Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mollanəsrəddinçilik məfkurəsinin tədqiqinə yeni töhfə

Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədlinin “Mollanəsrəddinçilik və milli ideya” monoqrafiyası ölkəmizdə işıq üzü görən yeni nəşrlər sırasında aktuallığı və elmi-nəzəri səviyyəsi ilə xüsusi maraq doğurub. Tanınmış jurnalistika alimi azərbaycançılıq ideologiyasının önəmli tarixi qaynaqlarından sayılan mollanəsrəddinçilik məfkurəsinin tədqiqi ilə bağlı növbəti əsərini bu təlimin ideya rəhbəri və cəfakeşi, böyük ədib və mütəfəkkir Cəlil Məmmədquluzadənin 150 və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edib.

Müəllif, eyni zamanda, yeni tədqiqatını BDU-nun başqa bir məzunu, Cəlil Məmmədquluzadə şəxsiyyətinə və mollanəsrəddinçilik məfkurəsinə dərin sədaqətlə uzun illər Naxçıvan mətbuatında çalışmış və nüfuzlu qələm sahibi kimi tanınmış, ilk ustadı olan atası Məhərrəm Allahverdioğlunun ruhu qarşısında hesabat olaraq ərsəyə gətirib.

Nəhayət, dərs vəsaiti kimi təqdim olunan kitabda Azərbaycan klassik ədəbiyyatının və jurnalistikasının inkişafında, milli ideyanın dövlətçiliyin bərpasına yönləndirilməsində tari­xi rolu olan “Molla Nəsrəddin” ədəbi məktəbinin məfkurəvi fəaliyyəti azərbaycançılıq təliminin təşəkkülü müstəvisində geniş öyrənilib. Monoq­rafiyada XX əsrin əvvəllərində istiqlal mübarizəsi ətrafında cəmləşmiş milli ədəbi qüvvələrin yaradıcılığında aparıcı yön təşkil edən Vətənə, xalqa, ana dilinə sevgi, onların mədəni tərəqqi, ictimai azadlıq və müstəqillik uğrunda mübarizəsi mövzuları əhatəli təhlilə cəlb edilmişdir.

Dərs vəsaitində elmi araşdırma­lar və ümumiləşdirmələr nəticəsində ortaya qoyulan müddəalar və nəticələr ədəbiyyatşünaslığa, jurnalistika tarixi və nəzəriyyəsinə dair tədqiqat əsərlərində, filologiya və jurnalistika üzrə təhsilin müvafiq proqramlarında istifadə üçün zəngin bilgi verir. Elmi redaktorları akademik İsa Həbibbəyli və professor Cahangir Məmmədli, rəyçisi professor Asif Rüstəmli olan tədqiqat xüsusi kurs kimi də tədris edilə bilər.

Xatırladaq ki, Əməkdar jurnalist Al­lahverdi Məmmədli ölkə jurnalistikasının inkişafında seçilən xidməti olan qələm sahiblərindən və milli mətbuatımızın nüfuzlu tədqiqatçılarındandır. Onun xarici ölkələrin və respublikanın dövrü və elmi nəşrlərində dərc edilmiş çoxsay­lı məqalələri və beynəlxalq statuslu elmi məclislərdə çıxışları həmişə böyük maraq doğurub.

Yeni kitab bir daha təsdiq edir ki, “Molla Nəsrəddin” jurnalının indiyə qədərki tədqiqatlar fonunda, milli ideya bucağından dərin təhlilə cəlb edilməsinin əsaslarını yaradan və inkişaf etdirən alim bu sahədəki növbəti tədqiqatı ilə azərbaycanşünaslığa töhfələrini uğurla davam etdirir. Allah­verdi Məmmədli bu silsilədən 6 kitabın müəllifidir.

Namiq QƏDİMOĞLU, Tahir AYDINOĞLU, “Xalq qəzeti”

20 Sentyabr 2020 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə