Ən son xəbərlər

Son buraxılış
Arxiv

Malayziya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Malayziya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bu ölkənin Parlamenti Senatının üzvü və Malayziya Senatorlar Şurasının sədri Xairudin Samad başda olmaqla Senatın digər üzvləri Çandra Mohan S.T. və Mohd Suhaimi Abdullah ilə görüşüb.
Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Səfir Q.Allahverdiyev əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb. 
Parlamentlərarası əlaqələrin hazırkı səviyyəsinin böyük məmnunluq doğurduğunu bildirən diplomat Malayziyanın yeni formalaşmış parlamentində də Azərbaycanla dostluq qrupunun tezliklə yaradılacağına ümidvar olduğunu deyib. 
Azərbaycanın müasir sosial-iqtisadi inkişafı və beynəlxalq arenada artan nüfuzundan bəhs edən səfir xüsusilə enerji sahəsində ölkəmizin bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu Senat üzvlərinin diqqətinə çatdırıb. 
Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun, eləcə də İslam dəyərlərinin təşviqində rolundan bəhs edən diplomat ölkəmizin bir sıra beynəlxalq səviyyəli mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O cümlədən səfir cari il oktyabrın 25-26-da baş tutacaq VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb və senator Xairudin Samadı sözügedən forumda iştirak etməyə dəvət edib. 
Qaley Allahverdiyev, həmçinin “Ekspo 2025” ümumdünya sərgisinə ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin Malayziya tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu da bildirib. 
Malayziya Senatorlar Şurasının sədri X.Samad “Ekspo 2025”lə əlaqədar Bakı şəhərinin namizədliyinin dəstəklənməsi mövzusunda Senatın müsbət fikirdə olduğunu qeyd edib.
İkitərəfli iqtisadi münasibətlərin genişləndirilməsinə də ehtiyac olduğunu vurğulayan tərəflər investisiya qoyuluşu, informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd ediblər.
Səmimi görüşə görə minnətdarlıqlarını ifadə edən senatorlar, iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliklərini bildiriblər. Bundan əlavə, növbəti ildə Malayziya tərəfindən bəzi yüksək səviyyəli səfərlərin gözlənildiyi də diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Vüqar AĞAYEV,
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

11 Oktyabr 2018 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin