Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Payız mövsümündə koronavirusa yoluxmamaq üçün daha məsuliyyətli olmalıyıq

Ekspertlər son bir ayda dünyada daha 8 milyon nəfərin koronavirusa yoluxduğu­nun müşahidə olunduğunu deyirlər. Ən çox yoluxma hallarının ABŞ (6 828 301), Hindis­tan (5 118 253) və Braziliyada (4 421 686) qeydə alındığı bildirilir. Operativ qərargahın məlumatına görə, sentyabrın 19-dək Azərbaycanda 38 min 894 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 36 min 424 nəfər sağalıb. COVID–19-dan ölənlərin sayı isə 572 nəfərdir. Türkiyədə 296 min 391 nəfər virusa yoluxanın 7 min 249-u, Rusiyada 1 milyon 079 min 519 yoluxandan 18 min 917–si, İranda 410 min 334 nəfər koronavirus diaqnozu qoyulanın 23 min 632 nəfəri, Gürcüstanda virusa yoluxan 2 min 758 nəfərdən 19-u, Ermənistanda 46 min 376 nəfər xəstədən 923 nəfəri vəfat edib. Ümumiyyətlə, dünyada koro­navirusa yoluxanların sayı 30 milyonu keçib.

Artıq bir çox Avropa ölkələrində yenidən sərt karantin rejiminə keçilib. Pandemiyanın başlamasından ötən 8 aydan artıq bir müddətdə virusun zəifləməməsi, yoluxanların sayının bəzi ölkələrdə indi də getdikcə artması üzü qışa doğru yaxşı nəticələrin əldə edilməyəcəyindən xəbər verir. Ölkəmizdə bir çox məhdudiyyətlərin götürülməsi, çox sayda iş yerlərinin fəaliyyətini davam etdirməyə başlaması da insanların ünsiyyətini artırdığına görə, yoluxmalar çoxalır.

Tədris müəssisələrinin, hətta, pande­miya qaydalarına uyğunlaşdırılaraq açıl­ması belə yoluxmaların artma ehtimalını yaradır. Çünki mütəxəssislər uşaqların virusa yoluxmadıqlarını iddia etsələr də, onların daşıyıcı olmalarını hələ pande­miya başlayanda deyirdilər. Kiçikyaşlı uşaqlarda timus vəzinin orqanizmə düşən virusu məhvetmə xüsusiyyəti olduğundan onların COVID–19-a yoluxmama şansları böyükdür. Amma məktəbdə 7-17 yaş ara­lığında şagirdlər, həmçinin pedaqoji kol­lektiv olduğundan tədris müəssisələrində fəailyyət operativ qərargahın tələblərinə uyğun qurulmalı və qaydalara ciddi əməl edilməlidir.

Təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri arasında şagird və tələbələrin sağlamlığının qo­runması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin apa­rılması və ilk tibbi yardımın göstərilməsi indi daha önəmlidir. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da, məktəbə ilk dəfə gedən uşağa fiziolo­ji, psixoloji və sosial adaptasiyalardan keçməyə, təhsil müəssisələrində fəaliyyət göstərən peşəkar psixoloq, sosial peda­qoq, loqoped və tibb bacılarından ibarət olan peşəkar heyət kömək edir. “Reginal Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu BAĞIROVA yeni dərs ilinin başlanması ilə bağlı, pedaqoji kollektivlərin artan məsuliyyətindən danışarkən dedi:

– Ölkəmizin təhsil ocaqlarında qaydalara görə, şagird sayından asılı olaraq, tibbi kabinetlər fəaliyyət göstərir. Pandemiya dövründə isə buna ikiqat diqqət ayrılmalıdır. Orada çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidirlər.

Payız-qış fəsillərində havaların dəyişməsi, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən şagirdlərin immunitetlərinin zəifliyi, otaqlarda masaların sıxlığı, əks- epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin in­feksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigi­yenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunmaları vacibdir.

COVID–19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş tədbirlərdən danışarkən bildirməliyik ki, məktəblərin açılması ilə yeni dərs ilində onlayn təhsilə alışmış pedaqoji kollektiv məktəblərə, əvvəlki iş rejiminə qismən də olsa qayıdacaq. Amma bu məsələdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Nəzərə alsaq ki, koronavirusun gizli daşıyıcıları uşaqlar hesab olunur, o zaman müəllimlərin evdə olduqları zamandakı kimi özlərini ciddi qorumaları çətin olacaq. Uşaqlar koronavirusu evdən, küçədən məktəbə daşıya bilər və əlbəttə ki, təhlükəsizlik tədbirlərinə əməl etmədikdə, sinif yol­daşları və müəllimlərinə ötürə bilərlər. Mütəxəssislərin bildirdiklərinə görə, uşaqlar koronavirusu yüngül, simp­tomsuz keçirdiklərindən, məktəblərdə müəllimlər, xüsusən, orta yaşlı pedaqoq­lar özlərinin müdafiəsi barədə daha çox düşünməlidirlər.

Eyni zamanda, artıq payız gəlib. Havalar dəyişkəndir, 35 dərəcə rütubətli isti, bir saat içində buludlu sərin havaya dönür. Dünənki günəşli hava bu gün küləklə, yağışla əvəzlənir. Payız ayların­da belə kəskin hava dəyişmələri həmişə həm uşaqlarda, həm böyüklərdə, yuxarı tənəffüs yolları xəstəliklərinin artması ilə nəticələnir.

İndi ötən illərdəki vaxt deyil. Pan­demiya dövründə hər öskürəkdə, hər qızdırma halında panikaya düşmək lazım deyil. Gigiyenik qaydalara əməl etməklə, bunların öhdəsindən çox rahat gələ və uşaqları qoruya bilərik. Bilirik ki, ənənəvi dərs ilindən fərqli olan builki tədris ili yeni qaydalara, yeni tələblərə uyğun başladı. Belə ki, dərs günü başlamazdan bir neçə gün əvvəl təhsil müəssisələrinin həyəti, sinif otaqları, ümumi istifadə yerləri de­zinfeksiya edilib, məktəblilərin istifadəsi üçün dezinfeksiyaedici məhlullarla təmin olunub. Bilik günü məktəbə daxil olan şagirdlərin hər birinin əlləri gigiyenik tələblərə uyğun olaraq spirtlə dezinfeksiya edildi. Valideyn olaraq uşaqların sağlam­lığının qorunmasına diqqət üçün təşkil edilən bu hazırlıqdan məmnun qaldım.

Eyni zamanda, özlərini məktəbdə, sinif otaqlarında koronavirusa yoluxmaqdan qorumaq üçün operativ qərargahın verdiyi tövsiyələrə uyğun olaraq, sinifdə dərs zamanı, müəllimlərin üzünün şəffaf ekranla bağlanmasına əməl edildi. Uşaqlarla təmasda ara məsafəsi gözlənildi. Orada valideynlərə bildirdilər ki, müəllimlərə jurnal, uşaqların kitab - dəftərlərinə, çantalarına yalnız əlcəklə toxunmaq tapşırılıb. Həmçinin tövsiyə edilib ki, uşaqların başı üzərində çox dayanmaq, əllə onların üzünə, burnuna, başına toxunmaq olmaz. Müəllimin masası hər 45 dəqiqədən bir dezinfeksiya edilməli, hər dərsdən sonra əllər isti su və sabunla yuyulmalı, 2 saatdan bir təmiz havaya çıxıb maskasız tənəffüs alınmalıdır. Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açılacaq, otaqların havası dəyişdiriləcək.

Bunlar sadə, əməl edilməsi asan məsələlərdir. Həm gigiyenaya əməl etmək, həm maska taxmaq heç kəsdən ağır əziyyət, əlavə güc tələb etmir. Sadəcə qay­dalara əməl etməklə, virusdan uzaqlaşıb sağlamlığımızı qorumuş oluruq. Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild iddia edib ki, qoruyucu maska koronavirusa qarşı peyvənddən daha effektlidir. O, maskanın koronavirusa yoluxmaya qarşı işə yaradığının dəqiq sübutları olduğunu bildirib. Peyvəndin hər kəsdə eyni səviyyədə müdafiə mexa­nizmi yaratmadığını qeyd edən direktor maskanın peyvənddən daha zəmanətli olduğunu vurğulayıb. Buna görə də qapalı məkanlarda, ictimai nəqliyyatda, insanların çox toplaşdığı dayanacaqlarda, marketlərdə kassaların önündə maska­dan istifadə etməklə yoluxmadan qoruna bilərik.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

19 Sentyabr 2020 02:41 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə