Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirlər

Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən, son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktı bu münaqişənin ilk günlərindən bəri dünyada hamıya məlumdur. Yəni Ermənistan rəhbərliyinin bu problemə müxtəlif illərdə müxtəliif don geyindirmək cəhdlərinə baxmayaraq, beynəlxalq aləmdə hamı yaxşı bilir ki, Azərbaycan əraziləri işğala məruz qalmışdır. Elə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT-in bu münaqişənin həlli ilə bağlı məxsusi qurum olan Minsk qrupunu yaratması, bir çox aparıcı dövlətlərin məsələni, məhz, adı ilə çağırması da ortada işğal faktının olması ilə bağlı idi. Amma Ermənistan rəhbərliyi həyasızcasına bu faktı gözardı edərək, himayədarlarına arxalanır və beynəlxalq hüquq normalarını kobudcasına pozur, tapdalayır.

Münaqişənin başlanmasından, təxminən, 20 il sonra – 2008-ci il martın 14-də BMT Baş Assambleya­sı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlan­ması ilə əlaqədar “Azərbaycanın iş­ğal edilmiş ərazilərində vəziyyət” adlı rəsmi qətnamə qəbul etdi. Dünyanın ən mötəbər beynəlxalq təşkilatının bu qətnaməsinin adına diqqət yetirin – işğal edilmiş ərazilərdə vəziyyət. Həmin qətnamədə Azərbaycan Respublika­sının ərazi bütövlüyünün və suve­renliyinin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində istis­nasız dəstəkləndiyi birmənalı olaraq öz əksini tapıb.

Bununla yanaşı, Azərbaycan Respublikasının işğal edilmiş torpaq­larından bütün erməni qüvvələrinin təcili, tam və qeyd-şərtsiz çıxarılması qətnamədə qəti tələb kimi qarşıya qoyulub. BMT Təhlükəsizlik Şurasının həmin qətnaməsində öz doğma ata-baba torpaqlarından qovulmuş bütün azərbaycanlıların yurd-yuvalarına qaytarılması, o cümlədən, ərazi münaqişəsindən zərər çəkənlərin tam reabilitasiyasının vacibliyi diqqətə çatdırılıb. Qətnamədə, həmçinin, bildirilib ki, heç bir ölkə işğalçılıq nəticəsində yaranmış situasiyanı qa­nuni saya bilməz və bu situasiyanın inkişafına və saxlanılmasına dəstək ola bilməz. Qətnamənin bu maddəsi, eyni zamanda, Ermənistan tərəfinin işğalçılıq siyasətinə ikili standartlar­dan yanaşan beynəlxalq qurumlara ciddi bir siqnal idi.

Bəs nəticə hanı? Ermənistan BMT Təhlükəsizlik Şurası başda ol­maqla, bütün beynəlxalq təşkilatların iradəsinə zidd getmək gücünü hara­dan alır? Nə üçün dünya ictimaiyyəti terrorçu, işğalçı, təxribatçı, separatçı ölkəyə “Dayan!” deməyi bacarmır? Ac-yalavac, dilənçi kökündə yaşa­yan kiçik bir dövlət özünü dünya birliyindən üstün tutmağı necə baca­rır?

Yeri gəlmişkən, Ermənistan rəhbərliyi vaxtilə bu münaqişənin ədalətli şəkildə həll ediləcəyinə söz vermiş və rəsmi sənəd im­zalamışdır. Belə ki, 2008-ci ilin sonunda Moskvada üç dövlətin – Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları bəyannamədə münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması öz əksini tapıb. Məlum olduğu kimi, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirdiyi bütün görüşlərdə problemin yalnız ölkələrin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini mümkün he­sab edib. Dünya birliyi də bizi daim dəstəkləyib. Elə Ermənistan rəhbəri də ayrı yolun olmayacağını, nəhayət, dərk edərək 2018-ci ildə belə bir sənədə rəsmən razı olduğunu bildir­mişdi. Ancaq yenə də nəticə yoxdur ki, yoxdur.

Son günlər bu məsələyə daha konkret münasibət bildirən Azərbaycan Prezidentinin fikrincə, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə tənqidlərdən qoruyur­lar. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Avropada elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib: “Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avro­panın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar”.

Yeri gəlmişkən, dövlət başçımız bu məsələ ilə bağlı mülahizələrini dilə gətirərkən dərin mənaya ma­lik, olduqca ibrətamiz bir obrazdan istifadə etmişdir: “ Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik… Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər”.

Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bu gün daha qətiyyətlidir. Çünki son zamanlar bizim aktivimizdə məlum Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz təxribatının qətiyyətlə dəf edilməsi kimi danılmaz üstünlüklər vardır. Erməni ideoloqlarının çir­kin informasiya müharibəsinə cavab verən Azərbaycan Prezi­denti İrəvana mesaj göndərir: “ Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Mənim bu məsələ ilə bağlı kifayət qədər açıqlamalarım olub, o cümlədən, beynəlxalq tədbirlər çərçivəsində və bunu artıq bilməyən yoxdur. Ona görə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək”.

Xatırladaq ki, bu il mayın 9-da Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunub. Dövlət başçımız həmin müsahibədə Dağ­lıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli üçün həyata keçirilən tədbirlər barədə danışdıqdan sonra xatırladır ki, son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb. Əlavə edir ki, bu gün ölkənin silahlı qüvvələrini möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Silahlı qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib.

Şübhəsiz, bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb: “Global Firepower-2019”un hesa­batına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir. Xüsusi qeyd etmək istəyirəm ki, 2006-cı ildə bizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, biz hərbi məhsulları ixrac edirik”.

Biz də yazının bu yerində əlavə edirik ki, son illərdə ordumuz üçün ən müasir texnika və silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən mü­asir rabitə vasitələri, reaktiv yaylım-atəş sistemləri, operativ-taktiki raket kompleksləri var.

Ona görə də qətiyyətlə deyə bilərik ki, işğal edilmiş bütün torpaq­lar yağı tapdağından azad ediləcək, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeni dəstəkləyir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

18 Sentyabr 2020 01:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə