Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan regional sabitlik üçün ciddi təhlükə mənbəyidir

Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində uğurlarımız çoxalır, özəl sektorun fəaliyyətinə geniş imkanlar yaranır, ölkə iqtisadiy­yatında qeyri-neft sektorunun xüsusi çəkisi durmadan artır. Bu zaman Azərbaycanın nəinki ölkələr, hətta qitələr arasında nəqliyyat- logistika mərkəzlərindən birinə çevrildiyini də xüsusilə vurğulamaq gərəkdir. Bütün bunlar ölkəmizin iqtisadi imkanlarını artırdıqca kənardan baxan bədxahlar daha da aqressivləşir.

Günün reallığıdır ki, bu gün Ermənistan ictimaiyyətində “Biz nə vaxta qədər kənardan gələn göstərişləri yerinə yetirərək ən yaxın qonşularımızla düşmən olacağıq?” – sualını verənlər təkcə təqib olunmur, həm də ciddi işgəncələrə məruz qalırlar. Məhz həmin qüvvələrin – kənardan göstəriş verənlərin İrəvan rəhbərliyinə barmaq silkələməsinin nəticəsidir ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan da­nışıqlar, sözün həqiqi mənasında, da­lana dirənib. Münaqişənin həllinə nail olmaq üçün yaradılmış Minsk qrupu boş, mənasız və cəfəng bəyanatlar verməklə öz işini bitmiş hesab edir, maraqlı qüvvələr isə Ermənistanın daha da aqressivləşməsinə nail olmaq üçün onu hər gün silahlandırırlar. Azərbaycan xalqı, türk dünyası, İslam ölkələri və Qoşulmama hərəkatı isə yaranmış bu vəziyyətdən ciddi şəkildə narahat olur, öz haqq səslərini ucaldırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edəndən sonra Azərbaycan Televizi­yasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibədə bu məsələlərə olduqca geniş yer verilmişdir. Prezident açıq şəkildə bildirdi ki, mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm: “Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir... Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıq­larda iştirak etməyəcəyik... Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danı­şıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu ad­dımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər”.

Xatırladaq ki, Ermənistanın əvvəlki rəhbərləri işğalçılıq əməlləri ilə ölkə əhalisini və regionu qanlı müharibənin girdabına atmışdısa, indiki rəhbərlik də, məsuliyyətsiz bəyanatları, düşünülməmiş addım­ları, cəfəng müsahibələri və sərsəm çıxışları ilə bu ölkəyə terrorçu və təxribatçı “statusu” qazandırıb. Heç kəsin yadından çıxmayıb, keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurmuşdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaymağa çalışmışdı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir: “Əgər o, hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, – halbuki bütün dünya bu cəfəng fikri rədd edib, – onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi”.

Bu gün bəzi qüvvələr, sözün həqiqi mənasında, Ermənistanı müharibəyə şirnikləndirirlər. Onlar elə bilirlər ki, bu halda rəsmi Bakı öz milli və dövlət maraqlarının hansı istiqamətlərindənsə imtina edəcək. Ancaq elə deyil. Bu, baş verməyəcək. Çünki bu gün həm Azərbaycan əvvəlki illərə nisbətən qat-qat güclü­dür, həm türk dünyası Azərbaycanı işğalçı və qaniçən düşmənlə mübarizədə tək qoymayacağını dəfələrlə bəyan edib, həm də işğal olunmuş ərazilərimizdəki məscidlərdə inək saxlayan, donuz bəsləyən ermənilər İslam dünyasının bir çox ölkələrinin nifrətini qazanıblar. Yəni xarici havadarların Ermənistanı müharibəyə təhrik etməsi bu kasıb və cırtdan ölkənin məhvinə səbəb ola bilər. Azərbaycan Prezidenti haqlı olaraq İrəvan rəhbərliyinə xəbərdarlıq edir ki, əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq.

Yeri gəlmişkən, bəzi müsəlman ölkələri islamofobiyanın tüğyan etdiyi Ermənistanla hansısa əməkdaşığa maraq göstərsə də, qonşu Gürcüstan dövləti iki ay əvvəl işğalçı ölkənin silahlandırılmasına xidmət edənlərin təklifini rədd etmiş, Azərbaycana olan dostluq münasibətinə sadiq olduğunu bildirmişdir. Dövlət başçı­mızın da dediyi kimi, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə, Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır: “Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gür­cüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu yaxınlarda bizim Xarici İşlər nazirimiz Gürcüsta­na rəsmi səfər edəcək”.

Məlum olduğu kimi, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin.

Təəssüf ki, onsuz da ölgün və üzgün olan Ermənistanın ri­yakar xarici siyasətinin ən iyrənc istiqamətlərindən biri də bəzi inkişaf etməmiş müsəlman ölkələrini Türkiyə və Azərbaycana qarşı çıxmağa çağır­masıdır. Çox təəssüf ki, bu namərd – müsəlman aləminə təfriqə salmaq məqsədi daşıyan, fitnəkarlığa uyan ölkələr də tapılır. Prezident sual verir: “Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Mən belə dostlu­ğu başa düşmürəm. Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar... Ermənistan o ölkədir ki, is­lamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideolo­giyanı uşaqlara aşılayırlar”.

Ekspertlərin fikrincə, bu gün Ermənistan rəhbərliyinin yuxusunu ərşə çəkən, onların havadarlarının kürkünə od salan əsas məsələlərdən biri də Azərbaycan – Türkiyə hərbi təlimlərinin keçirilməsi və son zamanlar bu ənənənin daha da intensivləşməsidir. Prezident xatır­ladır ki, bu təlimlər bizə lazımdır, Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır: “Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Onların konstitusiyasında bu, öz əksini tapıb, təsbit edilibdir. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir. Halbuki ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olma­yan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən? Sən heç olmasa öz potensialına və Türkiyənin potensia­lına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

22 Sentyabr 2020 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə