Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Poliklinikalar əvvəlki iş rejiminə qayıdır

Hazırda karantin qaydalarının yumşalmasından sonra poliklinikaların öz fəaliyyətlərini standart qrafik üzrə bərpa edib və bütün tibb heyətinin tam şəkildə iş cədvəlinə uyğun işləməsi bərpa olunub. Bunu Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.  Onun sözlərinə görə, indi həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər:

"Özü də, pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır. Pasiyentlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə, həkimin qəbuluna öncədən yazılmadan da düşmək mümkündür".

Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri poliklinikalarda tətbiq edilən qəbul qaydalarını da sadalayıb. Onun verdiyi məlumata görə, poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür. Təhlükəsizliyi təmin etmək üçün poliklinikanın girişində spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrin yerləşdirilməsi və binaya daxil olan hər bir şəxsdən tibbi maskaların taxılması tələb olunur. Poliklinikalara gələnlərin bədən temperaturu 37.100C və daha yuxarı olduğu müəyyən olunduğu halda, onların poliklinikaya girişinə qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir.

Bakı şəhər poliklinikalarında hal-hazırda planlı və diaqnostik tibbi müayinələr aparılır. Bu müayinələr standart qrafiki üzrə aparılır və sahə həkiminin öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət edir. Lakin xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir. Bundan başqa,  ixtisas həkimlərinin diaqnostik müayinələri sahə həkimlərinin göstərişi ilə həyata keçirilir.  Qadın məsləhətxanalarında iş eyni qaydada davam edi, hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələri həyata keçirilir.

Qeyd edək ki, poliklikalarda dispanserizasiya və vaksinasiya prosesləri barədə onu demək olar ki, ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılmışdı. Hal-hazırda karantin qaydalarının yumşalamasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə öz təsirini göstərmişdir. Hal-hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir.

İmtiyazlı qruplara daxil olan xəstələr resept üzrə dərman preparatları ilə təmin olunurlar. Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar. Eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər. Digər xəstələr sahə həkiminin qəbulundan sonra apteklərə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər.

Daha sonra Bakı şəhər poliklinikalarının binalarında görülən sanitar-epidemioloji tədbirlərin təşkili haqqında məlumat verilib. Poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırılır, giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsinə nəzarət edilir. Həmçinin bildirib ki, Bakı şəhər poliklinikalarında çalışan tibbi heyətin təhlükəsizliyi tam təmin olunub.

Onu da diqqətə çatdırmaq lazımdır ki, koronavirusunun sürətli yayıldığı mərhələdə (aprel--iyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmuş Bakı şəhər poliklinikalarının bütün tibbi və texniki heyəti COVID-19 testindən növbəli şəkildə keçirilib.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Sentyabr 2020 09:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə