Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan bu özbaşınalığına görə mütləq layiqli cavabını alacaq

“Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində xarici havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Təcavüzkar siyasət aparan Ermənistan işğal altında olan ərazilərdə yaradılan separatçı rejimə hərtərəfli dəstək verməklə yanaşı, mövcud status-kvonun saxlanmasından ötrü min bir oyundan çıxır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində dalana dirənib. Təbii ki, Azərbaycan ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Dövlətimizin mövqeyi qətidir: mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin  müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirdi.

Deputat  dedi ki,  ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin çox mühüm strateji istiqamətlərindən birini hücum diplomatiyası təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziya kanallarına  müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli  ilə bağlı mühüm bəyanatlar verdi.

S.Fətəliyevanın sözlərinə görə, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və  mövcud status -kvonu saxlamaq üçün təxribatlara əl atır. Terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi isə beynəlxalq müharibə cinayətidir.  Deputat qeyd etdi ki, Ermənistan bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üstündən xətt çəkir: “ İşğalçı ölkə bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda, təcavüzkar ölkə  indiyə qədər  öz təxribatçı əməllərindən geri çəkilmir.

Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənədin olduğunu xatırladan S. Fətəliyeva  BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamə və sənədlərin hər kəsə yaxşı məlum olduğunu dedi. Lakin Ermənistan bu sənədlərin heç birinə məhəl qoymur və öz qanunsuz əməllərini davam etdirir. Təəssüfləndirici amil isə ondan ibarətdir ki,  həmin beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu  işğalçı ölkəyə heç bir təzyiq  göstərmir. Ermənistan isə bu cəzasızlıqdan daha da həsızlaşaraq  növbəti cinayətlərə, qanunsuzluqlara və təxribatlara əl atır: “Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti təxribatlara və müharibəyə hazırlaşır. Dövlətimizin başçısı İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələni də qeyd edərək, Ermənistana layiqli cavab veriləcəyini vurğuladı. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək. Dövlətimizin başçısı  qeyd edib ki, Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik”.

Deputat  vurğuladı ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır: “Bu gün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, öz torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır. Həmçinin, Azərbaycanın güclü ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunu  həm 2016 – cı ilin Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiqləyir. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacq. Torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğaldan azad ediləcək və məcburi köçkün soydaşlarımız  öz doğma yurdlarına qayıdacaqlar”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

22 Sentyabr 2020 10:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə