Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin sosial təminatının yaxşılaşdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirilir

Əhalinin sosial təminatının yaxşılaşdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirilir

Azərbaycanda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluq probleminin həlli istiqamətində mühüm tədbirlərin reallaşdırılması dövlətimiz tərəfindən prioritet vəzifə kimi qarşıya qoyulub. Bütün bunlarla bağlı həyata keçirilən islahatlar hər bir vətəndaşın, hər bir ailənin həyatına müsbət təsir göstərib. İnsanların sosial şəraitinin davamlı olaraq yaxşılaşması, maddi gəlirlərinin mütəmadi artması beynəlxalq miqyasda da açıq etiraf olunub. Bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı bəhs edilib. Bildirilib ki, hesabat dövründə inflyasiya cəmi 2,6 faiz olub, əhalinin gəlirləri isə 9,5 faiz artıb. Yəni, gəlirlər inflyasiyanı üstələyib. İqtisadiyyata 9 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız artaraq 45 milyard dollara çatıb. Respublikada 85 min daimi iş yeri açılıb. 
Azərbaycan Prezidenti cənab İlham Əliyev iclasda səslənən həmin rəqəmlərə diqqət çəkərək deyib: “Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən belə bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək…”. 
Burada bir həqiqəti də unutmamalıyıq: Möhtərəm dövlət başçımızın həyata keçirdiyi sosial-iqtisadi siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyi ilə tam uzlaşır. Bəli, indi ölkəmizdə iqtidar və xalq arasında sarsılmaz birlik, monolitlik mövcuddur. Başqa sözlə, xalq-iqtidar birliyinin möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulması Azərbaycanın dinamik inkişafı, tərəqqisi ilə nəticələnib.
Cənab İlham Əliyevin fəaliyyətində nəzərə çarpan ən mühüm cəhətlərindən biri sadə insanların qayğıları ilə yaşaması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində konrket addımlar atmasıdır. Elə buna görə də dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq hər bir məmurdan eyni nümunə sərgiləməsini – vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini tələb edir. Bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər. Ona görə də Nazirlər Kabinetinin sözügedən iclasında cənab Prezidentin məmur məsuliyyəti və onun xalq qarşısında daşıdığı öhdəliklər mövzusuna toxunması da təsadüfi deyil: “Sosial sahədə ciddi islahatlar aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir…”. 
Prezident İlham Əliyev insanlarla təmasa, ünsiyyətə daim önəm verir. Dövlət başçısı paytaxtda, eləcə də müxtəlif bölgələrdə keçirdiyi görüşlərdə insanların arzu və istəklərini diqqətlə dinləyir, problemlərin yerindəcə həlli üçün əlaqədar qurumlara müvafiq göstərişlərini verir. Təbii ki, bu da hər bir vətəndaşın ölkə rəhbərinə inamını, ümidini artırır. Fikrimin təsdiqi olaraq diqqəti iclasda cənab İlham Əliyevin nitqindən bir məqama yönəltmək istərdim. Dövlətimizin başçısı şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə toxunarkən, bu sahədə işləri sürətləndirmək üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrıldığını, onların mənzil probleminin həlli məqsədi ilə 100-dən çox şəhərciyin salındığını xatırladıb, eyni zamanda, bu sahədə çox ciddi islahatların aparılmasına, şəffaflığın təmin edilməsinə zərurət duyulduğunu diqqətə çatdırıb: “Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir… Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”.
Nazirlər Kabinetinin iclasında bu ilin ötən doqquz ayı ərzində respublikada həyata keçirilən tikinti-abadlıq işləri barədə də ətraflı danışıldı. Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işlərinin vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına, onların qayğı və problemlərinin həllinə əlverişli şərait yaratdığı vurğulandı. 
Burada mühüm bir məqama da toxunmaq istərdim. Bu da cənab İlham Əliyevin ölkədə ictimai nəzarətin gücləndirilməsinə xüsusi diqqət yetirməsi ilə bağlıdır. İclasda şəhərsalma qaydalarını pozaraq, özbaşına tikintilər zamanı həyətlərdə ağacları qırılması məsələsinə toxunan Prezident İlham Əliyev deyib: “İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər…”. 
Ölkə Prezidenti bütün çıxışlarında dövlətimizin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən, onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə xatırladır, əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün geniş miqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsinin zəruriliyini vurğulayır. 
Bir sözlə, cənab Prezident cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq qarşısında məsuliyyətini artırır, onları nəzərdə tutulan vəzifələrin uğurla reallaşdırılması üçün daha səylə, əzmlə çalışmağa yönəldir. Məhz bu baxımdan “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” - deyən dövlətimizin başçısı hakimiyyəti xalqa layiqli xidmət göstərməyə dəvət edir.

İlyas ƏSGƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

11 Oktyabr 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin