Ən son xəbərlər

Son buraxılış
Arxiv

Notariat sahəsində islahatlara beynəlxalq maraq artır

Notariat sahəsində islahatlara beynəlxalq maraq artır

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində notariat orqanlarının fəaliyyəti təkmilləşdirilir, səlahiyyətləri genişləndirilir. Beynəlxalq təcrübəyə uyğun olaraq xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur. Həmçinin notariat kontorlarını vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi istifadəyə verilib ki, bununla da notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnir və bu məqsədlə müxtəlif aktual mövzularda beynəlxalq konfranslar, seminarlar keçirilir.
Azərbaycan ədliyyəsinin 100 illiyi ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Daşınmaz əmlakla bağlı əqdlər: rəqəmsallaşma və notariat üçün yeni perspektivlər” mövzusunda iki günlük beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.
Rusiya Federal Notarial Palatası prezidentinin, Belarus və Qazaxıstan notariat palataları sədrlərinin, Almaniyanın Qalle-Vittenberq Universiteti nümayəndələrinin, Ədliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin məsul şəxslərinin, həmçinin Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanın notariuslarının iştirakı ilə keçirilən konfransda ədliyyə sahəsində əldə olunan nailiyyətlər, müasir ədliyyənin tətbiq etdiyi innovativ mexanizmlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş xidmətlərin çevikliyinin və rahatlığının artırılması üzrə görülmüş tədbirlər qeyd edilib.
Konfransda əşya hüququna dair Almaniya qanunvericiliyinin xüsusiyyətləri, ölkəmizdə daşınmaz əmlakla bağlı əqdlərin rəsmiləşdirilməsinin hüquqi aspektləri, elektron notariat informasiya sistemlərinin imkanları barədə ətraflı məlumat verilib, təqdimatlar keçirilib. 
Səfər zamanı ədliyyə naziri Fikrət Məmmədov Rusiya, Belarus və Qazaxıstan notariat palatalarının rəhbərləri ilə görüşüb. Dövlətlərimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir ölkələrimizin ədliyyə nazirliklərinin səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib, ədliyyə, o cümlədən notariat sistemində aparılan islahatlara toxunaraq, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və müsbət təcrübələrin mübadiləsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Nümayəndə heyətləri ilə Ədliyyə Nazirliyində notariusların beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların tədrisinin səmərəli təşkili, yaxşı təcrübələrin bölüşülməsi ilə bağlı müzakirələr keçirilib, ədliyyə nazirinin müavini Toğrul Musayev ilə bu sahədə islahatlara, qarşılıqlı fəaliyyətin prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb, notariuslarla keçirilən beynəlxalq seminarın əhəmiyyəti qeyd olunub.
Qonaqların diqqəti, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib.
Notariat palatalarının rəhbərləri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini qeyd edib, respublikamıza səfərlərindən məmnunluqlarını bildiriblər. Onlar Azərbaycanda notariat institutunun inkişafına dövlətin diqqətini, vətəndaşların notariat xidmətlərinə əlçatanlığının asanlaşdırılması, məmnunluğun yüksəldilməsi ilə bağlı görülən tədbirləri, müasir İKT-lərin, o cümlədən elektron notariatın tətbiqini təqdir edib, ölkəmizin bu sahədə nailiyyətlərini nəzərə alaraq MDB çərçivəsində notariuslar üçün Bakıda tədris mərkəzinin yaradılması ilə bağlı niyyətini ifadə ediblər. Həmçinin demokratik cəmiyyətlərdə Ədliyyə Nazirliyinin mühüm rol oynadığını qeyd edərək Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıblar.
Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Səfər zamanı nümayəndə heyəti, həmçinin Azərbaycan brendi olan və notariat orqanlarının da fəaliyyət göstərdiyi “ASAN xidmət” mərkəzinin vətəndaş məmnunluğunu təmin edən çoxşaxəli fəaliyyəti, eləcə də paytaxtın tarixi-mədəni abidələri ilə tanış olublar.

AZƏRTAC

 

11 Oktyabr 2018 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin