aviasiya məktəbində hazırlıq keçən gənc Əhmədiyyə bir neçə ay davam edən kurs­lardan sonra kiçik leytenant rütbəsi alıb. Onu Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bom­bardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin ediblər. 1942-ci ilin aprelində Ə.Cəbrayılov Ukraynanın Donbas şəhərinə göndərilirb və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunub. Bu polkun tərkibində o, Ukraynanın Barvinki- Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi xüsusi bacarığa görə ona baş leytenant rütbəsi verilib.

1942-ci ilin aprelində Kursk ətrafında gedən gərgin döyüşlərin birində ağır yara­lanan Əhmədiyyə Cəbrayılov almanlara əsir düşüb.

1943-cü ildə həbs düşərgəsi komendantının qulluqçusu – madam Jan­nanın köməyi ilə fransız vətənpərvərləri almanla­rın diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evinin zirzəmisinə gətiriblər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq qərarına gəlib və özünü buna hazır he­sab edib. Fransız dilini öyrənib, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizanlarla əlaqəyə girib, müqavimət hərəkatının kapitanı Delp­lankın (ləqəbi “Düma”) rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olub. Əhmədiyyə Cəbrayılovun giz­li fəaliyyət ləqəbləri “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Ar­med” və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına böyük məbləğdə mükafat təyin etmişdilər.

1944-cü il mayın 22- də Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçiriblər. O, bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apar­dığı bütün döyüşlərdə iştirak edib. 1944-cü il avqustun 19-da Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılıb.

1944-cü il avqus­tun 20-də azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşüb. Müqavimət hərəkatında De Qoll Əhmədiyyəyə bir çox gizli əməliyyatları həvalə etmişdir.

Fransa təmamilə iş­ğaldan azad olunduqdan sonra Əhmədiyyə bir müddət həmin ölkədə qalır. 1946-cı ildə o, qəti qərara gəlir ki, Vətəninə qayıtsın. Fran­sa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərilə, o cümlədən şəxsi igidliyə görə “hərbi medal”la təltif olunur (bu medalı olan sıravi əsgərə hərbi paradda gene­raldan irəlidə addımlamaq hüququ verilir).

1946-cı il noyabrın 25- də Şarl de Qollun köməyi ilə Əhmədiyyə Cəbrayılov SSRİ-yə qayıdır. Lakin, əfsuslar olsun ki, o burada vətən xaini kimi qəbul edilir və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün fəxri qonaq qismində Parisə dəvət olunur. Həmin mərasimdə 10 dəqiqəlik çıxış edir.1994-cü il yanvarın 6-da isə Əhmədiyyə Cəbrayılova “Fəxri Legion” ordeni təqdim edilir. O, 10 oktyabr 1994-cü ildə Şəkidə yol qəzası zama­nı həlak olub.

Bunlar Əhmədiyyə Cəbrayılovun tərcümeyi- ha­lından qısa detallardır. Oxu­cularımız Milli Kitabxananın hazırladığı Elektron məlumat bazasından onun haqqında müfəssəl məlumatlar əldə edə bilərlər.

Elektron məlumat bazası “rəsmi sənəd”, “əfsanələşən partizan ömrü”, “mükafat­ları”, “haqqında nəşrlər”, “xatirəsinin əbədiləşdirilməsi”, “fotoqalereya və videoqale­reya” bölmələrindən ibarətdir. Elektron məlumat bazasın­dakı resurslar tam mətni ilə təqdim olunur. Onunla tanış olmaq istəyənlər http://anl. az/el/emb/E.Cebrayilov100/ index.html linkindən istifadə edə bilərlər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

23 Sentyabr 2020 00:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə