Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir “Əsrin müqaviləsi” kimi imzalandı, iki əsrin müqaviləsi oldu…

Ümummilli lider Heydər Əliyevin başçılığı ilə 26 il öncənin 20 sentyabrında dünyanın ən böyük gölü olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında,  dünyanın 11 ən iri neft şirkətinin iştirakı ilə Bakının “Gülüstan” sarayında Saziş imzalandı. O zaman Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin hələ 3-cü kövrək ilini yaşayırdı. XX əsrin başa çatmasına, yaxud, yeni əsrə hələ 6 il qalırdı… Üstəlik, Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tankerin dünya bazarlarına çıxarılacağı günə (dekabr, 1999-cu il) hələ 5 il vardı... Belə bir zaman dilimində və zor şərtlərə baxmayaraq imzalanan müqavilə məhz “Əsrin müqaviləsi” fəxri adını aldı. Əsr sözü burada yalnız bir yüz ili ifadə etmir, eyni güclə, dəyişim rüzgarlarını, siyasi iradənin gətirdiyi yeni dönəmi və böyük inkişaf relslər üzərinə çıxışı, təhlükəsizliyi, etibarlı tərəfdaşlığı – bir sözlə, “Sovet Azərbaycanı”ndan sıyrılıb çıxmış müstəqil Azərbaycanın qədərini, tale yolunu ifadə edirdi bir baxıma… Buradakı əsr sözünü təqvimlikdən çıxarıb, era, epoxa kimi tələffüz etsək də, zənn edirəm, yanlışlıq olmazdı… Onu da əlavə edək ki, “Əsrin müqaviləsi”nin icrası ilə bağlı bir sıra önəmli addımlar məhz XXI əsrin ilk illərində atıldı.

Yanılmıramsa, sovetlərdən çıxmış heç bir respublika o illərdə “Əsrin müqaviləsi” miqyasında (və mahiyyətində) müqavilə imzalamamışdı. Və deyə bilərik ki, karbohidrogen ehtiyatları ilə zəngin olan bəzi keçmiş sovet respublikaları, sonrakı illərdə, o ehtiyatların istismarı, istismar üçün böyük maliyyə qaynaqlarının bulunması, bu işə yeni tex­nologiyaların tətbiqi və beynəlxalq bazarlara çıxarılması işində məhz Azərbaycan modelini öy­rəndi, əsas götürdü…

Beləliklə, “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqilliyini yenicə bərpa etmiş çağdaş Azər­baycan Respublikasının tarixində yeni eranın başlanğıcı qoyuldu. Azərbaycanın gələcək uğurlu inkişafının siyasi və iqtisadi bazasının formalaşdırılmasına başlanıldı. Bu gün əldə edilmiş önəmli uğurların əsasında məhz 1994-cü ilin sentyabrında ümummilli lider Heydər Əliyevin böyük səyləri sayəsində gerçəkliyə çevrilmiş “Əsrin müqaviləsi” və onun uğurlu icrası amili dayan­maqdadır.

      Vurğuladğımız kimi, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə dol­durulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta Azər­baycanın dövlət başçısının 29 dekabr 1999-cu il tarixli, 240 saylı Fərmanı ilə yaradılan Dövlət Neft Fonduna (ARDNF) daxil edildi.

      Missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir qaynağına çevrilməsi olan ARDNF-nin yaradılması, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir.

ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında – Fondun vəsaitlərinin yerləşdirilməsi qayda­larının Prezident fərmanı ilə təsdiq edilməsindən sonra başlandı. “Əsrin müqaviləsi”ndən danışarkən, ARDNF-dən də söz açmalıyıq. Fondun təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə münbit ortam yaratmaqdan ibarətdir. Bu Fondun fəaliyyəti ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlib. Gəlin, ARDNF-nin rəsmi elan olunmuş məqsəd-vəzifələrini xatırlayaq:

- Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

- Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;

- Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması…

“Əsrin müqaviləsi”nin özünə, neftin nəqli məsələsinə qayıdaq. Xatırladığımız kimi, Quzey istiqamətində, uzunluğu 231 kilometr, diametri 720 millimetr olan Bakı --Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi, ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına nəql olundu. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla milyon tonlarla neft nəql edildi. Sonra, Qərb istiqamətində uzunluğu 837 kilometr, diametri 530 millimetr Bakı --Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salındı, istifadəyə verilən gündən Bakı --Supsa kəməri ilə milyon tonlarla neft nəql edildi.

Xəzərin dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədi ilə “Kaspmorneft” yarımdalma üzən qazma qurğusu təmir və çağdaşlaşdırıldı və yeni – “Dədə Qorqud” adlı bu qurğu ilə 50 -- 475 metr dəniz dərinliyində 7620 metr dərinliyinə qədər quyu qazmaq imkanı əldə edildi. Digər qurğu “İstiqlal” (keçmiş “Şelf-5”) yarımdalma üzən qazma qurğusu təmir və çağdaşlaşdırılaraq, 50 -- 700 metr dəniz dərinliyində 7620 metr dərinliyə qədər quyu qazmaq müm­kün oldu. Çağdaşlaşdırılmış qazma qurğularının köməyi ilə “Azəri –Çıraq --Günəşli” yataqlarında birgə aparılan işlər sonucunda 6 kəşfiyyat quyusu qazıldı, bunların sayəsində sonradan neft ehtiyatları 30 faizdən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış “Kaspian Drillinq Kompani” birgə müəssisənin tərkibində “Şahdəniz” və “Azəri –Çıraq --Günəşli” yataqlarında öz işlərini uğurla davam etdirməkdədir. Digər yandan, xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına qurğunun köməyi ilə də texnika (texnologiya) sahəsində böyük irəliləyişlər əldə edildi.

Bu yerdə yenidən ötən əsrin son illərinə qayıdaq və “Əsrin müqaviləsi” üçün çox önəmli bir imzalanma törənini xatırlayaq. ATƏT-in 1999-cu ilin noyabrında qardaş Türkiyənin İstanbul şəhərində keçirilmiş Sammitində, ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan dövlət başçıları tərəfindən Bakı –Tiflis --Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı –Tiflis --Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintiyə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı –Tiflis --Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış törəni keçirildi. BTC istismara verilən gündən Ceyhan limanından milyon tonlarla Azərbaycan nefti dünya bazarlarına yola salındı.

Bəli, artıq 3-cü dəfə “milyon tonlarla Azərbaycan nefti”nin dünya bazarlarına çıxarıldığını vurğuladıq. Bu bazarlama, bir daha qeyd edək ki, gərgin əməyin, siyasi iradənin, fədakarlıqların ifadəsidir; digər yandansa, ölkə daxilində iş imkanı, yeni texnologiya tətbiqi, milyonlarla valyutanın qazanılması və bundan irəli gələrək, sosial layihələrin icrası deməkdir...

Beləliklə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyası uğurlu inkişafımızın – müstəqillik yollarında inamla irəliləyən çağdaş Azərbaycan dövlətinin ən yeni tarix içində yeni forma və məzmunda tərəqqisinin təməlində duran əsas amillərdən biridir.

“Əsrin müqaviləsi”nin XXI əsrdəki icraatı prosesində yaxud yeni proseslərin başlanması ilə, özəlliklə qaz ehtiyatlarının kəşf edilməsi, yeni yataqların istismara cəlb edilməsi ilə ölkə iqtisadiyyatında yeni səhifələr açılmış oldu. Bu fikrimizin təsdiqi üçün yalnız bir tarixi hadisəni xatırlasaq belə yetərli olar deyə düşünürəm. Azərbaycan Prezidenti cənab İlham Əliyev 09 sentyabr 2011-ci ildə - “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi münasibəti ilə mətbuata açıqlamasında deyirdi: “Bu gün Fransanın Total şirkətinin rəhbərliyi qəbulumda olarkən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi barədə mənə məlumat vermişlər. Mən öz növbəmdə bu şad xəbəri Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirəm. Bütün Azərbacan xalqını bu hadisə ilə əlaqədar təbrik etmək istəyirəm. Doğrudan da bu, böyük hadisədir. “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir.

“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmişdir. Amma suyun dərinliyini nəzərə alaraq o vaxt bizim imkanımız yox idi ki, bu yataqda işlər aparılsın. Azərbaycanın neft strategiyasının icrası nəticəsində, Heydər Əliyevin təşəbbüsü ilə aparılan siyasət nəticəsində Azərbaycanın imkanları böyük dərəcədə artmışdır. Hazırda bizdə elə qazma qurğuları var ki, Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini apara bilərlər”.

Və budur cənab Prezident 9 il sonra (19 sentyabr 2020) “Abşeron” yatağının dəniz əməliy­yat­la­rının təməlqoyma törənində iştirak etdi. Dövlət başçısına “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verildi.

Rəsmi məlumatda bildirilir ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sis­teminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə bütün mü­həndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tət­biq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün in­novativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda, suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard (!) kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymət­ləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə önəmli töhfə verəcək.

Sovetlərin çöküş dönəmini və müstəqilliyin ilk illərini yaxşı xatırlayıram. Elə bil inkişaf mələkləri Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ coğrafiyasından çəkilmiş, ölkəmizin tərəqqi ruhu öləzimişdi… Uzağa getməyək, doxsanıncı illər Bakısını yadımıza salaq… -- qazın, elektrikin tez-tez kəsilməsi, yolların bərbad durumu, infilyasiyanın hədd-hüdud tanımaması, işsizliyin tüğyan etməsi, gənc nəslin ümidsizliyi, cəbhədə qanlı döyüşlər, çadır şəhərcikləri… və çox təəsüf ki, itkilərimizə baxmayaraq, nəticəsizlik… “Əsrin müqaviləsi” ümid işığını yandırdı, inam yaratdı – bu yalnız iqtisadi faktor deyildi, burada, psixoloji, siyasi, təhlükəsizlik və bir sıra başqa kateqoriyalar üzrə ciddi məqamlar, hadisələr vardı…

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”! (H.Əliyev) – İndi, örnəyi, paytaxtın çağdaş yol qovşaqları, ötrücülər, keçidlər, çoxsaylı körpülər misalında bu kəlamın həqiqiliyini bir daha görür, dərk edirik. Yol yoldur, varlıqdır, istiqamətdir, ümiddir, inamdır və onun əksi, yolun olmaması… yolsuzluqdur…

Yolsuzluqla mübarizəyə sərf edilən enerji, dövlət büdcəsindən ayırmalar bir küll halında yenilikçiliyi, tətbiqatı və iradəni ifadə edir.

Yolların ən gözəli bizi Şuşaya aparacaq yoldur.

O yolu açacağıq, yenidən quracağıq!

O yolu ayaqyalın getməyə əhdimiz var!

 

Əkbər QOŞALI,

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

 

 

20 Sentyabr 2020 16:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə