Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçınlı Adil Cəfakeş Milli Məclisin Mədəniyyət komitəsində…

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şair, aşıq, saz müəllimi Adil Cəfakeşi komitədə qəbul edib, onun sənət və pedaqoji fəaliyyəti ilə, qayğıları ilə maraqlanıb, geniş fikir mübadiləsi aparılıb.

Laçın rayonundan məcburi köçkün olan Adil Cəfakeş 1966-cı ildə Laçın rayonunun Seylanlı kəndində anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirsə də, hələ uşaq yaşlarından saza-sözə könül verib. Azərbaycan Yazışılar Birliyinin üzvü olan bu el sənətkarının indiyə qədər üç kitabı (“Bir ağı de, ay ana”, “Yolçu, hara gedirsən”, "Ağam Alıdı") işıq üzü görüb.

Adil Cəfakeş aşıqlığı öz həmkəndlisi Mehbalıdan öyrənib. Mehbalı qədim havalara, Qarabağın ustad aşıqlarına yaxşı bələd bir sənətkardı.

Adil Cəfakeş yaradıcı aşıq olmaqla bərabər, həm də sazbənddir. Musiqi duyumu qüvvətli olduğundan bir neçə saz havası da yaradıb. O, yaşı çox olmasa da, Qarabağ aşıq mühitinin Laçın qolunu təmsil edən ustad aşıqlar haqqında yetərincə bilgiyə malikdir.

AMEA Folklor İnstitutunun buraxdığı “Qarabağ musiqi folkloru” (xalq mahnıları, təsnif və rəqslər) diskində Adil Cəfakeş və onun şəyirdi Təşəkkül Əmrəliyevin ifalarında iki qədim saz havası (“Ağbaba gülü”, “Zəngəzur gözəlləməsi”) yazıya alınıb.

Komitə sədri Adil Cəfakeşə yeni yaradıcılıq uğurlarını doğma Laçında davam etməsini arzu edib, Laçınlı günlərin uzaqda olmadığına inandığını deyib.

Adil Cəfakeş öz növbəsində Qənirə Paşayevaya təşəkkür edərək, ona öz kitablarını hədiyyə edib.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 Sentyabr 2020 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə