Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qara qızıl” yaxşı yaşamaq üçün vasitədir...

Ümummilli lider Heydər Əliyev tərəfindən for­malaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı bu gün beynəlxalq enerji bazarlarında birbaşa iştirak­çıya çevirib. Bu müqavilə həm karbohidrogen ehti­yatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanılan ən iri sazişlərdən biridir. Əminliklə demək olar ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqilliyini yenicə bərpa etmiş çağdaş Azər­baycan Respublikasının tarixində yeni eranın başlanğıcı qoyulub. Azərbaycanın gələcək uğurlu inkişafının siyasi və iqtisadi bazasının formalaşdırılmasına başlanılıb. Bu gün əldə edilmiş önəmli uğurların əsasında məhz 1994-cü ilin sentyabrında ümummilli lider Heydər Əliyevin böyük səyləri sayəsində gerçəkliyə çevrilmiş “Əsrin müqaviləsi” və onun uğurlu icrası amili dayan­maqdadır. “Əsrin müqaviləsi”nin XXI əsrdəki icraatı prosesində yaxud yeni proseslərin başlanması ilə, xüsusilə qaz ehtiyatlarının kəşf edilməsi, yeni yataqların istismara cəlb edilməsi ilə ölkə iqtisadiyyatında yeni səhifələr açılıb.

1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə dol­durulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. Bu neftin satışından əldə edilən valyuta dövlət başçısının fərmanı ilə 1999-cu il dekabrın 29-da yaradılan Dövlət Neft Fonduna (ARDNF) daxil edilib. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrilib.

Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Qlobal arenada enerji təchizatçısı kimi respublikamızın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmlənib. Geosiyasi mövqelərimizin güclənməsi ilə yanaşı, bu müqavilə, eyni za­manda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi pozitiv təsirlər göstərib. “Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaq­la xarici investisiya axınını sürətləndirib. Bu investisiyaların böyük bir qismi ener­ji sektoruna yönəldilsə belə, ölkə iqtisadiyyatının digər sfe­ralarına və işsizlik kimi sosial problemlərə də müsbət mənada təsirsiz qalmayıb.

Beləliklə, 1994-cü ildən başlayaraq, Azərbaycan qlobal enerji bazarının ən böyük aktorları ilə rəsmi şəkildə əməkdaşlığa baş­layıb. Atəşkəs sazişi və “Əsrin müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandı­rılıb və 1995-ci ildən başlayaraq, tərəqqi meyilləri müşahidə edilib. Əgər ölkə iqtisa­diyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiya­nın sonu olub. Sürətli inkişaf  nəticəsində Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə dünya bazarlarına çıxıb və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkan­ların genişlənməsində – büdcə gəlirlərinin artmasında ciddi rol oynayıb. Qeyd edək ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır və bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır.

Sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavo­dunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Prezident İlham Əliyev televiziyalara müsahibəsində müstəqillik dövründə Azərbaycan neftinin respublikamızın sosial-iqtisadi sahələrinin inkişafında əhəmiyyətli rol oynamasından bəhs edərək deyib: “Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün baş­qa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımız­da qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir…”.

Bəli, müstəqillik dövründə, xüsusilə son 17 ildə neftdən gələn gəlirlər hesabına Azərbaycanda nəhəng infrastruktur layihələri real­laşdırılıb. Məhz elə bunun nəticəsidir ki, Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11–12-ci yerlərə layiq görüb. Dövlətimizin başçısısının bildirdiyi kimi, ölkəmizdə neft gəlirlərindən çox səmərəli istifadə edilir, bu gəlirlər qorunur və ordumuzu gücləndirir. Bunlar müstəqilliyin üstünlükləridir. Kimlərsə, hansısa nostalgiyaya görə keçmiş dövrləri “məhəbbətlə” xatırla­ya bilər. Amma müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərdin addımını dövlətimizə xəyanət hesab etməliyik. Müstəqillik bizim əsas dəyərimizdir və biz gücümüz, qüdrətimiz müstəqilliyimizi daha möhkəm edir.

Prezident İlham Əliyev müsahibəsində neft hasilatı nəticəsində yaranan ciddi ekoloji problemlərin həlli istiqamətində reallaşdırılan tədbirlər barədə, eyni zamanda, ölkəmizin neft-qaz sek­torunda həyata keçirilən layihələrin icra vəziyyəti haqqında da ətraflı bəhs edib. Qeyd edək ki, “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350--360 milyard kubmetr qaz ehtiyatları vardır. Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir.

Artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı sürətli inkişaf yolundadır. Bu kontekstdə “Yeni əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək ki, bu da nəticə etibarilə ölkəmizə xarici val­yutanın daxil olması baxımından vacibdir.

Dövlət başçımızın bununla bağlı fikirlərini xatırlatmaq yerinə düşər: “Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapita­lına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik”.

Məşhur MƏMMƏDOV,
Milli Məclisin deputatı

22 Sentyabr 2020 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə