Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan OPEC+ öhdəliklərinə əməl edir

OPEC-ə üzv və qeyri-OPEC ölkələri (“OPEC+”) üzrə neft istehsalına dair kompensasiya planının müddəti cari ilin sonunadək uzadılıb. Bu barədə OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 22-ci iclasında deyilib.

JMMC “OPEC+” sazişi üzrə öhdəliklərinə tam əməl etməyən və nəzərdə tutulandan daha çox neft hasil edən bəzi iştirakçı ölkələrə dair kompensasiya planının müddətinin bu ilin dekabr ayının sonuna qədər uzadılması barədə qərar qəbul edib.

Bildirilib ki, bu, davam edən balanslaş­dırma səyləri üçün vacibdir və neft baza­rında uzunmüddətli sabitliyin təmin olun­masına kömək edir. Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə böyük həcmdə öhdəlik götürən Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasi­latını azaltmağa başlayıb. Həmin ayın birinci on günlüyündə respublikamızın öhdəliyinin icra səviyyəsi 98 faiz təşkil edib. May-iyun aylarında isə gündəlik hasilatın 164 min barrel azaldılması üçün bütün zəruri tədbirlər görülüb. Azərbaycanın öhdəlikləri iyul-de­kabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşdirilib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min barreli keçməməlidir.

Xatırladaq ki, “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qaz­çıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsi­onal qaydada bölüşdürülüb. “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel təşkil edən Azərbaycan cari ilin avqust-dekabr aylarında neft istehsalı­nı sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılma­lıdır.

Sonda qeyd edək ki, OPEC neft ixrac edən ölkələr – İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə 1960-cı ildə Bağdadda yaradılıb. Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərinə köçürülüb.

Hazırda kartelə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nige­riya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır. OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qaza­xıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC+” formatında sıx əməkdaşlıq edir. “OPEC+” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusun­da iştirakı ilə aktivləşib. Ölkəmiz 2016-cı ildən “OPEC+” çərçivəsində təşkil olunmuş görüşlərdə iştirak edir və neft bazarının sabit­liyi, neft qiymətlərinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş Əməkdaşlıq Bəyannamələrinə qoşulur.

V.BAYRAMOV, “Xalq qəzeti”

20 Sentyabr 2020 09:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə