Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyatımızın uğurlu inkişafı istiqamətində ardıcıl addımlar atılır

İqtisadiyyatımızın uğurlu inkişafı istiqamətində ardıcıl addımlar atılır

Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı ölkəmizin həm beynəlxalq siyasi müstəvidə, həm də iqtisadiyyat sahəsində əldə etdiyi uğurları ətraflı təhlil etdi. Müstəqil Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində nüfuzunun getdikcə daha da artdığını arqumentlərlə ortaya qoyan möhtərəm Prezidentimiz bu uğurların kökündə dinamik iqtisadi inkişafın və onun dayanaqlığının durduğunu əsas amil kimi səciyyələndirdi. 
Bu gün Azərbaycanın iqtisadi və maliyyə dayanaqlığı elə bir səviyyəyə yüksəlib ki, o, dünyanın iqtisadi, maliyyə müstəvisində baş verən hər hansı bir təlatümləri özündən yan keçirə bilmək şanslarına malikdir. Dünya iqtisadiyyatında baş verən son olaylar da bunu bir daha sübut etdi. Ölkə Prezidentinin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla bərabər, dünyanın siyasi müstəvisində samballı söz sahibinə çevrilir. Bizim siyasi uğurlarımızın kökündə iqtisadi uğurlarımız dayanır. Bu birmənalı şəkildə belədir. Prezident İlham Əliyev müşavirədə bu məqamı xüsusi vurğulayaraq dedi: “Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır”.
Cari ilin ötən dövrü ərzində hökumət iqtisadi sahədə qarşıya qoyduğu bütün məqsədlərə çata bilib. Belə ki, ötən dövrdə iqtisadiyyatımız 0,8 faiz, onun qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artmışdır. İqtisadiyyatın qeyri-neft sektorunun bu iki aparıcı sahəsində əldə olunan uğurlar Azərbaycanda sənayeləşmyə və aqrar sektora dövlət qayğısının məntiqi nəticəsidir.
Ötən doqquz ayda ölkədə inflyasiya cəmi 2,6 faiz olduğu halda, əhalinin gəlirləri 9,5 faiz artmışdır. Yəni, əhalinin gəlirləri inflyasiyanı 3,6 dəfədən çox üstələmişdir. Bu, özlüyündə ölkədə makroiqtisadi sabitliyin əsas göstəricisidir. Azərbaycan manatı artıq ötən ilin aprel ayından başlayaraq ilyarım ərzində tam sabitlik nümayiş etdirir. 
Qonşu ölkələrdə milli valyutalar ətrafında baş verən ucuzlaşmalar fonunda milli valyutamızın bu qədər sabit qalması ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyluşunu şərtləndirən başlıca səbəblərdən biridir. Milli valyutanın sabitliyi olmayan bir ölkədə nə yerli, nə də xarici investorlar yatırımlar etmirlər. Çünki qeyri-sabitlik şəraitində bu, çox riskli bir addım hesab olunur. Ən önəmlisi budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər öz bəhrəsini investisiyalar sahəsində də verməyə başlayıb. Belə ki, ötən 9 ay ərzində iqtisadiyyata edilən yatırımın 5,6 milyard dolları və ya 62 faizindən çoxu qeyri-neft sektoruna qoyulub. İqtisadiyyata yatırımların bu şəkildə şaxələndirilməsi iqtisadiyyatımızın özünün də tez bir zamnda şaxələndirilməsinə gətirib çıxaracaq.
Hesabat dövründə Azərbaycanın maliyyə dayanaqlığını təmin edən valyuta ehtiyatlarımız əlavə olaraq 3 milyard dollar artaraq 45 milyard dollara çatmış, xarici ticarət dövriyyəmiz 37 faiz, qeyri-neft ixracımız isə təxminən 14 faiz artmışdır. Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılmışdır.
İqtisadi inkişafımızın bu mərhələsində dövlət öz maliyyə imkanlarından istifadə etməklə yeni istehsal və emal müəssisələrinin yaradılmasına xüsusi dəstək verir. Bu, iqtisadiyyatın qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirməyin ən yaxşı yoludur. Bu baxımdan Sumqayıtda Polipropilen zavodunun açılışı, ilin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi olan yüksəksıxlıqlı Polietilen zavodunun istifadəyə verilməsi çox mühüm hadisədir. Bu iki müəssisənin qurulmasına 800 milyon dollardan çox sərmayə yatırılıb. Türkiyədə istifadəyə veriləcək “Star” neftayırma zavodunun tikintisinə Azərbaycan 6 milyard dollardan çox vəsait qoyub. Bütün bu yatırımlar özünü tezliklə döğruldacaq və həmin müəssisələrdə istehsal edilən məhsullar Azərbaycana yüz milyonlarla manat gəlir gətirəcəkdir.
Cari ilin ötən dövrünün ən böyük uğurlarından biri 2018-ci ildə Azərbaycanın enerji siyasəti sahəsində əldə etdiyi nəticələrdir. May ayında Bakıda Cənub Qaz Dəhlizinin, ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin rəsmi açlışı oldu. XXI əsrin ən böyük enerji layihəsinin üçüncü hissəsi olan TAP xəttinin inşası üzrə işlər də qrafik üzrə gedir. Deməli, öncədən planlaşdırıldığı kimi, Azərbaycan qazının Avropaya nəzərdə tutulan vaxtda çatdırılmasına nail ola biləcəyik. Biz Avropanın enerji təchizatı məsələlərində bununla kifayətlənmək fikrində deyilik. Hədəflərimiz Avropa ölkələri ilə iqtisadi münasibətləri daha dərin bir müstəviyə keçirməkdir. İndi hədəfimiz növbəti mərhələdə bu ölkələrdə qaz təsərrüfatının idarə edilməsi ilə bağlı məsələlərlə məşğul olmaqdır.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində atılan ən önəmli addımlardan biri ölkəmiz üzərindən tranzit ­yükdaşımaların həcminin artırılması istiqamətində görülən işlərdir. Bununla bağlı reallaşdırılan layihələr bu gün Azərbaycanı bölgənin ən iri tranzit yükdaşımalar məkanına çevirməkdədir. Cənab Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bu məsələdə rolu çox mühümdür. Limanın cari ilin may ayında istifadəyə verilməsi Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti baxımından çox önəmli bir hadisə oldu. 
Bu gün Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ən qısa marşurutlar Azərbaycandan keçir. Hazırda müxtəlif nəqliyyat vasitələri ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmi sürətlə artmaqdadır. Belə ki, cari ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Başlanğıc üçün çox önəmli göstəricidir və həm də o deməkdir ki, yaxın gələcəkdə həmin marşurutla daşınacaq yüklərin həcmi daha da artacaq.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi sahədə uğurla inkişaf edir. O, yeritdiyi daxili və xarici siyasətinə, sözü ilə əməlinin bir olmasına görə dünya birliyi dövlətlərinin dərin hörmətini qazanır, beynəlxalq nüfuzu günbəgün artır. Cənab Prezident ölkəmizin əldə etdiyi siyasi və iqtisadi uğurları çox gözəl şərh edərək dedi: “Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Fikrət Yusifov,
iqtisad elmləri doktoru, professor

11 Oktyabr 2018 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin