Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məqsəd şagirdlərə yüksək təhsil vermək və sağlamlıqlarını qorumaqdır

15 sentyar tarixindən 2020–2021 ci tədris ilinə start verilib. Bütün təhsil müəssisələrində olduğu kimi,  Nəsimi rayonunda yerləşən İ.Əfəndiyev adına Elitar Gimnaziyada da COVID-19 pandemiyası ilə əlaqədar məktəblilərin və pedaqoji kollektivin sağlamlığını qorumaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan bütün tələblərə əməl olunub. Bu fikirləri bizimlə söhbətində məktəbin müəllimi Xalidə Rəşidova bildirdi. O fikirlərini belə bölüşdü:

– Ənənəvi dərs ilindən fərqli olan builki tədris ili pandemiya ilə əlaqədar karantin rejiminə görə tətbiq edilən yeni qaydalara, yeni tələblərə uyğun başladı. Belə ki, bir neçə gün öncədən məktəbin həyəti, sinif otaqları, ümumi istifadə yerləri bir neçə dəfə dezinfeksiya edilib. Gimnaziya məktəblilərin, eləcə də, təhsilverənlərin istifadəsi üçün dezinfeksiyaedici məhlullarla təmin olunub. Bilik günü məktəbə daxil olan şagirdlərin hər birinin əlləri gigiyenik tələblərə uyğun olaraq spirtlə dezinfeksiya edildikdən sonra siniflərə qəbul edildilər. Üzərimizə böyük məsuliyyət düşür. Bu il ilk dəfə məktəbə qədəm qoyan uşaqlarla daha çox ünsiyyət qurub, onlara nəzarəti gücləndirməklə qaydalara uyğun davranmağı başa salmalıyıq.

Eyni zamanda, müəllimlərin özlərini məktəbdə, sinif otaqlarında koronavirusa yoluxmaqdan qoruma­sı üçün operativ qərargah tərəfindən verilən tövsiyələrə uyğun olaraq, sinifdə dərs zamanı, müəllimlərin üzünün şəffaf ekranla bağ­lanmasına əməl edilib. Bu ekranlar hər 3 saatdan bir dezinfeksiya olunmalıdır. Uşaq­larla təmasda ara məsafəsi təmin edildi. Müəllimlərə bildirilib ki, əllərini jurnal, uşaqların kitab - dəftərinə əlcəklə toxundursunlar. Onlar sinifdə hər 1 saatdan bir su ilə boğazlarını yaxalamalı və su içməlidirlər. Uşaqların başı üzərində çox dayanmaq, əllə onların üzünə, burnuna, başına toxunmaq olmaz. Müəllimin masası hər 45 dəqiqədən bir dezinfeksiya ediləcək. Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açılacaq, otaqların havası dəyişdiriləcək.

Elitar gimnaziyada tədris "Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı"na əsasən 15 sentyabrdan 2 gün əyani, 4 gün distant olmaqla I--IV siniflər, V-XI siniflər isə distant formada təşkl edilib. Məqsədimiz bu ağır dövrdə uşaqların təhsilə davamına ciddi yanaşmaq, onların gələcəkdə daha bilikli olmaları üçün bünövrədən – ibtidai sinifdən dərslərə həvəs və maraq oyatmaqdır. Əminəm ki, həm şagirdlərin sağlamlığı keşiyində, həm də biliklərin onlara aşılanmasında məqsədimizə nail olacağıq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Sentyabr 2020 11:15 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə