Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mənanın sərrafı, sözün vaqifi

İlk dəfə onu, təxminən, 20-22 il əvvəl görmüşəm. AzTV-də çalışırdım və çəkiliş qrupu ilə ulu dövlət başçısı Heydər Əliyevin rəsmi qəbullarından birini işıqlandırmaq üçün Prezident Administrasiyasına yollanmışdım. Tədbir başlanana qədər bir az gözləməli olduq. AZƏRTAC-ı təmsil edən sakit, təmkinli və həlim sifətli Vaqif Musayevlə məni tanış edən dostlar onun gözəl insan, təcrübəli jurnalist olduğunu bildirdilər. O zaman orta yaşlarında idi. Qısa ünsiyyətimiz onun barəsində söylənənləri təsdiqlədi. Sonralar dəfələrlə birlikdə eyni tədbirlərdə iştirak etdik və ona olan hörmətim, rəğbətim daha da artdı. Mədəni davranışı, duyğusal, mənalı söhbətləri ilə ürəyimə yol tapdı. Özünü o qədər sadə aparırdı ki, heç deməzdin, AZƏRTAC-ın baş direktorunun 1-ci müavinidir.

Tale elə gətirdi ki, bir neçə il də eyni binada işləməli olduq. Paytaxtın Bülbül prospektindəki 30 nömrəli (indi ünvanımız Bülbül prospekti 30-dur) binada. O, AZƏRTAC-da məsul vəzifə sahibi, mənsə “Xalq qəzeti” redaksiyasında müxbir kimi. Hər görüşəndə Vaqif müəllimlə səmimi hal-əhval tutur, bəzən də maraqlı yaradıcılıq söhbətləri edirdik. Sonra o, təqaüdə çıxdı. Nəhayət, bu günlərdə eşidəndə ki, ustadın 80 yaşı tamam olur, inanmadım. “70 olar” – deyə düzəliş etmək istədim. – “Belə ruhən cavan, gülərüz bir adama qətiyyən o qədər yaş vermək olmaz!” Amma, sən demə, belə imiş. Nə etmək olar, Allah daha uzun ömür versin!

Vaqif müəllim haqqında bu oçerki yazmaq üçün fakt­lar toplayıb, tərcümeyi-halı ilə tanış olunca öyrəndim ki, 1940-cı il sentyabrın 17-də Qax rayonunun Qaxmuğal kəndində dünyaya göz açıb. Mən o kənddə olmamışam, amma oradan keçib qədim İlisu kəndinə getmişəm. İlisuda Nəsir adlı bir şəbəkə ustası vardı. Kəndin köhnə məscidini bərpa edən Nəsir ağacdan hazırladığı xırda hissəcikləri üsulluca bir-birinə bənd eləyir, aralarına da rəngli şüşə qırıqları keçirirdi ki, gün işığında göz oxşasın. Söz ustası Vaqifin şəbəkə-yazıları da, bax, eynən beləcə könül oxşayır...

İkinci Dünya müharibəsinin dəhşətləri onun da taleyindən yan keçməyib. Atası müharibədə itkin düşüb. Fələyin növbəti zərbəsi müharibədən 3 il sonra onu yenidən silkələyib: Vaqif 8 yaşında ikən anası da dünyasını dəyişib. Bütün bu ağrı-acılar onu əyməyib, sındırmayıb. Məktəbindən qalmayıb, dərslərini yaxşı oxuyub, bacarığı, qabiliyyəti ilə tay-tuşları arasında seçilib. Sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirib. Mənsub olduğu millətin keç­mişini, şərəfli qəhrəmanlıq tarixini dərindən öyrənmək və öyrətmək istəyi ilə yola çıxıb. Əvvəl bir il betonçu işləyib, sonra ali təhsil alıb, kənd məktəbində tarix müəllimi olub, yataqxanada tərbiyəçi, Mətbuatda Dövlət Sirlərinə Nəzarət Baş İdarəsində çalışıb.

Vaqif müəllimin həyat yolunda Azərbaycan Sovet Ensiklopediyası Baş Re­daksiyasının xüsusi yeri var. Burada elmi redaktor kimi işə başlayıb və qısa vaxt ərzində böyük elmi redaktor, redaksiya müdiri vəzifələrinə qədər yüksəlib. Azərbaycan Milli Ensiklopediyasındakı səmərəli fəaliyyətinə görə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ustad sənətkar ömrünün sonrakı hissəsini Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AZƏRTAC) bağlayıb. O, burada çalışdığı müxtəlif vəzifələrdə göstərilən etimadı doğruldub. İste­dadı, qabiliyyəti, bacarığı sayəsində agentliyin baş direktorunun birinci müavini vəzifəsinə qədər yüksəlib. Hazırda doğma ata yurdunda ömrünün müdriklik çağlarını, layiq olduğu ehtiramlı illərini yaşayır. O burada doğma­larının ürəyinin vurğusu, el-obasının gözünün işığıdır...

AZƏRTAC-da işləməyin çətin, amma şərəfli oldu­ğunu ilk gündən dərk edən Vaqif Musayev vəzifəsindən asılı olmayaraq, həmişə “qələminin fəhləsi” titulunu fəxrlə daşıyıb. Operativliyi, çevikliyi, peşəkar müqayisə– təhlil-nəticə bacarığı, yetkin düşüncə sahibi olması ilə se­çilib. Rəhbərlik ona hər hansı bir tapşırıq verəndə əmin-arxayın olub ki, ən yüksək səviyyədə öhdəsindən gələcək. Neçə-neçə gənc jurnalistin yetişməsinə, püxtələşməsinə zəhmət sərf edib. Hər kəslə öz dilində danışmağı, hamını irəli apar­mağı başlıca prinsip, amal sayıb.

Həmkarı Abdulla Suvar yazır ki, o, redaktə etdiyi hər bir informasiyaya əsl redaktor kimi öz möhürünü vururdu. Onun redaktəsindən sonra, necə deyərlər, ətə-qana dolan yüzlərlə bitkin informa­siya oxucular tərəfindən çox yüksək səviyyədə qarşıla­nırdı. Vaqif müəllim hər bir yazını təkcə oxumurdu, san­ki, ona yeni bir nəfəs verirdi. Müəllifin nə demək istədiyini, amma deyə bilmədiyini ilk andan başa düşən peşəkar redaktor kimi hər bir in­formasiyaya elə müdaxilə edirdi ki, müəllif buna görə ona qəlbən təşəkkür etməyi özünə borc bilirdi: “Başqa sözlə, Vaqif Musayevin qəlbində gəzdirdiyi insanlıq və səmimiyyət işdə də özünü açıq-aydın göstərirdi. Bütün bunlar onun istedadının və peşəşinə sonsuz sevginin nəticəsində mümkün olmuş­dur. Elə bu səbəbdən də AZƏRTAC-dakı fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci ildə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” me­dalı ilə təltif edilmişdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının aspiran­turasını bitirən və bir çox məqalələri elmi jurnallarda dərc olunan Vaqif müəllimin ömür yolu bu gün çoxları­na örnəkdir. Tərcüməçilik sahəsində gördüyü işlər rus dilinin necə mahir bilicisi ol­duğuna aşkar sübutdur. Doğ­ma dilini bütün incəliklərinə qədər bilən, tərcümələrində ən dərin məna çalarlarına belə vara bilən sənətkar hansısa unudulmuş bir sözün “toz”unu silib cilalamaqdan, yeni sözlər tapmaqdan zövq alıb. Hansısa bir mətndə, cümlədə yerinə düşməyən sözü dərhal görüb aradan götürməsi, hansısa bir “çiy” ifadəni lazımınca “bişirməsi” onun üstün cəhətlərindəndir. Həmkarlarının qəti qənaətinə görə, Vaqif müəllimin qələminin ucunda göyərən sözlər onun yoluna daim yaşıl işıq yandırıb. Sözə dərindən vaqif olan Vaqif müəllim həyatda nə qaza­nıbsa, hamısı sırf zəhmətinin bəhrəsi kimi onun halal haqqıdır.

Ustad jurnalist bugün də dəyərli məqalələr yaz­maqda, axtarışlarını davam etdirməkdədir. Ötən il mayın 9-da qəzetimiz üçün hazırla­dığı yazısında Bakı neftinin İkinci Dünya müharibəsi zamanı cəbhədə oynadığı böyük rolu indiki nəsillərə qədərincə çatdıra bilib. Xatırladıb ki, Sovet İttifaqı Qəhrəmanı, general-pol­kovnik Stepan Krasovskinin yazdığı bir məqalə 1945-ci il avqustun 14-də “Kommunist” qəzetində dərc olunmuşdur. Sonralar aviasiya marşalı olan müəllif həmin məqalədə faşist Almaniyası üzərində ta­rixi qələbədə SSRİ-nin əsas yanacaq bazası olan neft Bakısının böyük rolundan bəhs etmişdir. Eyni zaman­da, general Azərbaycandan göndərilən benzinin texniki göstəricilərinə görə həmin dövrdə hamıdan üstün olduğunu xüsusi vurğula­mışdır. Şübhəsiz ki, burada görkəmli alimimiz Yusif Məmmədəliyevin müharibə dövründə misilsiz əhəmiyyəti olan, döyüş əməliyyatlarında sovet qırıcı və bombard­mançı təyyarələrinin şəksiz üstünlüyünü təmin edən ixtirasından – yüksək oktanlı benzindən söhbət gedir...

Tədqiqatçı-jurnalist Vaqif Musayevin milli tarix baxımından faydalı olan belə yazıları çoxdur. Elə bu yaxınlarda “525-ci qəzet”də onun yuxarıda xatırladığım İlisu kəndinin şərəf tarixinə aid bir yazısını da maraqla oxumuşam. “Qars davası” adlı həmin qeydlərində ustad yazır ki, 1877–78-ci illər Rusi­ya – Türkiyə müharibəsində türklərin tərəfində vuruşa­raq həlak olmuş cavanla­rın xatirəsinə həsr edilmiş qəmgin, mərsiyə ruhlu şeir belə adlanır. Ustad yazır ki, rus-türk müharibələrində Azərbaycanın bəzi xan və bəyləri, onların övladları hərbi dəstələr təşkil edərək, çar qoşunlarının tərkibində vuruşublar. Lakin əhalinin aşağı təbəqələrindən olan xeyli cavan isə gizlincə sərhədi keçərək türklərə köməyə gedib. Keçmiş İlisu sultanlığında da belələri olub. Tədqiqatçı alim Rəsul Tahirzadə “Sarıbaş və sa­rıbaşlılar” kitabında həmin müharibədə Qars qalasının müdafiəsində Sarıbaşdan getmiş 12 gəncin həlak oldu­ğunu bildirib.

Deyilənə görə, Qars qalasının hərbi komendantı, İslamı qəbul etmiş Muxtar paşa adlı erməni türklərə xəyanət edib. “Qars dava­sı” şeirini kəndin qadınları gözlərindən yaş axa-axa zümzümə ediblər. Bu şeir Bakıda, Şirvanda, Şəkidə, Gəncədə, Naxçıvanda yas mərasimlərində mərsiyə kimi oxunub. XX əsrin əvvəllərində şair, maarif xadimi Hacı Kərim Sanılı müəllifi naməlum olan şeirin bir hissəsini nəşr etdirdi­yi topluda vermişdi, lakin həmin kitabı tapmaq müm­kün olmamışdı. Şeirin bir hissəsi də Azərbaycan Dövlət Arxivindən tapılıb.

“Atımı bağladım Qarsın daşına,

Güllə atılanda dəydi döşünə...

Nişanlımı qoyub getdim qoşuna,

Bu nə zaman, Allah aman!

Gedən gəlmədi,

Kor olasan,

Muxtar paşa! Cavan qalmadı!..”

Göründüyü kimi, yorul­maq bilməyən qələm sahibi – Vaqif Musayev bu yazıda həm şanlı türk tarixinin qa­ranlıq səhifələrinə işıq salıb, həm də nankor ermənilərin xain xislətini ifşa edib. Bu, gənc yazarlar üçün həqiqi örnək, əsl nümunə deyilmi?

Qoy, gələcək illər 80 yaşlı həmkarımızın, yurdsevər ziyalımızın iti qələminə, dərin zəkasına, heyrətamiz yad­daşına bir daha güc versin, işıqlı ruhuna, saf qəlbinə rahatlıq gətirsin!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

20 Sentyabr 2020 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə