• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Berlin Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı olduğunu etiraf edir

Almaniya hökuməti Bundestaqdakı AfD fraksiyasının sorğusunu cavablandırarkən belə bəyanat verib

Berlin Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı olduğunu etiraf edir

Kütləvi informasiya vasitələrinin oktyabrın ­10-da yaydığı çoxsaylı siyasi xəbərlərdən ikisi Azərbaycan xalqı və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Həmin xəbərlərin birincisi ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış Minsk qrupunun həmsədri olan ABŞ rəsmisinin dilindən yayılmışdı. Belə ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Azərbaycana səfərinin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında demişdi ki, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Madrid prinsipləri əsasında həll olunmalıdır: “ABŞ ATƏT-in Minsk qrupu həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsnin həlli üçün üzərinə düşən öhdəliyi ciddi qəbul edir”. Məlum olduğu kimi, BMT TŞ-nın qətnamələri və Madrid prinsipləri münaqişənin ədalətli həllinə zəmin yaradır.
İkinci xəbər isə ATƏT-in Minsk qrupunun üzvü olan Almaniyadan gəlmişdi: “Almaniya hökuməti Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının ərazisinin bir hissəsi kimi tanıyır və hökumət qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.”
Alman mətbuatının yazdığına görə, ölkənin qanunverici orqanı – Bundestaqda təmsil olunan sağçı radikal AfD fraksiyası Almaniya Federativ Respublikası hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda digər məsələlərlə yanaşı, həmçinin Dağlıq Qarabağa dair bəzi suallar da yer alıb. Hökumətin bu fraksiyanın sualına verdiyi cavab məlumdur. Bəs bu fraksiyanın məramı, məqsədi nədir və kimlərdən ibarətdir?
Xatırladaq ki, ötən il sentyabrın 24- də Almaniyada Bundestaqa seçkilər keçirilmişdi. 19-cu dəfə keçirilən bu seçkilərdə. ümumilikdə 48 partiyanın iştirakına icazə verilsə də, sonrakı proseslərdə bunlardan 6-sı iştirakdan imtina etmiş, qalan 42 partiyadan 34-ü seçkilərdə proporsional, 8-i isə yalnız majoritar qaydada iştirak edəcəklərini təsdiqləmişdir. Seçkilərdə iştirak edən partiya və koalisiyaların nəticələri, seçkilərdən sonra formalaşacaq hökumətlə bağlı ilkin proqnoz, eləcə də onların xarici siyasət kursunun təhlili xüsusi maraq kəsb edirdi.
Ekspertlər yazırlar ki, 2015-ci ilin payızından Avropanı bürüyən miqrant böhranının Almaniyada da geniş vüsət alması ölkənin siyasi iqliminə mənfi təsir göstərmişdi. Nəticədə, bu müddətdə müəyyən sağ təmayüllü partiyalar, xüsusilə də seçkilərdə iştirakını təsdiqləmiş Almaniya üçün Alternativ Partiyası (AfD) əhəmiyyətli dərəcədə seçici səsi toplaya və Bundestaqa seçilmək üçün zəruri olan 5 faizlik səddi aşa bilmişdi. Xristian-Demokratlar İttifaqının (CDU) sədri Angela Merkelin yenidən Kansler postuna namizəd olma istəyini bildirməsi ilə ittifaq partiyaları 2016-cı ilin sonundan sorğularda məruz qaldığı dərin geriləmədən qurtula bilmiş, səsvermənin nəticələrinə əsasən, 32,8 faiz səs toplayaraq yenidən seçkilərin qalibi olmuşdu. Beləliklə, 2005-ci ildən Federal Kansler vəzifəsini icra edən 62 yaşlı hökumət başçısı yenidən bu vəzifəyə seçilmək şansı əldə etmişdi.
Yeri gəlmişkən, siyasi mövqeyinə görə, Sosial-Demokratların sol qanadına aid edilən Martin Şultsun 2012-2017-ci illərdə Avropa Parlamentinin prezidenti olduğu dövrdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələr xeyli gərginləşmişdi. Belə ki, 2014-cü ilin sentyabr və 2015-ci ilin iyun aylarında Azərbaycanla bağlı keçirilən qərəzli dinləmələrin təşəbbüskarlarından biri məhz M.Şults olmuşdur. Lakin o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində meydana gələn sayı 1 milyondan çox azərbaycanlı qaçqınların hüquqlarının Ermənistan tərəfindən pozulması məsələsinə analoji surətdə toxunmamışdır.
Ölkənin siyasi spektrində birmənalı olaraq sağçı-populizmə – radikal sağa aid edilən Almaniya üçün Alternativ (AfD) Partiyasının nüfuzu və sorğularda səs göstəricisi ­2015-2016-cı illərdə qaçqın böhranının şiddətlənməsi ilə əlaqədar olaraq xeyli artmışdı. Bu partiya seçkilərə iki lider namizədin başçılığı ilə qoşulmuş və sonda 13 faiz səslə üçüncü olmuşdu.
İndi məhz həmin partiyanın təmsilçiləri – Bundestaqda təmsil olunan sağçı radikal AfD fraksiyası Almaniya Federativ Respublikası hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda digər məsələlərlə yanaşı, Dağlıq Qarabağa dair bəzi suallar da yer alıb. Hökumətin sözügedən sorğuya cavabı isə böyük diqqət çəkib. Cavabda qeyd olunur: “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə Almaniya Federativ Respublikası və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətindəki Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. Hökumət qondarma “Dağlıq Qarabağ Respublikası”nı ­tanımır.”
Təbii ki, beynəlxalq əhəmiyyət kəsb edən sualları ortaya atan tərəflər də dünya ictimaiyyəti üçün maraq kəsb edir. Ancaq fikrimizcə, həmin məqamda məhz sualın cavabı daha çox diqqət çəkir. Odur ki, ekspertlər Almaniyanın qanunverici orqanında təmsil olunan fraksiyanın sorğusuna cavab olaraq, ortaya qoyulan mövqeyin Azərbaycanın maraqlarına tam uyğun gəldiyini bildirirlər. Söylənilir ki, Avropanın və dünyanın nəhəng siyasi və iqtisadi gücünə çevrilən, Minsk qrupunda da təmsil olunan bir dövlətin Dağlıq Qarabağ münaqişəsinə Ermənistanın bütün arqumentlərini heçə endirən tərzdə yanaşması gələcək danışıqlarda rəsmi Bakıya diplomatik üstünlüyü təmin etməklə bərabər problemin ədalətli həlli variantının dəstəklənməsinə, status-kvonun dəyişdirilməsinə və substantiv danışıqların aparılmasına təkan verə bilər.
Mətbuat yazır ki, Almaniya hökuməti sorğunun müvafiq bəndlərinə, yəni, Dağlıq Qarabağda insan hüquqları, mətbuat azadlığı, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və digər məsələlərə dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” – sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” – cavabını verib. 
Xatırladaq ki, bu bəyanat vaxtilə alman Bundestaqında Azərbaycanla bağlı demokratiya, insan haqları və digər məsələlər ətrafında manipulyasiyalar edən fraksiyalar üçün xəbərdarlıq da sayıla bilər. Ekspertlər qeyd edirlər ki, rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq normaları çərçivəsində yanaşması, şübhəsiz, digər ölkələr və hökumətlər üçün presedentə çevriləcək.
Başqa bir məqama da diqqət yönəldək. Son illər Azərbaycan və Almaniya arasında münasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsi Bakı-Berlin əlaqələrinin Dağlıq Qarabağ mövzusunda da yaxınlaşmasına kömək edir. Məsələn, bu il avqustun 25-də respublikamıza səfər edən Almaniyanın Kansleri Angela Merkel Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirmişdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və rəsmi Berlin buna Minsk qrupu çərçivəsində öz töhfəsini verir.
Xüsusilə vurğulayaq ki, Almaniya Avropa İttifaqı üzrə Azərbaycanın vacib tərəfdaşlarından biridir və bu gün ölkəmizdə 150-dək alman müəssisəsi fəaliyyət göstərir. Rəsmi Berlin Azərbaycanın Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu da yüksək qiymətləndirir.

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

11 Oktyabr 2018 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin