Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 17 il ərzində ölkəmizin bütün dünya miqyasında nümunəvi sayı­lan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni səmərəli inkişaf modeli formalaşıb. Eyni zamanda, həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycan ötən müddətdə respublikanın iq­tisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bu dövrdə neft gəlirləri hesabına maliyyə imkan­larının genişlənməsi fonunda əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Ölkəmiz iqtisadi infrastruktur quruculu­ğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.

Bu gün qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bununla belə, yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Prezi­dent İlham Əliyevin yaranan yeni çağı­rışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzala­dığı müvafiq fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar mühüm önəm daşıyıb.

Yeni dövrün çağırışına uyğun olaraq hazırda ölkəmizdə daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi istiqamətində cid­di tədbirlərə başlanılıb. Bununla bərabər, ixracın təşviqi sistemi də artıq işə salınıb. Belə bir şəraitdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan sənayeləşməyə xüsusi önəm verilib. Əsas diqqət tələbatın ödənilməsində yerli məhsulların payının artırılmasına, ixrac potensialının yüksəldilməsinə, ümumilikdə neft-qaz amilindən asılılı­ğın daha da azaldılmasına yönəldilib.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında da bu prioritet istiqamət barədə deyib: “Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var”.

Dövlətimizin başçısı daha sonra son illərdə bu sahədə genişmiqyaslı layihələr reallaşdırıldığını, hazırda isə idxaldan asılılığın nəzərə çarpdığı sahələrə daha çox diqqət göstərməyin zəruriliyini vurğulayıb: “Harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezi­dent statusu verilməlidir, eyni zaman­da, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ay­rılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır...”.

Azərbaycanda yerli məhsulların istehsalının gücləndirilməsində iqti­sadiyyatın şaxələndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu zaman qeyri-neft sənayesinin inkişafı prioritet istiqamət olaraq diqqətdə saxlanılıb.

Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respubli­kasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırla­daq ki, adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazır­lanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri xüsusi vurğulanıb.

Son illər müasir texnologiyala­rın və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgi­ya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublika­mızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə son illərdə sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları istifadəyə verilib.

İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə sənayenin modernləşdirilməsi və strukturu­nun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsa­lının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr uğurla gerçəkləşdirilib.

Azərbaycanda ÜDM-in struktu­runda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə, Avropada ön sırada gedən respublikamız hazır­da sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiya 70 faizə yaxın artıb. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə yüksəlir. Eyni zaman­da, Azərbaycanın liderliyi ilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüs­tan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Buna görə də Azərbaycan artıq beynəlxalq aləmdə bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınıb.

Sənayenin qeyri neft-qaz sekto­runda artım qeydə alınması təsadüfi deyil. Bu, neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olması deməkdir. Belə bir vəziyyət, həm də ondan xəbər verir ki, qeyri-neft sekto­ru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir. Bu, eyni za­manda, 2015-ci ildən sonra dərinləşən islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir.

Bu gün dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye park­ları və məhəllələrinin yaradıl­ması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.

Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili də uğurla davam etdirilir. Ölkənin regionların­da 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 50 milyon manatdan çox investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə ya­tırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyö­nümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Bu baxımdan, həyata keçirilən işlər arasında aqrar sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, regi­onlarda iqtisadi potensialın artırıl­masında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qa­baqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının qurulması özündə mühüm amilləri və hədəfləri birləşdirir.

Bütün bunlar Azərbaycanda daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi siyasətinin aqrar sektorda da diqqət mərkəzində saxlanıldığını göstərir. Koronavirus pandemi­yası ilə mübarizə şəraitində kənd təsərrüfatı məhsul istehsalçıla­rının zərər çəkməməsi üçün bir sıra kompleks tədbirlərin həyata keçirilməsi də məhz bununla bağlıdır.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında respublikada kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb. Bitkiçilik sektoru üzrə artım 0,7 faiz, heyvandarlıq üzrə isə 3,2 faiz olub.

Yeri gəlmişkən, bu müsbət göstəricilər bir tərəfdən korona­virus pandemiyası, digər tərəfdən quraqlıq və su qıtlığı şəraitində qeydə alınıb.

Onu da xatırladaq ki, cari ilin yanvar-iyul aylarında 444 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kartof ixracı 26 faiz, tərəvəz ixra­cı 13,5 faiz, albalı və gilas ixracı 15 faiz artıb.

Qeyd edək ki, kənd təsərrüfatının subsidiyalaşdı­rılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiya­ların və ixracın təşviqi, lisenziya­laşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsa­lın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, habelə digər dövlət dəstəyi mexanizmləri ölkədə daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi siyasətinin mahiyyətini göstərir.

V.BAYRAMOV, “Xalq qəzeti”

19 Sentyabr 2020 02:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə