Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qocaman jurnalistin musiqi dünyası

Məni İttifaq Mirzəbəyli ilə görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov tanış etmişdi. Sonralar onu  Bəstəkarlar İttifaqında keçirilən tədbirlərdə tez-tez gördüm. Ayrı-ayrı vaxtlarda İttifaq müəllimin Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasında, “KapellHausda”, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən müxtəlif mədəniyyət tədbirlərindəki  çıxışlarını dinlədim və Tofiq müəllimin “İttifaq bəy də musiqi adamıdır” ifadəsinin təsdiqini gördüm.

Daha sonralar öyrəndim ki,  Tofiq müəllim İttifaq Mirzəbəylinin də musiqi adamı olduğunu mənə deməzdən çox-çox illər əvvəl də sübut etmişdir. Belə ki, ustad bəstəkar öz juurnalist dostunun  sözlərinə ondan çox mahnı və romans yazmış və həmin musiqi əsərləri ayrıca məcmuə şəklində çapdan çıxmışdır.  Onların ikisinin birlikdə ərsəyə gətirdikləri “Firdövsini yad edərkən” adlı mahnı SSRİ Xalq artisti Lütviyar İmanovun ifasında lentə yazılaraq Bakı, Ankara, İstanbul, Təbriz və Tehranda dövlət radiolarının fonduna daxil edilmişdir. Tofiq Bakıxanovdan əvvəl isə Xalq artisti Şəfiqə Axundova və gənc bəstəkar Günay Məmmədova da İttifaq müəllimin şeirlərinə mahnı bəstələmişdilər.

Xüsusi bir məqam

… Ötən əsrin 90-cı illərində İttifaq Mirzəbəylinin “Ata, hara gedirsən?” adlı şeirlər kitabını oxuyan görkəmli şair Fikrət Sadıqla kitab müəlifinin arasında belə bir dialoq olmuşdur. Şair jurnalistdən soruşur:

– Hansı musiqi məktəbini bitirmisiniz?

– Mənim heç bir musiqi təhsilim yoxdur. 

– Amma şeirlərinizin əksəriyyətində musiqi var.

– Elə Tofiq müəllim də o fikirdədir.

***

Tofiq Bakıxanov danışır ki, İttifaq Mirzəbəylinin ötən əsrin 90-cı illərində Dövlət radiosunda işləyərkən hazırladığı bir saatlıq “Səhər musiqili informasiya proqramı”nın əsas qonaqları görkəmli musiqi xadimləri  olurdu. Şəfiqə Axundova, Habil Əliyev, Ramiz Mustafayev, Yaqub Məmmədov, Mirzə Babayev, Gülağa Məmmədov, Rəsmiyyə Sadıqova, Tükəzban İsmayılova, Tofiq və Məmmədrza Bakıxanovlar,  Sabir Mirzəyev, Kamil Cəlilov, Süleyman Abdullayev, Çingiz Mehdiyev, Yalçın Rzazadə, Hüsnü Qubadov, Bakir Haşımov, Canəli Əkbərov və digər onlarca musiqi xadimi İttifaq Mirzəbəylinin apardığı verilişlərin bəzəyi idilər.

***

Onun bəzi musiqiçilərə verdiyi suallar və aldığı cavablar hələ də dinləyicilərin yaddaşında yaşayır. Məsələn:

– Habil müəllim, nə üçün deyirlər ki, Yaqub Məmmədova “Mənsuriyyə”ni siz oxutmusunuz? Axı…

– Yox, yox, elə deyil, mən Yaquba “Mənsuriyyə”ni tək bir alətlə -- kamanla  oxutmuşam. Həmin ifadan əvvəl o, “Mənsuriyyə”ni üçlüklə oxumuşdu.

Yaxud:

– Ramiz müəllim,  “Vaqif” operasını yazanda sizin cəmi 33-34  yaşınız vardı. Elə ağır yükün altına girməkdən qorxmadınız?

– O məsələdən artıq otuz il keçib. Hələ də sizin yanınızdayamsa, deməli, o vaxt qorxulu heç nə olmayıb.

Yaxud:

– Tükəzban xanım, təsnifdəki “Bütün arzularına zirvə mənəm, son mənəm, vüqarı neyləyirsən, sənin vüqarın mənəm” sözlərini elə oxuyursunuz ki, elə bil həmin anda sizə baxan kimsə var…

– Bilmirəm nə soruşursunuz, amma mənim vüqarım bir muğamdır, bir də səsim.

Yaxud:

– Mirzə müəllim, szin varlığınızda üç Mirzə yaşayır – memar, aktyor və müğənni mirzələr. Sizcə onların hansı daha ucaboyludur? 

– Alə, onu burax tamaşaçının, dinləyicinin ixtiyarına. Həri… Sonuncu “zapisim” sizdə var? Yoxdursa, deyim versinlər. Həri…”

İttifaq Mirzəbəylinin gündəliyindən

“Bir gün baş redaktorumuz Heydər Zeynaloğlu dedi ki, Mirzəbəyli, sən bizim  o biri müxbirlərimizə nisbətən bəstəkarlarımıza “bir köynək daha yaxınsan”. Öyrən görək Bəstəkarlar İttifaqında nə var-nə yox, nə yazırlar, niyə yazırlar?

Getdim Bəstəkarlar İttifaqına. O zaman İttifaq “Səadət sarayı”nın yanında, çox köhnə bir binada idi. Tofiq müəllimin  ( Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev nəzərdə tutulur – N.Q,) otağını görəndə dəhşətə gəldim. Binadakı vəziyyətin yaradıcı ab-havaya sarsıdıcı zərbə vurduğu göz önündə idi.

Tofiq müəllim harasa getmək istədiyinə görə əvvəlcədən bildirdim ki, cəmi beş dəqiqə vaxtınızı alacağam. Beş dəqiqəyə razılaşdıq və mənim növbəti suallarımı da cavabsız qoymaq istəmədiyinə görə 45-50 dəqiqə danışdı. Həmin müddətdə neçə “Prima”nın boynunu büküb daşmaqda olan  kül qabına sıxdığını bilməsəm də, həmin qabın əstağfürüllah, plov qabı kimi dolduğu gözümün qabağında idi.

Sonuncu sualım belə olmuşdu: -- Sizin mahnıları bütün müğənnilər gözəl oxuyurlar. Amma bir var gözəl, bir də var, ən gözəl…

Əlini yuxarı qaldırıb etiraz edirmiş kimi “Stop!” işarəsi göstərdi, fikirləşdi və gözləri yol çəkdi.

 – Səsyasanı söndür.

 – “Baş üstdə” - dedim və söndürdüm.

Xairə danışdı.

– Mikayıl Abdullayev danışır ki, Dehlinin meri məni çox böyük ehtiramla qarşladı və dedi ki, sabah şəhərin baş meydanında sizi hindistanlı dostlarınıza təqdim edəcəyik. Meydanda adam çox olacaq.

Ertəsi günü Hindistan paytaxtının baş meydanı şəhərin bir hissəsi kimi deyil, Hind okeanı kimi dalğalanırdı. Mer mikrofona  yaxınlaşdı və dedi: – Camaat, bu gün bizim qonağımız SSRİ-nin və Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevdir.

Alqış səsləri meydanı dalğalandırdı və 3-4 dəqiqə ara vermədi. Mer əlavə etdi: -- Camaat, bulirsiniz o mənə Bakıdan nə gətirib?

Meydandakı millətlərin hamısının dilində “NƏ?” sualı səsləndi.

– O, mənə Bakıdan Rəşid Behbudovun salamını gətirib!

Meydan necə kükrədi ilahi? Rəşidə orada nə qədər məhəbbət var imiş? Rəşid necə böyük sənətkar imiş!

… Bu məqam mənə Tofiq Quliyevin gözlərində yaş görmək “şansı” verdi.

Elə mənim  gözlərim də sözümə baxmırdı. Amma Rəşid Behbudovun adının alqışlanmasına görə yox, Tofiq Quliyevin mənim sonuncu sualımı cavabsız qoyduğuna görə. O, digər müğənniləri incitməmək üçün mahnılarını ən yaxşı oxuyan sənətkarın adını çəkməyib sadəcə  xatirə danışanda səsyazanın söndürülməsini xahiş etmişdi. Çünki təkcə Rəşid Behbudov deyil, ortada Mirzə babayev və başqa müğənnilər də var. İnsan nə qədər alicənab ola bilərmiş?

İttifaq Mirzəbəylinin sosial şəbəkə yazılarından:

Sanki o anda bizim hamımız Amsterdamda idik…

 “Xatırladım ki, bu il  ( Söhbət 2017-ci ildən gedir – N.Q.) aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin Kral Simfonik Orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə ( təxminən, 200 nəfərdən çox ifaçı ) görkəmli bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub. Bəstəkarın özünün aprelin 28-də təkrar etdiyi kimi, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) “Passions” – “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu iri həcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.

Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə gəlib. Xüsusilə vurğulamaq lazımdır ki, bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə olunmuşdur. Beləliklə, “Nasimi passion” əsəri yaranmışdır və bu möhtəşəm əsərin (35 dəqiqəlik) məşqləri artıq bir neçə aydır ki, dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral Simfonik Orkestri, xoru və solistləri tərəfindən aparılırdı...

… Aprelin 28-də AMEA-nın illik hesabat tədbirində həm Firəngiz xanımla salamlaşdıq, həm də Tofiq Bakıxanovla. Tofiq müəllim dedi ki, bu axşam Bəstəkarlar İttifaqının Konsert zalında Firəngiz xanımın Amsterdamda səsləndirilmiş əsərinin video yazısına ictimai baxış olacaq, birlikdə iştirak edək. Ölkənin musiqi ictimaiyyətinin ən görkəmli simalarının və çoxsaylı diplomatların da qatıldığı tədbirdə birgə iştirak etdik.

… Divar boyu uzunluğu olan geniş ekranda Hollandiyanın Kral Simfonik Orkestri, xoru və solistlərinin Azərbaycan bəstəkarının əsərini necə böyük diqqət və ehtiramla ifa etdiyinin şahidinə çevrildik. Orkestr Hollandiyanın olsa da, yuxarıda qeyd etdiyimiz kimi əsərin dirijoru ingiltərəli Martin Brabbins, vokal solisti isə Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla idi. Bu solist nəinki özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayırdı, hətta onun ifası sufi zikrlərindəki əsas ab-havanı da yaradırdı.

Bunlar da öz yerində. Orkestr 35 dəqiqəlik əsərin ifasını başa çatdırandan sonra minlərlə tamaşaçısı olan zalda alqışlar kəsilmək bilmirdi ki, bilmirdi. Hələ bu harasıdır? Maestronun təklifi ilə tamaşaçılar qarşısına dəvət edilən “İlahilər” müəllifi səhnədə görünəndə avropalı musiqisevərlərin elə bir alqış dalğası qopdu ki, onu ancaq görmək lazım idi, heç bir jurnalist ifadə edə bilməzdi.

Zaldakılar arasında ürəyində Azərbaycan mədəniyyətinin, musiqisinin təəssübkeşliyi olan kimsə tapılmazdı ki, o anda özünü Amsterdamdakı tamaşaçıların sırasında hiss etməsin. Amma, təkcə milli mədəniyyətimizin təəssübkeşləri deyil, başda Rusiya Federasiyasının Azərbaycandakı səfiri cənab Vladimir Doroxin olmaqla zaldakıların hamısı Amsterdamda arası kəsilməyən alqışların Bakıdakı davamını yaradırdılar. Özü də amsterdamdakılar kimi ayaq üstdə. Sanki həmin an bizim hamımız Amsterdamda idik…”

Sonda…

İttifaq müəllim bir dəfə - pandemiya dövründən əvvəlki aylarda görkəmli bəstəkar Tofiq Bakıxanovun  Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazdığı ”Naxçıvan - 3 saylı simfonetta” əsəri haqqında danışdı: “Bu simfoniyettada Naxçıvanın Əcəmi Naxçıvanidən Hüseyn Cavidə qədər olan mədəniyyətinin, Əshabi-Kəhfdən Bata-bata qədər olan Allah vergisinin, Babəkdən Heydər Əliyevə qədər olan şəxsiyyətlərinin obrazını görməmək mümkün deyil.”

Doğrusu, mən bu söhbəti adi bir jurnalistdən eşitdiyimə inana bilmirdim. Sanki həmsöhbətim uzun illər musiqişünaslıqla məşğul olmuş mütəxəssis idi. Amma yox, bu söhbətin müəllifi “Xalq qəzeti”nin siyasət müxbiri, Əməkdar jurnalist İttifaq Mirzəbəyli idi.

Nərgiz QULAMOVA,
Bakı Musiqi Akademiyasının dissertantı, musiqişünas

19 Sentyabr 2020 14:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə