Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinar əzəməti ilə xatirələrə köçdü...

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Ziyəddin Sultanovun xatirəsinə

Ömrünün 70-ci ili tamamlanmamış amansız ölümün sıralarımız­dan apardığı tanınmış yazıçı-publisist, Qarabağ müharibəsinin davamlı xronikasını “Xalq qəzeti”nin səhifələrində və bir sıra kitablarda salnamələşdirmiş Əməkdar jurnalist Ziyəddin Sultanov haqqında hüznlü bir əhvalla danışmaq, söz demək olduqca çətindir. Buvaxtadək Qarabağ dərdini bir kənara qoya bilməyib, bir dəfə də təntənəli doğum günü keçirməyən, barəsində ürək sözlərimizi deməyə imkan yaratmayan dostumuzun-həmkarımızın, nəhayət, necə olur-olsun, 70 illik yubileyini keçirməkdə qərarlı olduğumuz bir vaxt­da onun yoxluğunu necə təsəvvür edəsən, bundan necə yazasan?!

Ziyəddin Sultanov ali jurnalistika təhsilindən başlanan yarım əsrlik yara­dıcılıq yolunda qələmə xüsusi hörmət qazandıran, sözün çəkisini və dəyərini artıran nüfuzlu yazar kimi tanındı. Nə vaxtdan bəri bir çox dəyərin ucuzlaş­dığı zəmanəmizdə o, nüfuz kəlməsini halallıqla qazanan, özünün və sözünün ləyaqətini qoruyub artıran say-seçmə ziyalılarımızdan biri oldu. Onun itkisi doğmalarına, dostlarına taleyin aman­sız şapalağı kimi dəydi. Bu itkinin yerində – onun çinar əzəmətli obrazının çevrəsində artıq 40 gündür ki, hüznlü xatirələr pərvaz edir…

Bəs nədir onu tanıyıb, sevənlərin gözündə bu qədər əziz bir varlığa çevirən?! Bu suala hərəmiz bir cavab tapa bilsək də, amma heç biri duyğu-düşüncələrimizi sonadək ifadə etməz. Bütün Azərbaycanda əli qələm, dili söz tutan hər kəs bilir ki, Ziyəddin Sultanov Dağlıq Qarabağ münaqişəsinin başla­nıb davam etdiyi bir qərinədən artıq dövrdə doğulub-böyüdüyü və əksər vaxt qoynunda yaşadığı bu diyarda alınmaz bir söz qalası qurdu və son nəfəsinədək burada döyüşdü. Onun ölümü Qarabağ müharibəsinin davamlı və mükəmməl salnaməsini yaratmış məğrur söz əsgərinin yurda sədaqət və dəyanət davasında sanki mənəvi şəhidlik oldu.

Onun imzası Vətən, Qarabağ sevdalı soydaşlarımızın yaddaşlarına birdəfəlik həkk olunub. Şəxsən tanımayanlara belə “Ziyəddin Sultanov” imzası olduqca tanış və doğmadır. Ötən illərdə “Xalq qəzeti”nin Qarabağ bölgəsində müx­birliyini neçə-neçə rahat və təminatlı vəzifə təklifinə dəyişmədi. Bir qurulu evini münaqişə başlayanda Xankəndidə, birini də fəaliyyətini davam etdirdiyi Ağdam işğal olunanda orada bir çöp də götürmədən qoyub başıbəlalı doğmala­rının, həmyerlilərinin sığındığı yerlərdə onlarla birlikdə yaşadı.

“Xalq qəzeti”nin səhifələrində davamlı olaraq ölkə oxucularını məlumatlandıran, zaman keçdikcə, cild-cild kitablara sığmayan “Qarabağ xronikası”nı da Bərdədə yurd həsrəti ilə dünyalarını dəyişən yaşlı ata-anasının qulluğunda dayanaraq yaratdı. Aranlı-yaylaqlı Qarabağda böyük nüfuz sahibi olan Kamal müəllimin tək oğlu, neçə ba­cının istəkli qardaşı, ölkənin bir nömrəli qəzetinin əməkdaşı, Kolanı camaatının yetirməsi və milli dəyərlərin ləyaqətli da­şıyıcısı başqa cür hərəkət edə bilməzdi. Daha doğrusu, bunu özünə yaraşdır­mazdı.

Şux qədd-qaməti, məğrur duruşu, əzəmətli görünüşü Tanrının ona xüsusi bəxşişiydi – hər cəhətdən fərqlənmək, sanki alnına yazılmışdı. Hamını öz dilində anlamaq və başa salmaq da onun xüsusi fəhm-dərrakəsindən, dəyanət və bacarığından güc alır­dı. Nəciblik, alicənablıq, sədaqət və saxavət onun təbii üstünlüklərini qat-qat qüvvətləndirib hər çətinliyə üstün gələn müdrikliyə və fədakarlığa çevirmişdi.

Qarabağ camaatı ölkənin hər yerində tanınan, paytaxtın elm-sənət mühitində də mötəbər qələm sahiblərindən, geniş oxucu dairəsi olan yazıçı-publisistlərdən biri sayılan Ziyəddin Sultanovla ən müxtəlif məsələlər barədə fikir bölüşmək ehtiyacı duyan, bundan qəribə bir rahatlıq və arxayınlıq tapan çox sayda insanı davamlı olaraq onun çevrəsində görərdik. Onların “Ziyəddin müəllim deyirsə, demək, elədir” qənaəti çoxlarını doğru yola möhkəm bağlayır, istədiyi məsələdə barlandırırdı.

Yazdığı yazıların hər biri kağıza köçürülmüş insan taleyi idi. Əmək qəhrəmanlarından, üstündən barıt qoxusu gələn döyüşçülərdən və digər sahələrin layiqlilərindən yazanda rahat­lanırdı, sanki yurda və onu şan-şöhrətə çatdıran müqəddəs sözə borcunu qaytarmış olurdu. Gecə-gündüz at belində olan çoban xanımın işgüzarlı­ğını el-oba həyatına sevgi ilə ifadə edə bilirdi. Əsirlik cəhənnəmindən keçən Azərbaycan qızının ürək göynədən faciəsi onun qələmində sərt boyalar­la, çoxlarının yaddaşını və vicdanını qiyamətədək sızladacaq şəkildə öz əksini tapırdı. Ziyəddin Sultanov, bax beləcə, axıradək qələmdən ayrılmadı, qələmdən çıxan sözün müqəddəsliyinə inandı.

Tanıyanlar yaxşı bilirlər ki, Ziyəddin müəllimin haqlı olanda inadkarlığı, nədəsə yanılanda üzrxahlığı da var idi – asanlıqla təslim olmağı, məğlubiyyətlə barışmagı xoşlamırdı, yersiz dirəşməklə də arası yox idi. Görünür, hər insan heç olmasa ömründə bircə dəfə də olsa, təslimiyyət duyğusunu dadmaq zorun­dadır. Ziyəddin müəllim də yaşamaqda haqlı ola-ola amansız xəstəliyə təslim oldu. Lakin sonadək müqavimət göstərdi – ilyarım bu namərd düşmənlə mübarizə apardı. Hamımız ümidli idik, deyirdik, xəstəlik nəkarədir ki, dağ kimi Sultanov ona boyun əysin…

Qarabağ savaşı salnaməsinin baş yazarı adlandırdığımız Ziyəddin Sulta­nov bu dünyada çinar əzəməti ilə yaşa­dı. 40 gündən bəri ruhu qocaman çinar­ların kölgəsində sərinlənən, Qarabağın səmalarında dolaşan Ziyəddin müəllimin sevimli obrazı isə göynəkli xatirələrimizə köçərək çinar əzəməti ilə canlanır.

O, çinar kimi məğrur və qürurlu idi. Kölgəsində də çoxları sərinlənmişdi. Özü isə daha çox qızmar günəşi, isti havaları xoşlayırdı. Çağdaş Azərbaycan jurnalistikasının adlı-sanlı, nüfuzlu yetirməsi, ustad qələm sahibi Ziyəddin Sultanovla bağlı, onun özünə bənzəyən, kölgəsinə sığındığımız çinar xatirələrdə həmişə bizə təsəlli sərinliyi gətirəcək.

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”

20 Sentyabr 2020 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə