Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf mərhələsinə qədəm qoyur

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə uğurla davam etdirilir, ölkəmizdə məqsədyönlü islahatlar və müxtəlif sahələrdə irimiqyaslı komlpeks layihələr həyata keçirilir.

Azərbaycanın regionlarında müasir infrastruktur yaradılması geniş vüsət alıb. Regionların inkişafın­dan danışarkən ilk növbədə dövlət başçımızın müvafiq Fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisa­di inkişafı dövlət proqramları xüsusi qeyd edilməlidir. Uğurla həyata keçirilmiş bu proqramlarda regionların mövcud təbii və iqtisadi potensialından səmərəli istifadə, aqrar-sənaye sektorunun inkişafı, müasir istehsalat müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması kimi məqamları qeyd etmək olar.

Bu gün Daşkəsən rayonun­da iki böyük metallurgiya sənaye müəssisəsinin – “Çovdar” filiz emalı sahəsinin uğurlu fəaliyyəti və “Dəmir filizi yataqları”nın müasir formada is­tismara qəbul edilməsinə dair görülən işlər rayonumuzda beynəlxalq stan­dartlara uyğun modern infrastruktur yaradacaq, eyni zamanda rayonda işsizliyi tamamilə aradan qaldırıl­maqla ölkəmizə davamlı iqtisadi gəlir gətirəcəkdir.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə mən 2011-ci ildə Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən gündən başlayaraq, ilk növbədə, rayondakı mövcud vəziyyət düzgün təhlil olundu, nöqsanlar, çatışmaz­lıqlar yerlərdə araşdırıldı, sovetlər dövründən bəri yığılıb-qalmış problemlərin həlli, rayonun inkişafı üçün 53 bənddən ibarət kompleks bir layihə olan “Yeni Daşkəsən” layihəsi peşəkar ixtisaslaşmış alimlər tərəfindən elmi əsaslarla işlənib hazırlandı. Rayonda həlli vacib olan bütün məsələləri özündə əks etdirən “Yeni Daşkəsən” layihəsi hazırlanarkən ayrı-ayrı məsələlərə dair aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların rəhbərləri, ra­yonun ziyalıları və ağsaqqalları müzakirələrə dəvət olundu və onların da fikirləri nəzərə alınaraq layihəyə daxil edildi. Layihədə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli əsas vəzifə kimi qarşıya qoyul­du. Beləliklə, “Yeni Daşkəsən” layihəsi rayonun özünün yeni inkişaf mərhələsinə daxil olması üçün zəmin yaratdı, yaşayış məntəqələrinin sima­sını dəyişməklə insanların həyatına böyük rahatlıq gətirdi.

Belə ki, 2014-cü il oktyabrın 17-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etdilər. Həmin səfər çərçivəsində dövlət başçımız son illər ərzində rayonumuzda tikilmiş Heydər Əliyev Mərkəzinin, Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, avtovağzal komplek­sinin, gənclərin təlim və istirahət mərkəzinin açılışlarında iştirak etdi, səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb oldu, onların qurub-yaratmaq əzmini daha da artırdı, in­sanlara ruh yüksəkliyi gətirdi. Səfər zamanı çox hörmətli Prezidentimiz Daşkəsəndə görülən işləri yüksək qiymətləndirdi, öz tövsiyə və tapşı­rıqlarını verdi. Cənab Prezidentin bu tapşırıqları bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil etdi.

Son 10 il ərzində möhtərəm Prezidentimizin iştirak etdiyi inzibati binalarla yanaşı, aşağıdakı bir sıra yeni tikinti-quruculuq işləri görül­müşdür. Belə ki, Daşkəsən rayon Mərkəzi xəstəxanasının yeni inzibati binası istifadəyə verilmişdir. Rayo­nun girəcəyində Bayraq meydanı və istirahət parkı yaradılmışdır. Əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yeni yaşayış binası və fərdi yaşayış evləri tikilmişdir. Bayan kəndi ərazisində iki dəmir yolu körpüsü əsaslı təmir edilmiş, 2 körpü tikilmişdir. Daşkəsən şəhərinin bütün küçələrinə yeni asfalt örtüyü salınmış, istinad di­varları və səkilər yenidən qurulmuş, bütün çoxmərtəbəli yaşayış binala­rının dam örtükləri metal lövhələrlə əvəzlənərək dəyişdirilmişdir.

Rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə fasiləsiz təminatının yaxşılaşdırılması üçün ayrı-ayrı ünvanlarda yeni elektrik yarımstansiyaları tikilmiş, SİP-ləşmə aparılmış, müasir transformatorlar quraşdırılmışdır. Hazırda Xoşbulaq kəndi ərazisində yeni elektrik yarıms­tansiyasının tikintisinə başlanılmışdır.

Çoxsaylı ümumtəhsil müəssisələrində təmir-tikinti işləri aparılmış, o cümlədən 21 məktəb yenidən inşa olunmuş, uşaq bağ­çalarında əsaslı təmir-bərpa işləri görülmüşdür.

Daşkəsən şəhərinin su-kanalizasiya sistemləri yenidən qurulmuş, Sukanal idarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Rayonda yol infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin sərəncamları əsasında 47,4 kilometr uzunluğu olan Gəncə–Daşkəsən-Xoşbulaq, 27,3 kilometr uzunluğu olan Zağalı–Kollu–Çıraqlı, 25 kilometr uzunluğu olan Daşkəsən-Əmirvar–Qabaqtəpə avtomobil yolla­rının tikintisi başa çatdırılıb, hazırda 20 kilometr uzunluğu olan Quşçu–Çovdar–Çaykənd avtomobil yolunda son tamamlanma işləri görülür.

Rayonda qazlaşdırma geniş vüsət almışdır. Rayonunun 49 yaşayış məntəqəsindən rayon mərkəzi daxil olmaqla, 5 qəsəbə və 7 kənd yaşa­yış məntəqəsi artıq qazlaşdırılmış­dır. Hazırda rayonun ucqar dağlıq ərazisində yerləşən Aşağı Daşkəsən və Kəmərqaya kəndlərinə təbii qaz xəttinin çəkilişləri davam etdirilir.

Çovdar qızıl zavodu beynəlxalq standartlara uyğun müasir formada tikilərək istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2020-ci il tarixli sərəncamı ilə Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazır­lanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 (üç) milyon manat ayrılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırılmışdır.

Daşkəsən rayonu respublikamızın mühüm mədən-filiz, sənaye rayon­larındandır. Rayon ərazisində zəngin dəmir, alunit, mərmər, qızıl, gümüş, qranit, əhəng və s. bu kimi faydalı filiz yataqları vardır.

Məlumat üçün bildirim ki, 1954-cü ildən fəaliyyətə başlamış Daşkəsən Dağ-Mədən Filizsaflaşdır­ma Kombinatının (hazırda “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti) yaradılması ilə əlaqədar Daşkəsən sürətlə inkişaf etmişdir.

Kombinatın Filizsaflaşdır­ma fabriki 1954–1970-ci illərdə, elektromaqnit üsulu ilə, quru halda 53,5 faizli dəmir konsentratı istehsal etmişdir. 1969-cu ildə yaş üsulla, 60 faizli dəmir filiz konsentratı almaq üçün filizsaflaşdırma fabrikində yenidənqurma işləri aparılmışdır. 1970–1972-ci illərdə həm quru, həm də yaş üsulla konsentrat istehsal olunmuşdur.

Həmin məhsul uzunluğu 4 km olan asma-hava kanat yolu ilə Quşçu qəsəbəsinə, oradan Gürcüstan Respublikasının Rustavi metallurgi­ya zavoduna, Qaradağ ağırlaşdırıcı məhlul zavoduna və Bolqarıstana daşınmışdır. Fabrikin su ehtiyacını ödəmək üçün Qoşqar çayı üzərində 4 milyon kub metr tutumu olan su anbarı və işlənmiş texnoloji sudan təkrar istifadə üçün qurğu tikilmişdir. Kombinat ildə 2,55 milyon ton dəmir filizi və həmin filizdən 1,15 milyon ton dəmir konsentratı istehsal etmək imkanına malik olmuşdur.

1957-ci ildə müəssisənin adı dəyişdirilərək “Azərbaycan Dağ-Mədən Kombinatı”, 1959-cu ildən isə “Azərbaycan Dağ-Mədən Filisaf­laşdırma Kombinatı” adlandırılmış­dır. Respublika Əmlak Nazirliyinin 30 aprel 2002-ci il tarixli, 219 saylı sərəncamı ilə “Daşkəsən Filizsaf­laşdırma” Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir.

“Daşkəsən Filizsaflaşdırma” ASC uzunmüddətli fasilədən sonra əsaslı təmir olunaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 31 oktyabr 2006-cı ildə yenidən işə salınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksi yaradıl­mışdır. Sərəncama əsasən, səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İsteh­salı Kompleksinə daxil edilmiş və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilmişdir.

Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağ­lamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haq­qında Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamına əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaf­laşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilmiş və bu məqsədlə Azərbaycan Respub­likasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi bu günə kimi başa çatdırılmamışdır.

Hazırda “AzerGold” QSC Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geo­fiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlamışdır.

Məlumat üçün bildirim ki, proq­ram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araş­dırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıq­dan sonra dövlətə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standart­lara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrıl­mışdır.

Xatırladım ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib.

Sovetlər dövründə Daşkəsən rayonu ərazisində 269 milyon ton dəmir filizi ehtiyatı göstərilsə də ha­zırda 540 milyon tondan çox olduğu ehtimal edilir. Yeni yanaşma ilə ehti­yatların həcmi daha artıq olacaqdır.

Rayonumuzda 2012-ci ildə tikintisinə başlanmış ölkəyə iqtisa­di gəlir gətirən Çovdar filiz emalı sahəsindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə biz tanışıq və hərtərəfli məlumatımız var.

Hazırda bu müəssisə ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və işsizliyin ara­dan qaldırılmasına səbəb olmuşdur. Sevindirici haldır ki, rayon sakinləri orada işləyərək yüksək əmək haqqı alırlar. Bu gün “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq dərəcəli mədənçilik şirkətinə çevril­diyini görürük. Qürur hissi ilə bütün görülən işlərə görə ölkə rəhbərinə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu “AzerGold” QSC ya­radılmış və 26 may 2016-cı il tarixli sərəncamı ilə “AzerGold” QSC-nin idarə heyətinə respublikada işgüzar­lığı ilə yaxşı tanınmış iş adamı Zakir İbrahimov sədr təyin edilmişdir.

Bu müəssisələrdə görülən işlər və gələcək perspektivlər barədə “Azer­Gold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri hörmətli Zakir İbrahimovla tez-tez əlaqə saxlayırıq. Rayonda uzun müddət problemli olan məsələləri birgə həll edirik. Buna görə də hörmətli Zakir müəllimə təşəkkür edirik.

2016-cı ilin iyul ayından hörmətli Zakir İbrahimov fəaliyyətə baş­layandan sonra “AzerGold” QSC qısa müddət ərzində bir sıra çox əhəmiyyətli işlərin görülməsinə nail olunmuşdur. Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çov­dar qızıl emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilmiş, optimallaşdırmış, istehsalat 24 saatlıq iş rejiminə keçirilmiş, hasilat işlərinə başlanmışdır. Ərazidə ekoloji taraz­lığın qorunması üçün 6 mindən artıq ağac və kol əkilmiş və həmin əraziyə gedən yol və körpülərlə bağlı yüksək səviyyədə böyük işlər görülmüşdür. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün lazımi işlər görülmüş və beynəlxalq standartlara uyğun müasir infrastruk­tur yaradılmışdır.

Birmənalı olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə Daşkəsənin dəmir filizi mədənləri də Çovdar qızıl mədəni kimi müasir bir istehsalat sahəsinə çevriləcəkdir.

Dəmir filizi yatağının yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda möv­qeyinin güclənməsinə səbəb olacaq. Ölkəmizdə qara metallurgiyanın əsas sütunu sayılan dəmir filizi yatağının istismarının tezliklə işə başlaması həm rayonda işsizliyin tamamilə ara­dan qaldırılmasına, həm cəbhə boyu zonada yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunma­sına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli olan bəzi məsələlər öz həllini taparaq Daşkəsən regionda inkişaf etmiş bir rayona çevriləcəkdir. Biz də rayon ərazisində olan hər iki müəssisənin yenidən işə başlaması və fəaliyyəti üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Prezident İlham Əliyevin humanist siyasətinə, atdığı ad­dımlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşı­rıq və tövsiyələrinə uyğun olaraq Daşkəsəndə birlik və həmrəyliyə çağıran müxtəlif sosial kampaniyalar təşkil olunaraq aztəminatlı ailələrə, ahıl sakinlərə maddi yardımlar edilir, ərzaq bağlamaları verilir, vətəndaşlara evlərdə sosial-məişət xidmətləri göstərilir, xüsusi karan­tin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniya­sı çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir. Demək olar ki, ərazidə yaşayan bütün aztəminatlı, tənha, köməyə ehtiyacı olan insanlara İcra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına ərzaq yardımları edilmiş, müraciət edənlərə dəstək göstərilmişdir.

Görülən işlərin nəticəsinə görə çox sevindirici haldır ki, sərt karantin rejimi tətbiq olunmuş Gəncə şəhəri və Göygöy rayonu ilə həmsərhəd, qonşu olmasına baxmayaraq bu gün Daşkəsəndə koronovirus xəstəliyinə yoluxmuş şəxs yoxdur.

Daşkəsənlilər hər zaman onların qayğısına qalaraq insanların rifahı üçün yorulmadan çalışdıqlarına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Əhəd ABIYEV,
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

 

22 Sentyabr 2020 02:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə