Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda hakimiyyətlə müxalifət qarşıdurması getdikcə güclənir

Son günlər Ermənistanın ictimai-siyasi mühitində gərginlik daha da artıb. Belə ki, Ermənistan parlamentində müxalifətdə olan Çiçəklənən Ermənistan fraksiyası təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə aksiya keçirib. Deputat Ani Samsonyan nazirin istefası tələbi yazılmış şüarı parlamentin iclas zalına keçirməyə cəhd göstərsə də, par­lament sədri Ararat Mirzoyan dəhlizdə ona mane olub və plaka­tın nümayişinə icazə verilməyib.

Parlamentdə müxalifətin nazirə istefa tələbi

İclasda çıxış edən Ani Samsonyan parlamentin sədrinə məsələ ilə bağ­lı şikayət edib və tədbir görülməsini istəyib. O, tələbləri yerinə yetirilməzsə, parlament rəhbərliyinin addımını müxalifətin sıxışdırılması kimi qiymətləndirəcəyini bildirib. Fasilədən sonra deputatın tələbinə əməl edilib.

Lakin parlament önündə nazirin istefasını tələb edən bir qrup aksiyaçı­nın toplaşması və eləcə də məsələ ilə bağlı bir sıra müxalif yönlü deputatların jurnalistlərə açıqlamalarında fikirlərini əsaslandırması onu deməyə əsas verir ki, iqtidar və müxalifət dialoqunda fikirlər getdikcə haçalanır.

Bildirilib ki, Çiçəklənən Ermənistan Partiyası nazirin istefası tələbi ilə parla­mentin binası qarşısında daha bir aksiya keçirmək niyyətindədir. Çiçəklənən Ermənistan fraksiyasının üzvü Ani Samsonyan jurnalistlərə müsahibəsində təhsil, elm, mədəniyyət və idman nazirinin Paşinyanın adamı olduğunu bildirib, ona görə də təhsildə və digər sahələrdə baş verən qanunsuz əməllərə görə tədbir görülmədiyini vurğulayıb. Parlamentdə çıxış edən həmin fraksiya­nın digər üzvü Naira Zöhrabyan isə ilk dərs günü məktəbə gedən birincilərin bədən hərarətinin yoxlanılmasını əks etdirən fotoları nümayiş etdirərək nazirə etiraz edib. Şəkildə məktəblilər əllərini yuxarı qaldıraraq bir-birindən aralı düzülüblər. Deputat uşaqların bu vəziyyətini hərbi əsirlərlə müqayisə edib: “Uşaqları hərbi əsirlər kimi belə düzmək nə deməkdir? İlk dərs günündə bunlarmı yadda qalacaq uşaqların yaddaşında?”

Paşinyan hökuməti və “Çiçəklənən Ermənistan” fraksiyası arasında gərginlik

Gərgin ab-havada keçən müzakirələrin fonunda Paşinyan müxalifət partiyasının rəhbəri, milyon­çu, “Çiçəklənən Ermənistan” Partiyası və parlament fraksiyasının başçısı Qaqik Sarukyanın keçmişdəki əməlləri ilə bağlı feysbukda paylaşım edib. Baş nazir fraksiya rəhbərini vaxtilə kilsənin ərazisində qrup halında zorlama əməli törətməkdə ittiham edib: “Təhsli naziri ilə razılaşmamaq olmur: əvvəlcə bir əcnəbi qadını kilsəni göstərməyə dəvət edirsən. Bundan sonra çavuş işləyərkən həmin qonaq qadını qarət edir, qrup şəklində zorlayırsan. Bütün bunlardan sonra millət adından milli dəyər və maraqların təmin olunmasın­dan danışırsan”.

Bir vaxtlar eyni siyasi yolda irəliləyən Paşinyan və Sarukyanın münasibətləri “Çiçəklənən Ermənistan” Partiyasının rəhbərinin Paşinyanın apardığı siyasəti tənqid etməsi ilə daha da gərginləşdi və bu tənqid partiya rəhbərinin əmlaklarında axtarış və onun saxlanıl­ması ilə nəticələndi.

Qeyd edək ki, deputat Qaqik Saruk­yan 1979-cu ildə qrup şəklində zorla­maya görə mühakimə edilsə də, SSRİ dağıldıqdan sonra məhkəmə ona bəraət qazandırıb. Bu faktın parlamentdə baş verən müzakirələrin fonunda yenidən gündəmə gətirilməsi onu göstərir ki, tənqidi fikirlərə əhəmiyyət verməyən Paşinyan müxtəlif üsullarla özünə rəqib hesab etdiyi şəxsləri neytrallaşdırmağa çalışmaqdadır.

Q.Sarukyanın keçmişi ilə bağlı bu cinayətin Ermənistanın təhsil, elm, mədəniyyət və turuzm naziri Araik Arutyunyanın istefasını tələb edən “Çiçəklənən Ermənistan” Partiyasının üzvlərinə müraciətdə yada salınması Paşinyanın hakimiyyətinin qorunub saxlanmasına xidmət edir.

Erməni ekspert: Ermənistanın informasiya resursları hər zamankından zəifdir

Parlament müzakirələrində Azərbaycan–Ermənistan sərhədində vəziyyətdən söhbət açılıb. Ermənistanın Müdafiə naziri deputatlar önündə çıxış edərkən Azərbaycan Silahlı Qüvvələrinin gücləndirmə işləri apar­dığını bildirib. O, son günlərdə erməni hərbi qulluqçusunun ölümünü xatırla­daraq, iyul döyüşlərindən sonra To­vuz istiqamətində gərginliyin daha da artdığını etiraf edib. Nazir Ermənistan tərəfindən Azərbaycana qarşı müvafiq tədbirlər görüləcəyini bəyan etməklə vəziyyətdən çıxmağa çalışıb.

Son günlər Ermənistanla Azərbaycan sərhəddində, eləcə də qoşunların təmas xəttində yerləşən mövqelərimizin erməni silahlı qüvvələri tərəfindən pulemyot və snayper tüfənglərindən atəşə tutul­ması qarşı tərəfin yenə də vəziyyəti gərginləşdirməyə cəhd etdiyini göstərir. Bu təxribat xarakterli atəşkəs pozun­tularına baxmayaraq, Ermənistan or­dusunda, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi hissələrdə real vəziyyət ara-sıra KİV-ə və sosial mediaya sızan məlumatlarda öz əksini tapır. Ermənistan KİV-də yayılmış məlumata görə, bu yaxın­larda Ağdərə yaşayış məntəqəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində hərbi qulluqçular arasında kütləvi dava baş verib. Artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqavilə əsasında xidmətdə olan hərbçilər ara­sında baş vermiş mübahisə sonradan davaya çevrilib. Nəticədə, beş nəfər xəsarət alıb. Komandanlıq hadisəni ört-basdır etməyə çalışsa da, buna nail ola bilməyib. Sonra davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur olub.

Qarabağ həqiqətləri, Ermənistanın illərdir beynəlxalq hüququ poza­raq, işğalçılıq siyasətini davam etdirməsi istər regional, istərsə də beynəlxalq səviyyədə daim Azərbaycan tərəfindən müxtəlif görüşlər və tədbirlərdə gündəmdə saxlanılır. Tovuz təxribatlarından sonra müxtəlif informa­siya platformalarında ermənilərin ifşası güclənib. Mediada aparılan səmərəli və məqsədyönlü iş həqiqətlərin daha çox auditoriyaya çatmasına xidmət edir. Bu amil işğalçı ölkənin ekspertləri tərəfindən məyusluq və narahatlıqla qarşılanır. Belə olmasaydı, erməni po­litoloq Vigen Hakobyan Azərbaycanın bu üstünlüyünü etiraf etmiş olmazdı. O deyib: “Azərbaycanlılar internetdə aktiv anti-təbliğat aparırlar, lakin bizim halımızda Ermənistanın hazırkı hakimiyyətinin bu sahədə passivliyi olduqca təhlükəlidir. Ermənistanın informasiya müharibəsində uğur qazanmağa yönəlmiş olan dövlət təbliğat resursları indi hər zaman­kından daha zəifdir. Son dövrdə Azərbaycanda turistlərə kuponlar verilir və bu kuponlarda yazılıb ki, Qarabağ Azərbaycandır, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olu­nub. Bu, təbliğat mexanizmidir.”

Ə.ƏLƏSGƏRLİ, “Xalq qəzeti”

22 Sentyabr 2020 01:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə