Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Musiqi Günü...

Çağdaş Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, əsərləri dünya musiqi incilərindən sayılan Üzeyir Bəy Hacıbəylinin doğum günü şərəfinə hər il sentyabrın 18-də Milli Musiqi Günü qeyd olunur. Milli musiqimizin, mədəniyyətimizin intibah zirvəsi Üzeyir Bəy Hacıbəylinin adı ilə sıx bağlıdır. Dahi bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Maestro Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Sənətsevərlər ənənəvi olaraq hər il bu gün Azərbaycan Dövlət Konservatoriyasının önündə toplaşır, burada Üzeyir bəyin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin başçılığı ilə bəstəkarın əsərlərini ifa edərmiş…

Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə, dahi bəstəkarın 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla 18 sentyabr rəsmi bayram status alıb. Bu əziz gündə dahi bəstəkarımızı, onun doğum gününü bayrama çevirən fərmana imza atmış Ümummilli liderimizi, musiqi sənətimizin inkişafında böyük xidmətlər göstərmiş, haqq dünya-sında olan bütün sənətkarlarımızı rəhmətlə anırıq! Ruhları şad olsun! Nə qədər ki xalqımız var, onların adı da, iris də var olacaqdır!

Milli Musiqi Günündə sənətimizin bugünkü fədakarlarını, Azərbaycan musiqisinin şöhrətini dünyada yayanları, musiqimizi təmsil, təbliğ və təşviq edən, zənginləşdirən sənətkarlarımızı salamlayır, onları, onların timsalında bütün musiqiçilərimizi təbrik edirəm! Milli musiqimizin, mədəni irsimizin qorunması, sənət xadimlərinə dəstək göstərilməsi sahəsində böyük xidmətlər götərmiş, örnəklər yaratmış ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya könül dolusu minnətdarlığımızı yetirirəm! Sənətə, sənətkara diqqət və qayğının gənc nəsillərin sənətə həvəslənməsi, yeni xarüqələrin yaranması üçün yollar açdığına inanıram. Bu əziz gündə ən böyük diləyimiz növbəti Milli Musiqi Günümüzü Şuşada keçirməklə bağlıdır. – O günə bugündən salam olsun!

Milli Musiqi Günü münasibəti ilə, respublikamızın musiqi ictimaiyyətini bir daha təbrik edir, uğurlar arzulayıram!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

19 Sentyabr 2020 09:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə