Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixçi alimin erməni vandalları ittiham çağırışı

Xəbər verdiyimiz kimi, erməni işğalçılar Ağdamda yerləşən tarixi memarlıq abidələrimizi və mülki evləri saxtalaşdırma siyasəti yeridirlər. Arxeoloji qazıntılar nəticəsində tapılmış bu abidələr beynəlxalq aləmdə erməni xalqına məxsus kimi tanıdılır. Xüsusilə, Azıx mağarasında son illərdə aparılan arxeoloji qazıntıların məhz Azərbaycan tarixini saxtalaşdırmağa, tarixin erməniləşdirilməsinə xidmət etdiyi hər kəsə məlumdur.

Tarixçi-alim Firdovsiyyə Əhmədova mediaya açıqlamasında bununla bağlı kəskin etirazını bildirib: “Ermənilərin, Azərbaycan mədəniyyət nümunələrini “özününkiləşdirmə” siyasəti artıq otuz ildir ki, davam edir. Torpaqlarımızın işğal olunmasından öncə  burada yaradılmış qondarma erməni dövləti, bizə məxsus arxeoloji, tarixi abidələri mənimsəməyə, erməni dövlətinin maddi mədəniyyət nümunələri kimi dünyaya əks etdirməyə çalışıblar. Bu hadisəni kütləvi informasiya vasitələri ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıblar.

Onlar bizim torpaqlarımızda yerləşən mülki evlərdə vandalizm aktları keçirməklə yanaşı,  bizim unikal memarlıq abidələrimizi saxtalaşdırırlar, üstündən türk-islam elementlərini silməyə cəhd edirlər. Arxeoloji qazıntılar aparmağa ixtiyarları olmadığı halda, abidələri beynəlxalq aləmdə erməni-xristian mədəni irsi kimi tanıdırlar”.

Alim bildirib ki, nəhayət, belə vandallığa və saxtakarlığa biganə qalmaq mümkün deyil:

 “İlk növbədə, bu abidələrin Azərbaycan xalqına məxsus arxeoloji tapıntı olmasının beynəlxalq səviyyədə təsdiqlənməsinə nail olmaq lazımdır.  Bundan sonra, arxeoloji qazıntıların dayandırılması haqqında beynəlxalq konvensiyalara söykənən maddələrdən çıxış edərək addımlar atılmalıdır.  KİV-dən tutmuş dövlət orqanlarına qədər hərkəs buna birmənalı olaraq etiraz etməlidir”.

R.TAHİR,
“Xalq qəzeti”

22 Sentyabr 2020 15:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə