Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İğdırda erməni silahlılarının soyqırıma məruz qoyduğu soydaşlarımızın məzarları ziyarət edilib

Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyinin üzvləri İğdırın Hakmehmed kəndindəki şəhidliyi ziyarət ediblər.

17 sentyabr 1919 - cu ildə Türkiyədə, İğdırın Hakmehmed kəndində erməni silahlıları tərəfindən yerli əhaliyə qarşı törədilmiş soyqırımın xatirə günü Qərbi Azərbaycan İcmasının üzvləri həmin kənddəki şəhidliyə baş çəkib, dəhşətli soyqırım zamanı şəhid olmuş insanların xatirələrini yad ediblər. Bu barədə təmsilçiliyin mətbuat xidmətindən verilən informasiyada belə deyilir. Mətbuat xidmətinin verdiyi məlumata görə, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir və təmsilçiliyin əslən qərbi Azərbaycandan olan digər üzvləri Hakmehmed kəndində soyqırım qurbanlarının xatirəsinə salınan şəhidliklə tanş olublar və ərazidə təmizlik işləri aparıblar. Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir bundan sonra davamlı olaraq, Şərqi Anadoluda türk-müsəlman əhaliyə, eləcə də Azərbaycan türklərinə qarşı törədilmiş soyqırım qurbanlarının məzarların ziyarət edəcəklərini bildirib. O, bu ziyarətlərin məhz Hakmehmed kəndindən başlamalarının xüsusi simvolik bir məqsəd daşıdığını qeyd edib. D.Akdemir bildirib ki, bu kənddə qətlə yetirilənlərin demək olar ki, hamısı "qaçhaqaç" dediyimiz dövrdə, Qərbi Azərbaycandan qardaş Türkiyə sərhədlərinə sığınmış insanlar olub və bu insanların başına gələnlər bəlkə də dünyanın heç br yerində yaşanmayıb: "Düşünün, soyqırımdan canını qurtarıb başqa bir yerə pənah gətirirsən və bir neçə il sonra pənah gətirdiyin yerdə də yenə eyni soyqırımla üz - üzə qalırsan. Bu gün bu şəhidlikdə uyuyan, bəzi qaynaqlara görə 83, bəzi qaynaqlara görə isə 51 şəhidin tək suçu məncə türk, müsəlman olmaları idi. Diri - diri yandırılan, haqsız işgəncələrə məruz qalaraq qətlə yetirilənlərin ruhları ermənilər tərəfindən qətlə yetirilmiş digər soydaşlarımız kimi dünyanın gecikmiş ədalətinin bir gün bərpa olunacağını gözləyir. Narahat ruhları bizi əməli işə səsləyir. Qoy ruhları şad olsun, biz Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyi olaraq hər zaman onların qəsb edilmiş hüquqlarının, əllərindən alınmış həyatlarının müdafiəçisi, bu həqiqətləri dünyaya, türk dünyasına çatdıran səsi olacağıq. Bilirsiniz ki, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın böyük əksəriyyəti cənnət Türkiyəmizin sərhəd qapısı İqdıra yerləşiblər. Mən bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili, dəyərli ziyalımız Əziz Ələkbərli ilə və eyni zamanda icmamızın digər dəyərli ziyalıları ilə mütəmadi olaraq müzakirələr aparırıq. İnşaallah, bu yaxınlarda bu ərazilərə köç etmiş bu soydaşlarımızın da haqq səslərini dünya eşidəcək. Bu gün bu şəhidlikdə uyuyan şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm. Qoy ruhları bizim yardımçımız olsun".

Sonda şəhidlərimizin ruhuna dualar edilib.

Ə.Ələsgərli,
"Xalq qəzeti"

19 Sentyabr 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə