Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər

Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-17-də icma Xorvatiyanın səfiri Branko Zebiç, Çexiyanın səfiri Milan Ekert, Macarıstanın səfiri Viktor Szederkenyi və Latviyanın səfiri Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icmanın nümayəndələri Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşdırma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıblar.

İcmanın nümayəndələri təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması, qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildiriblər.

 

18 Sentyabr 2020 16:13 -

Köhnə versiyamızdan xəbərləri izlə