Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda özəl sektorun diaqnostikası hazırlanacaq

“Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması” mövzusunda onlayn görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, görüşdə komitə sədrinin müavini Cavad Qasımov, Dünya Bankı və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının hava daşımaları, logistika, gömrük məsələləri üzrə ekspertləri, eləcə də Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi ticarətin asanlaşdırılması və sərhəd idarəçiliyi prosesində gömrük orqanlarının həyata keçirdiyi islahatlar, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə və onun özəl sektora təsirlərinin minimallaşdırılması, o cümlədən biznesin inkişafı məsələlərinin müzakirəsindən ibarət olub.

Görüşdə C.Qasımov bildirib ki, DGK ilə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası arasında sıx əməkdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Onun sözlərinə görə, gələcəkdə gömrük rəsmiləşdirilməsi və səlahiyyətli iqtisadi operator sahəsində, ümumilikdə ticarətin inkişafına təsir edəcək birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

C.Qasımov koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması və fəsadların aradan qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində gömrük xidmətinin gördüyü işlər barədə də məlumat verib. O, bildirilib ki, pandemiya ilə bağlı sualların cavablandırılması üçün DGK-nın Çağrı Mərkəzində "Qaynar xətt"in fasiləsiz iş rejimində fəaliyyəti təşkil edilib. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün nəzərdə tutulan malların gömrük-sərhəd buraxılış məntəqələrindən prioritet qaydada keçidi təmin olunur və ölkə ərazisindən həyata keçirilən beynəlxalq yük daşımalarına, o cümlədən idxal və tranzit əməliyyatlarına hər hansı məhdudiyyət qoyulmur.

Komitənin layihələrindən də söhbət açan C.Qasımov informasiya texnologiyalarının tətbiqi, logistikanın inkişafı, "Yaşıl dəhliz" buraxılış sistemi, elektron xidmətlər və digər yeniliklərlə bağlı məlumat verib. Hazırda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin tam avtomatlaşdırıldığı, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi əhəmiyyəti olan xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğu diqqətə çatdırılıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

20 Sentyabr 2020 16:48 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə