Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Terrorçuların Qarabağa köçürülməsi Ermənistanın yeni müharibə şəraiti yaratmaq planlarını ifşa edir

İraq, Suriya və Livandan, habelə digər müharibə və fəlakət zonaların­dan ermənilərə dəstək adı altında artıq beşinci ildir ki, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürülmələri davam edir. Əlbəttə ki, bu fakt özlüyündə işğal edilmiş ərazilərə dair beynəlxalq konven­siyalara ziddir. Lakin beynəlxalq ictimaiyyətdən nəinki Qafqazın, eləcə də yaxın region ölkələrinin təhlükəsizliyini təhdid edə biləcək daha bir cinayətkar proses həyata keçirilməkdədir. Ermənistan işğal edilmiş ərazilərə Yaxın Şərqdən terrorçu qruplaşma­ların yaraqlılarını yerləşdirir.

Bunu AZƏRTAC-a açıqla­masında Yeni Azərbaycan Par­tiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O, bildirib ki, dünya ölkələri, həmçinin BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanı­nan Dağlıq Qarabağda terrorçu­ların yerləşdirilməsi Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin yenidən sərt şəkildə pozulması deməkdir. Deputat bildirib: “Məlumatlara görə, Ermənistanın İraqdakı səfirinin vasitəçiliyi ilə bu ilin yayında Yerevan hakimiyyəti kürd təşkilatları ilə əlaqə qurub və Dağlıq Qarabağda PKK kürd terror təşkilatının yaraqlılarının yerləşdirilməsi haqqında razılaşma əldə edib. Bu razlaşmaya əsasən, İra­qın şimalından yüzlərlə PKK yaraqlısı Azərbaycanın işğal edilmiş əraziləri istiqamətində yola düşüblər. Qarabağa PKK yaraqlılarının köçürülməsi Ermənistanın Azərbaycanla yeni toqquşmalar başlatmaq, xüsusilə də Azərbaycan ilə Türkiyə ara­sında hərbi-texniki əməkdaşlığın genişlənməsindən narahat olan bəzi region dövlətlərinin Qara­bağda yeni müharibəyə rəvac vermək niyyətlərini göstərir”.

“Terrorçuların Qarabağa köçürülməsi Ermənistanın yeni müharibə şəraiti yaratmaq planlarını ifşa edir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, terroristlərin bu əraziyə köçürülməsi iyul ayında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gərginliyin artması­na Ermənistan tərəfinin səbəb olduğunu bir daha sübut edir və bu, özlüyündə Azərbaycanın işğal altında olmayan ərazilərinə birbaşa təhlükədir. “Belə qüvvələrin Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi Ermənistanın münaqişə üzrə mövcud sülh danışıqlarını davam etdirmək niyyətində olmadığını açıq-aşkar göstərir. Çünki PKK döyüşçülərinin Dağlıq Qarabağ­da yerləşdirilməsi Ermənistanın Azərbaycana qarşı növbəti təxribat hazırlıqları içində olması ehtimalını yüksəldir. Bu vəziyyət ATƏT-in Minsk qru­punun təcili surətdə məsələyə müdaxiləsini və Ermənistana xəbərdarlıq etməsini, lazım gəldiyi təqdirdə daha sərt addımların atılmasını tələb edir. Həmçinin bu qüvvələrin Dağlıq Qarabağa gətirilməsi yalnız Azərbaycan üçün deyil, eyni zamanda, bütün region üçün təhlükə törədəcək və region­dakı aparıcı ölkələrin tənqidi münasibət bildirməsi zərurəti yaradır. Əgər Ermənistanın bu cür məsuliyyətsiz hərəkətlərinə zamanında reaksiya verilməsə, sonrakı eskalasiya proseslərinin məsuliyyəti birbaşa Yerevanın üzərində olacaq”.

22 Sentyabr 2020 01:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə