Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Humanizm prinsiplərinə sadiqliyin daha bir nümunəsi və ya radikal müxalifətin növbəti məğlubiyyəti

Prezident İlham Əliyev ölkəmizdə humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində daim müxtəlif qərarlar qəbul edir, bu ənənəyə sadiqliyini nümayiş etdirərək insan amilinə yüksək dəyər verdiyini əməli işi ilə təsdiqləyir. Dövlətimizin başçısının fəaliyyəti həmişə ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənir. Son 17 ildə bu istiqamətdə həyata keçirilən tədbirlər, imzalanan əfv sərəncamları beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib.

Dövlətimizin başçısı ilk dəfə prezidentliyə namizəd olarkən demişdi ki, əgər seçilərəmsə, Azərbaycan Res­publikasının hər bir vətəndaşının prezidenti olacağam. 2003-cü ildən bu günə qədər qəbul edilən hər bir qərarda, imzala­nan sərəncam və fərmanlarda ölkə başçısının həmin siyasi iradəsinin şahidi oluruq.

Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiq­liyi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Ayrı-ayrı peşə sahibləri, siyasi xadimlər, deputatlar, alimlər ölkəmizdə insan amilinə verilən yüksək dəyəri dövlətimizin insanpərvər siyasətinin göstəricisi, ailələrə sevinc bəxş etmək ənənəsinə sadiqliyin təzahürü kimi dəyərləndirirlər. İndiki həssas dönəmdə bu addım sayəsində azadlığa çıxan şəxsləri və onların ailə üzvlərini, həmçinin yaxın ətraflarını əhatə etməklə yüzlərlə, minlərlə insanın könlü şad edilir, qayğısı azaldılır. Sevindirici haldır ki, humanizm prinsiplərinə sadiqlik zamanı ayrı- seçkiliyə yol verilmir. Dövlətimizin başçısı bununla da hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha təsdiqləyir.

Törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilən və 4 il 3 ay müddətinə azad­lıqdan məhrum olunan Tofiq Yaqublu haqqında həbs qəti - imkan qərarının dəyişdirilməsi Azərbaycan dövlətinin huma­nizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. T.Yaqublu hələ təcridxanada olduğu müddətdə də qanunvericiliyə uyğun olaraq normal maddi-məişət şəraiti ilə təmin olunmuşdu. Özü də etiraf edirdi ki, ona qarşı hər hansı bir kobudluq, qanunazidd hərəkət törədilməyib, hüquq­ları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb, həmçinin telefon vasitəsilə əlaqə saxlayıb.

T.Yaqublunun səhhətində nasazlıq yaranan zaman daim həkim nəzarətində saxlanılması üçün istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib və bundan sonra səhhəti sabit olub. Eyni zamanda, özünün xahişi ilə tanıdığı mülki sek­torun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlamlıq durumuna nəzarət edə bilməsi üçün lazımi şərait yaradılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müxalifət təmsilçisi olmasına baxmayaraq, ona qarşı hər hansı bir qərəzli münasibət göstərilməyib. O da digər vətəndaşlar kimi, dövlətin bütün qayğılarından yararla­nıb. Üstəlik, özünün arzusu ilə yaxından tanıdığı həkimin müayinəsindən yararlanıb.

Belə bir imkanın yaradıl­ması onu müalicə edən həkim Adil Qeybulla tərəfindən də humanist addım kimi dəyərləndirilib. Həkim Tofiq Yaqublunun həbsindən siyasi dividend kimi istifadə edən bəzi araqarışdıranlara da iradını bildirib. Deyib ki, yaranmış vəziyyəti siyasi kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin antiinsani davranışları heç kimə dividend qazandırma­yacaq. Onun fikrincə, belə şoular düşmənlərimizə və anti- Azərbaycan dairələrə ölkəmiz haqqında mənfi rəy formalaş­dırmaq imkanı yaradır: “Bəzi internet televiziyaları, xüsusilə də Amerikada oturanlar, görü­nür, bu prosesin uzanmağında maraqlıdırlar. Onlar bu prosesin uzanmasını istəyirlər. Belələri çalışırlar ki, Tofiq Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər. Bu, açıq aydın hiss olunur”.

Dövlətimizin humanizm prinsiplərinə sadiqliyi belə ünsürlərin xəbis niyyətlərini ürəklərində qoydu. Apelyasiya Məhkəməsinin Tofiq Yaqublu haqqında çıxardığı qərar həm ictimaiyyət, həm də ziyalılar tərəfindən razılıqla qarşılan­dı. “Konstitusiya” Araşdır­maları Fondunun prezidenti Əliməmməd Nuriyevin məsələ ilə bağlı açıqlaması da maraq doğurur. QHT rəhbəri kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə yaranmış vəziyyətdə məhkəmənin Tofiq Yaqublu ilə bağlı olduqca uğurlu bir qərar qəbul etdiyni bildirib: “Tofiq Yaqublunun səhhəti ilə bağlı problemlər ciddiləşməyə doğru gedirdi. Belə olan halda, şübhəsiz ki, onun barəsində Apelyasiya Məhkəməsindəki baxışa qədər həbs qətiimkan tədbirinin dəyişdirilməsi çox vacib idi. Bu, həm humanizm nümunəsidir, həm də faktdır ki, Tofiq Yaqublu ölkənin ərazi bütövlüyü uğrunda vuruşmuş şəxsdir. Bu cür insanlara belə münasibətin göstərilməsini alqışlayıram. Məhkəməyə qədər azadlıqda, yəni öz doğmaları­nın yanında olacaq. Bu, onun səhhətinə müsbət mənada təsir göstərəcək. Düşünürəm ki, qarşıdakı məhkəmə prosesində də ədalətli qərar qəbul ediləcək və Tofiq Yaqublunun azadlığa qovuşmasının şahidi olacağıq”.

Təəssüf ki, radikal müxalifətin və xaricdəki 5-ci kolonun nümayəndələri dövlətimizin bu huma­nist addımını yenə də dərk etmədilər və Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını özlərinin qələbəsi kimi təqdim etməyə cəhd göstərirlər. Belə məqamlarda sanki pusquda dayanıb ölkəmizin əleyhinə kampaniya aparan, xarici himayədarlarına “qatı açıl­mamış fakt” verən radikal müxalifət bu dəfə də siyasi şou yaratmaq istədi. Bundan istifadə edərək müxtəlif qeyri-qanuni ça­ğırışlar səsləndirilməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur.

Bu dəfə də “dəllal bazarı”nda gətir- götür baş­lanmışdı. Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi antimilli insanlar öz məqsədləri üçün “dəllal bazarı”nda siyasi alverə girişmişdilər. Hətta bu şouda Tofiq Yaqublunun qızı Nigar Həzidən də istifadə edirdilər. Belələrinin toruna düşən N.Həzi isə atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr vermək əvəzinə, əksinə, atasını aclığı ölümü bahasına olsa belə, davam etdirməyə çağırırdı. Ra­dikal müxalifətin növbəti şousu sona qədər davam edə bilmədi. Azərbaycan dövlətinin huma­nizm prinsiplərinə sadiqliyi onların xəbis niyyətlərini sona qədər davam etdirməyə imkan vermədi. Bu, onların qələbəsi yox, növbəti məğlubiyyəti oldu.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

20 Sentyabr 2020 09:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə