Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik

Prezident İlham ƏLİYEV: Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik

Bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş nitq söyləyən ölkə başçısı 9 ay ərzində qazanılmış uğurlardan, qarşıdakı vəzifələrdən danışdı. Həmçinin dövlət başçısı xarici siyasət sahəsində əldə olunan nailiyyətlərdən, ölkəmizin beynəlxalq aləmdə reytinqinin getdikcə artmasından, bu dövrdə reallaşan xarici səfərlərindən, həmin səfərlər çərçivəsində milli maraqlarımızın, dövlətçiliyimizin yüksək səviyyədə qorunmasından, habelə imzalanan sənədlərdən söhbət açdı. Bundan başqa, dövlət başçısı son dərəcə vacib sahələrlə bağlı haqlı iradlarını və tənqidlərini bildirdi. 
Prezident İlham Əliyev ­iclasda ölkənin həyatı ilə bağlı son dərəcə zəruri təhlillərini diqqətə çatdırdı. Bildirdi ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Bununla yanaşı, qeyd edildi ki, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik.
2018-ci ilin 9 ayının yekunlarının müzakirəsi, burada səsləndirilən faktlar bir daha təsdiqlədi ki, bu dövr də Azərbaycan üçün uğurlu olub. Ən əhəmiyyətlisi odur ki, son 9 ay ərzində Azərbaycanda həmişə olduğu kimi, sabitlik, əmin-amanlıq hökm sürüb, əhali təhlükəsizlik şəraitində yaşayıb. Bunu ölkəmizə gələn turistlər də etiraf edirlər. Yeri gəlmişkən, qeyd edək ki, son vaxtlar respublikamızda keçirilən beynəlxalq tədbirlərin, dünya miqyaslı idman yarışlarının, mədəniyyətlər və sivilizasiyalararası dialoqların sayı xeyli artıb. Bu, ilk növbədə, Azərbaycanın dünya birliyində sabitlik, əmin-amanlıq adası kimi tanınmasından irəli gəlir. Ölkəyə gələn qonaqlar və turistlər yaxşı dərk edirlər ki, onların təhlükəsizliyi yüksək səviyyədə qorunur. Çünki Azərbaycan kimi sabit bir ölkədədirlər. Belə tədbirlər zamanı turistlərin sayı da çox olur. Onlar paytaxt küçələrində istənilən vaxtda rahat, təhlükəsiz, heç bir xoşagəlməz insidentlə qarşılaşmadıqlarından, tam sərbəst gəzdiklərindən məmnunluqlarını ifadə edirlər. Təbii ki, qonşu regionlarda və ölkələrdə belə deyil və hər zaman qorxulu proseslərin baş verə biləcəyi gözlənilir. Dövlətimizin başçısı da qeyd etdi ki, bütün bunlar Azərbaycanda davamlı sabitliyin, əmin-amanlığın olması ilə əlaqədardır. Bu, bizim nailiyyətimizdir. Təbii ki, bunun da əsasında Azərbaycan xalqı ilə iqtidarının həmfikirliyi, “Prezident-xalq” birliyi dayanır. Bu, qazanılan uğurlarımızın əsas amilidir. 
Dövlət siyasətinin prioritetini təşkil edən xarici siyasət sahəsində qazanılan uğurlar xüsusi qeyd olunmalıdır. Bu istiqamətdə atılan yaddaqalan addımlar ölkəmizin mövqelərini daha da möhkəmləndirmiş, Azərbaycanın sülhsevər, müstəqil siyasət yeridən ölkə kimi tanıtmışdır. Bu uğurların qazanılmasında, ölkəmizin dostalarının çoxalmasında və əməkdaşlığının artmasında dövlət başçımızın xarici ölkələrin rəhbərləri ilə keçirdiyi həm ikitərəfli, həm də çoxtərəfli formatlarda görüşlərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Həmin görüşlərdə aparılan danışıqlar, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin uzanmasının səbəbləri müzakirə mövzusu olub. Həmçinin Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsi, cəbhəboyu ərazilərdə təxribatlar törətməsi və beynəlxalq birliyin bu ədalətsizliyə laqeyd münasibəti də diqqətə çatdırılb. 
Azərbaycan Prezidentinin doqquz ay ərzində 12 xarici ölkəyə səfər etməsi, həmçinin 15 dövlət və hökumət başçısının Azərbaycana səfərləri bir daha təsdiqləyir ki, respublikamzda çevik və çoxşaxəli xarici siyasət həyata keçirilir və ikitərəfli formatda əldə edilmiş razılaşmalar uğurla icra edilir. Bütün bunlar Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb.
Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətdə qonşu ölkələrlə münasibətin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Cari ilin 9 ayı ərzində də bu sahəyə xüsusi önəm verildiyinin şahidi olduq. Eyni zamanda, müsəlman ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın daha da genişləndirilməsi prioritet təşkil edir. Bu müddət ərzində İslam Əməkdaşlıq Təşkilatı, bu təşkilata üzv ölkələrlə əlaqələrimiz daha da inkişaf etdirilib. Ölkə başçısı bu əlaqələri yüksək qiymətləndirdi: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. Təsadüfi deyil ki, keçən il bizdə “İslam Həmrəyliyi ili” elan olunmuşdur. Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik”.
Bu il Azərbaycanın ikinci şəhəri Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülməsi, İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir. Dövlət başçısı bunu müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qiymətləndirdi. Dedi ki, bu qərar bizim İslam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik. Eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaqdır. 
Qonşu ölkələrlə əlaqələrimizin yeni pilləyə qalxdığını diqqətə çatdıran dövlətimizin başçısı öz nitqində bu məqamı da xüsusi vurğulayaraq, qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərinin olduğunu xatırlatdı. Dedi ki, bu görüşlər zamanı əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, həm də regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir.
Həmişə olduğu kimi, bu müşavirədə də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə xüsusi diqqət ayrıldı. Prezident qeyd etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb və olmayacaq: “Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”. 
Ermənistanın yeni rəhbərliyinin bir-birini təkzib edən bəyanatları, gah sülhdən, gah da müharibədən danışması, məsuliyyətsiz fikirlər səsləndirməsi onun danışıqları davam etdirmək fikrində olmadığından xəbər verir. Əslində, belə siyasi savadsızlar özləri də yaxşı dərk edirlər ki, onların danışıqlar masasında oturmağa haqqı və savadı çatmır. Belə dayaz düşüncə sahibi olan Ermənistanın yeni rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini bilərəkdən pozaraq, israr edirdi ki, danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də tərəf kimi iştirak etsin. Halbuki, dünya birliyinə də bəllidir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, hüquqi və tarixi torpaqlarıdır. Bu fakt artıq dünya ictimaiyyəti tərəfindən də açıq şəkildə etiraf olunur. Xatırladaq ki, bugünlərdə Avropanın ən güclü dövlətlərindən hesab edilən Almaniya Federativ Respublikası da Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab etdiyini bildirib. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan edib.
Digər beynəlxalq qurumlar da Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu açıq şəkildə bəyan edirlər. Ölkə rəhbəri bu fakta müşavirədəki nitqində bir daha diqqətə çatdırdı: “Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri inkişaf etdirilib. Avropa İttifaqı ilə bu il imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin isə bir çox üstün cəhətləri var. Xüsusilə də, bu sənəddə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması öz əksini tapıb. Eyni zamanda, NATO-nun son sammitinin yekun bəyannaməsində də münaqişələrin ərazi bütövlüyü prinsipi çərçivəsində nizamlanması məsələsi öz əksini tapıb”. 
Cari ilin 9 ayı ərzində Azərbaycan üçün bir neçə mühüm əhəmiyyətli beynəlxalq hadisə baş vermişdir. Həmin tədbirlərdə respublikamızın da təmsil olunması ölkəmizə olan inam və etimadın nəticəsidir. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi xüsusi qeyd olunmalıdır. Bu, tarixi sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. 
Göründüyü kimi, bu ilin 9 ayı ərzində Azərbaycan xarici siyasət sahəsində də böyük uğurlar əldə edib. Təbii ki, bütün bunlar dövlət başçısının düşünülmüş strategiyasının məntiqi nəticəsidir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

11 Oktyabr 2018 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin