Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Distant təhsil zamanı vacib olan qaydalar

Onlayn təhsildə şagirdlərin dərs zamanı istifadə etdikləri stol və stul çox önəmlidir. Masa üzərindəki monitor göz bərabərində və bir qol boyu məsafəsində qoyulmalı, stulun kürək dəstəyi olmalıdır. Mütəxəssislər oturarkən belin içəriyə doğru əyilməsi üçün stulun bel dəstəyinin olmasının vacibliyini vurğulayırlar.

Nəsimi rayonundakı 21 saylı uşaq poliklinikasının sahə həkimi Gültəkin Qurbanova bildirir ki, distant təhsilə başlayan uşaqların evdə istifadə etdikləri masası və stulu doğru seçilməlidir. Dərs stolunun yüksəkliyi hesablanarkən masa və ayaq hündürlüyü arasında bir boşluq olmasının önəmli olduğunu deyən həkim “Yetişkinlərdə masa hündürlüyü adətən 70 santimetr civarında olarkən, uşaqlarda bu məsafə onun oturduğu sıradakı yüksəkliyə görə tənzimlənməlidir. Ayaqlar yerə tam dəyməli, boşluq olmamalıdır” – deyir.

Ayaqların altında hərəkəti əngəlləməyəcək bir yer olmalıdır. Kreslo hər yerə dönəbilən, qol dayaqları və hündürlüyü tənzimlənən olmalıdır. Masa və kreslonun arxasında ən azı 3 metr boşluq olması rahat hərəkət etməyinə və yalnış hərəkətlərə qarşı qorumağa kömək edər.

Həkim deyir ki, dərs çalışılan otaq işıqlı olmalıdır. Bununla yanaşı otaq həm də tez-tez havalandırılmalıdır. Bunun üçün çölə açılan pəncərə və ya havalandırılma sistemi olmalıdır. Kondisioner sistemləri uşağın boyun, kürək və belinə dəyməyəcək şəkildə yerləşdirilməlidir. İşıqlandırılma bəzən gözün yorulmasına və bununla bağlı baş ağrılarına səbəb ola bilər.

Kompyuterlə dərsə hazırlaşan zaman, monitor uşağın tam qarşısında və bir qol məsafəsi uzaqlığında olmalıdır. Dərs çalışarkən klaviatura və masada qolun düzgün hərəkəti önəmlidir. Yayılmış halda klaviatura ilə çalışarkən dirsək açılımı 100 dərəcədən çox olmalıdır. Əl biləkləri də işləyərkən düz olmalı sağa və sola əyilməməlidir. Oturarkən bədənlə ayaqlar arasında bucaq əsasən, 130 dərəcə olmalı, 90 dərəcədən aşağı olmamalıdır.

Dərs aralarında boyun və kürəyi rahatlandıracaq məşqlər edilməlidir. Bir saatdan sonra dərsə ara vermək önəmlidir. Aralar 10 --15 dəqiqədən az olmamalıdır. Ən azından mövqe dəyişilməli və sabit duruşdan uzaq durulmalıdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Sentyabr 2020 10:37 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə