• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yerli istehsalın artırılması sürətli inkişafın əsas amilidir

Yerli istehsalın artırılması sürətli inkişafın əsas amilidir

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin qaldırdığı məsələlərə münasibət bildirən iqtisad elmləri doktoru Dünyamalı Vəliyev dedi ki, Azərbaycan cari ildə də öz dinamik inkişafını təmin etmiş və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
Dünyada hazırkı durumu nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkənin inkişafında çox vacib amildir. Azərbaycanda isə təhlükəsizlik və əmin-amanlıq ciddi şəkildə qorunur. Sabitliyin, uğurlu inkişafın təməlində isə ölkə başçısının düşünülmüş siyasəti, eyni zamanda, xalq tərəfindən bu siyasətə göstərilən güclü dəstək dayanır.
Prezidentimiz həmişə olduğu kimi yenə də hesab edir ki, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə atılan addımlar ardıcıl olmalıdır. Həqiqətən əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra edə bilməzdik. İqtisadi durumumuz və iqtisadi müstəqilliyimiz imkan verir ki, Azərbaycan beynəlxalq müstəvidə də müstəqil siyasət yeritsin. Alim daha sonra dedi:
– 2018-ci ildə iqtisadi islahatların dərinləşməsi sahəsində də çox önəmli addımlar atılmışdır. İlin doqquz ayının göstəriciləri belə deməyə tam əsas verir ki, dövlətimiz qarşıya qoyduğu vəzifələrə böyük uğurla nail olur. Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı kimi, ölkəmizin iqtisadi inkişafı bilavasitə yerli istehsalın artımından asılıdır.
İqtisadi göstəricilərin təhlili göstərir ki, bu ilin doqquz ayında iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun təmin olunmasına böyük diqqət və qayğı göstərilir. Kənd təsərrüfatının ardıcıl artımı göz qabağındadır. Doqquz ayda ölkənin bu vacib sektorunda artım 4,3 faiz olmuşdur. Bu da kifayət qədər yaxşı göstəricidir. 
Ölkədə inflyasiya cəmi 2,6 faiz, əhalinin gəlirləri isə 9,5 faiz artmışdır. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, onu göstərir ki, ölkənin maliyyə vəziyyəti sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuş, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılmışdır. Dünya təcrübəsi göstərir ki, bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə əlverişli şərait yaradacaq. 
Valyuta ehtiyatlarımız da artır. Bu gün valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. Bu onu göstərir ki, ölkəmiz vəsaitlərə böyük qənaətlə yanaşır. Həm qarşıda duran vacib məsələlərin həllinə nail oluruq, həm investisiya və infrastruktur layihələrini icra edirik, həm də ehtiyatlarımızı artırırıq. Bu, ölkənin sonrakı dövrdə uğurlu inkişafı üçün çox önəmli amildir. 
Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Bu da çox mühüm göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən belə bir qənaətə gəlir ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, ölkədə çox düşünülmüş iqtisadi siyasət aparılır. 
Azərbaycanda yerli istehsalın artırılması istiqamətində bir sıra vacib layihələr uğurla icra edilir. Dövlətin birbaşa maliyyə dəstəyi ilə nəhəng müəssisələr yaradılır. Məsələn, bu il Polipropilen zavodunun açılışı ölkədə çox əlamətdar hadisə oldu. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı Polietilen zavodu da istifadəyə veriləcək. Həmin zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. Əlbəttə, qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. Orada da sərmayələr yüz milyonlarla dollar həcmindədir.
Yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək. Biz bu zavoda böyük həcmdə sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Həmin müəssisə işə düşəndən sonra Azərbaycan büdcəsinə hər il yüz milyonlarla dollar gəlir daxil olacaq. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. 
2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı qeyd edildi. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışı oldu. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsi qrafikəuyğun icra edilir. Bu layihənin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. 
 Cari ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Xəzər dənizinin ən böyük limanı may ayında istifadəyə verildi. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün daha bir önəmli infrastruktur layihəsi həyata keçirildi. Bütün bunlar o deməkdir ki, Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirir.
 Cənab Prezident Nazirlər Kabinetinin iclasında bir vacib məsələyə də diqqət çəkərək qeyd etmişdir ki, dövlətin indi əsas vəzifəsi kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Hazırda Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azaldılması üçün ciddi addımlar atılır. Həm iri, həm də kiçik sahibkarlar vergidən yayınma hallarına son qoymalıdırlar. Bütün bu tədbirlər, heç şübhəsiz, son nəticədə ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək, Azərbaycanın hərtərəfli inkişafını təmin edəcək. 

Hazırladı:
Ə.BAYRAMOV, 
 “Xalq qəzeti”

11 Oktyabr 2018 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin