Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: İctimai nəzarətin güclənməsi şəffaflığın artmasının mühüm şərtidir

Son illərdə Azərbaycanda korrupsiyaya qar­şı mübarizə dönməz xarakter alıb. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü tədbirlər görülür. Ölkədə 2018- ci ilin aprelindən başlanmış və həyatımızın demək olar ki, bütün sahələrini – sosial, iqtisadi, siyasi, ictimai, mədəni və digər sahələri əhatə etmiş geniş­miqyaslı islahatlar kursunun vacib istiqamətlərindən biri də korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya, süründürməçiliyə və digər bu kimi neqativ hallara qarşı mübarizənin təşkili ilə bağlıdır.

Təsadüfi deyil ki, indiyədək korrupsiya ilə mübarizə sahəsində müvafiq proqramlar, qanunvericilik aktları qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin si­yasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Bütün bunlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə Azərbaycan liderinin iradəsinin dönməz olduğunu göstərir.

Xatırlatmaq yerinə düşərdi ki, lap bu yaxınlarda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissi­yasının yeni tərkibi formalaşdırılıb və komis­siyanın ilk iclası keçirilib. Artıq bu istiqamətdə mübarizənin ölkədə gerçəkləşdirilən islahatlar kursuna tam cavab verməsi üçün yeni Milli Fəaliyyət Planı işlənib hazırlanır. Komissiya­nın yanında işçi qruplar yaradılıb. Müvafiq qurumlar qarşısında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək vəzifəsi qoyulub.

Bu istiqamətdə mübarizənin Azərbaycanda dönməz olduğu Prezident İlham Əliyevin mayın 1-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən də aydın göründü. Dövlət baş­çısı ölkədə islahatların uğurla davam etdirildi­yi, siyasi, iqtisadi və sosial sahələrdə həyata keçirilmiş islahatların müsbət nəticələr verdi­yini, bu addımların vətəndaşlar tərəfindən də yüksək qiymətləndirildiyini, hüquq-mühafizə orqanlarında da islahatlar aparıldığını bildirdi: “Təbii ki, hüquq-mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə, ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq-mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Prezident qeyd etdi ki, prokurorluq or­qanları korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə həmişə öndə olmalı, daha fəal iş aparmalıdırlar. Dövlət başçısı təəssüflə xatırlatdı ki, bəzi məmurlar onun sözlərinə əməl etmədikləri üçün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xüsusi əməliyyatlara hədəf olublar. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs olunublar və cinayət məsuliyyətinə cəlb ediliblər. Prezident İlham Əliyev daha sonra deyib: “Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçıları­nın, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq”.

Arzuman MURADLI,
iqtisadiyyat üzrə fəlsəfə doktoru

19 Sentyabr 2020 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə