Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” – Azərbaycanın strateji inkişaf konsepsiyasının təməli

“Əsrin müqaviləsi”nin hazırlanmasında, imza­lanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər.

Heydər ƏLİYEV
Ümummilli lider


Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın, həqiqətən, müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin kontraktı”nın imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imza­lanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi.

Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyat­larımızın əsas mənbəyi “Əsrin kontraktı”dır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transforma­siyasının əsası olacaq neft strategiya­sını müəyyənləşdirib. Bu strategiya xarici investorların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını gerçəkləşdirib.

Azərbaycanın strateji inkişaf konsepsiyasının təməli isə “Əsrin müqaviləsi” ilə qoyulub. Bu müqavilə heç də asanlıqla reallaşmayıb. Xalqın təkidi ilə 1993-cü ildə yenidən siyasi rəhbərliyə qayıdan ulu öndər, ilk növbədə, ölkədə siyasi sabitlik yara­dıb, respublikanı labüd fəlakətlərdən xilas edib, iqtisadi sahədə taleyüklü dəyişikliklərə başlayıb. Müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq sazişin – “Əsrin müqaviləsi”nin imzalan­masına nail olub. Bu prosesdə– danışıqların aparılmasında, yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsində o zaman ARDNŞ-in birinci vitse-pre­zidenti, Milli Məclisin deputatı olan cənab İlham Əliyev də fəal iştirak edib. Yeri gəlmişkən, həmin vaxt keçirilən görüşlərdə müəyyən fikir ayrılıqları da yaranıb və hətta bəzi mərhələlərdə müzakirələrin dayan­dırılması təhlükəsi ortaya çıxıb. Sonralar bu barədə Prezident İlham Əliyev bildirib: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bəli, belə çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlanaraq, imzalanıb.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlə – “Əsrin müqaviləsi” ilə dövlətimizin yeni neft siyasətinin təməli qoyulub.

Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) qoşulub. Həmin şirkətlər tərəfindən qısa bir vaxt ərzində işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradılıb. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.

Yeri gəlmişkən, xatırladaq ki, “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.

İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiya­tı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyənləşdirilib.

Onu da qeyd edək ki, adları çəkilən nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. Başlanğıc mərhələdə, yəni 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər də uğurla gerçəkləşdirildi.

Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi:

–1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı;

–1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. Beləliklə, 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulan ilk tanker dünya bazarlarına çıxarıldı;

–2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə hesab etdiyi əsas neft kəməri –Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal önəm daşıyan bu kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi- Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Cey­han limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.

Burada diqqətçəkən bir göstəricini də xatırlatmaq istərdik. Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarıl­ması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində olan (Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı- Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr) neft kəmərləri tikilib.

Qeyd edək ki, cari ilin əvvəlinədək “Azəri-Çıraq-Günəşli” yataqlar bloku­nun işlənməsinə 36 milyard dollardan çox investisiya qoyulub və həmin blok üzrə 500 milyon ton neft hasil edilib, 40 milyard kubmetrdən artıq səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

Artıq 1999-cu ildən etibarən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin iştirakçıları tərəfindən mənfəət neftindən gəlir əldə edilir. Cari il sentyabrın 1-dək dünya bazar­larında Azərbaycanın payına düşən 305 milyon ton mənfəət nefti satılıb ki, bu da həmin vaxtadək çıxarılan AÇG neftinin 59 faizini təşkil edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin ötən 8 ayında “Azəri-Çıraq- Günəşli” yataqlarından hasil edilən 16 milyon ton neftin 12 milyon tonu, yəni 75 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub.

Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu il dekabrın 29- da imzaladığı müvafiq fərmanla karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin in­kişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilən bu fond vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edib.

“Yeni əsrin müqaviləsi” Azərbaycanın maraqlarını tam təmin edir

Üç il bundan əvvəl – 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda­kı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Saziş Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chev­ron”, “Inpex”, “Statoil”, “Exxon­Mobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən imzalandı. Sənədə əsasən BP layihənin operatoru olaraq qaldı. Saziş Milli Məclis tərəfindən həmin ilin oktyabrın 31-də ratifikasiya olundu.

Beləliklə, həmin tarix ölkəmizin həyatına çox əlamətdar bir gün kimi yazıldı, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlərin Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəkləri qərara alındı. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin isə 75 faiz təşkil edəcəyi nəzərdə tutuldu. Bununla da ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 faiz hesablandı ki, bu da gələcəkdə yeni strateji layihələrə baş­lamağa zəmin yaratmaq demək idi.

O da vurğulanmalıdır ki, bu sazi­şin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platforması­nın qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında da razılaşma əldə olunub.

“Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulub. Bu isə müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşı­laşdırılması deməkdir.

Azərbaycan Avrasiyanın yeni enerji xəritəsini tərtib edir

“Əsrin müqaviləsi”nin imza­lanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən, neft sektorunun şaxələndirilməsi, beynəlxalq stan­dartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkan­lar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qaz­ma, tikinti və hasilat üzrə böyük iş həcmi reallaşdırılıb və uğurlu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib, “Abşeron” və “Ümid” yataqla­rının işlənilməsinə başlanılıb.

SOCAR-ın birinci vitse-preziden­ti, akademik Xoşbəxt Yusifzadənin sözlərinə görə, işlənmənin əvvəlindən indiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından 129 milyard kubmetrdən artıq təbii qaz və 29 milyon tondan çox kondensat hasil olunub.

Akademik daha sonra qeyd edib ki, “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıdıbsa, 1999-cu ilin iyununda eh­tiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton konden­satdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi isə ölkəmizə dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi nüfuz qazandırıb. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəql edilməsi və bu məqsədlə Cənub Qaz Dəhlizinin çəkilməsi bizim müasir qaz epopeyamızın ən parlaq fəsli kimi artıq tarixə yazılıb.

Xatırladaq ki, dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayan­dırılıb, yatağın potensial imkanları müəyyənləşdirilməyib. Lakin 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar­layıb və nəticə gözləniləndən böyük olub. Belə ki, yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilib. Bununla da “Şahdəniz” dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunub.

“Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi üçün konsor­sium üzvləri 2013-cü il dekabrın 17- də Bakıda növbəti tarixi qərara imza atıb. İmzalanma mərasimi Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Müqaviləyə əsasən, layihəyə 28 milyard dollar sərmayənin cəlb edilməsi nəzərdə tutulub.

Sonrakı illərdə “Ümid” və “Abşe­ron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq edib. Beləliklə, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq bloku ilə tanışlıqdan son­ra Azərbaycan Televiziyasına müsahibəsində gələn il “Abşeron” qaz-kondensat yatağından da ilk qazın hasilatının gözlənildiyini, bu yatağının işlənilməsinin iki mərhələsi olacağını qeyd edib: “Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir”.

Prezident İlham Əliyev müsahibəsində “Qarabağ” yatağı barədə də ətraflı danışıb. Bildirib ki, ötən əsrin 90-cı illərində Heydər Əliyevin neft strategiyasının uğur­lu icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanıb. Həmin vaxt bu yataqda 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmayıb­lar və müqaviləyə xitam verərək, yatağı tərk ediblər. Ancaq Azərbaycan mütəxəssisləri tam əmin idilər ki, “Qarabağ” yatağının çox böyük potensialı var. Həyat bu fikrin doğ­ruluğunu təsdiqlədi. Cari il qazılan dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edildi.

SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilən, Azərbaycanın ən zəngin karbohidrogen mənbələrindən biri olan “Qarabağ” yatağında neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan eyniadlı dayaq bloku texnoloji baxımdan nəhəng və mürəkkəb qurğudur. Dayaq blokunun dənizə yola salınması, həm də onu göstərir ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.

Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkəmizin qüdrətini daha da artırır

Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib:

– 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanısta­na ixrac edilməyə başlanıb;

– 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb;

– 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP qaz kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans Adriatic Pipeline) layihəsini seçib və hazırda kəmərin çəkilməsi istiqamətində işlər tamamlanmaq üzrədir.

Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verir.

2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

“Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans- Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il no­yabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bunun­la da onun tikintisi tamamlanıb.

Bu il TAP layihəsi də tamamlana­caq. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq.

* * *

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir. Bu layihənin ən böyük əhəmiyyəti respublikamıza böyük maliyyə ehtiyatlarının daxil olması, bu ehtiyatlar hesabına iqtisa­diyyatın inkişaf etdirilməsi, insanların rifah halının yaxşılaşması, ölkədə infrastrukturun yeniləşməsidir. “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyinin, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm önəm daşıyır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

20 Sentyabr 2020 08:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə