• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəmir yolunun inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir

Dəmir yolunun inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir

Bu gün Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Hazırda ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Dəmir yolunda həyata keçirilən mühüm tədbirlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin bu sahəyə böyük qayğısı sayəsində həyata vəsiqə alıb. Ulu öndərin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə reallaşdırılır, respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesində fəal iştirak edir, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır.
Son illər dəmir yolunun həyatında bir canlanma hiss olunur. Təxminən dörd il əvvəl Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sədr təyin olunması ilə bu qurumun tarixində yeni bir mərhələ başlayıb. Beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərib.
Bütün bunlar barədə dövlətimizin başçısı Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı bəhs edərək, “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında duran prioritet məsələlərə diqqət çəkib, bu sahədə fəaliyyət proqramını müəyyənləşdirib. Dövlətimizin başçısı deyib: “Görülmüş işlər arasında böyük əhəmiyyət daşıyan dəmir yolu layihələridir. Keçən il Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə biz, demək olar ki, Şərq-Qərb dəhlizini işə saldıq. Ələt limanının fəaliyyətə başlaması, demək olar ki, bu zənciri belə tamamladı. İndi biz digər layihələr üzərində işləyirik. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə də başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək”.
Ölkə rəhbəri daha sonra Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsinin icrasının turizmin inkişafına böyük dəstək olacağını, Bakı-Gəncə sürət qatarının xəttə buraxılmasının ilin sonuna qədər nəzərdə tutulduğunu, bununla da paytaxtdan Gəncəyə rahat, komfortlu qatarlarla gedişin reallaşacağını xatırladıb.  
Prezident İlham Əliyev, həmçinin dəmir yolunun tikintisi ilə bağlı digər layihələrin də uğurla icra edildiyini diqqətə çatdırıb: “Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq...”.
Dəmir yolunda qarşıya qoyulan bu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün QSC-nin rəhbərliyi tərəfindən ötən müddətdə bütün qüvvələr ümumi işin icrasına səfərbər olunub. Azərbaycanın dəmir yolu vasitəsilə beynəlxalq yüklərin daşınmasında çox böyük potensiala malik olduğu bir daha təsdiqini tapıb. Bu gün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, İran ərazisində tikilən Astara terminalı, Ələt limanı və digər logistik mərkəzlər Azərbaycanın imkanlarını əsaslı surətdə artırıb.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında hökumətlərarası saziş əsasında çəkilən BTQ dəmir yolunun böyük potensialı var. Şübhəsiz ki, bu potensial yaxın gələcəkdə tam gücü ilə  işə salınacaq, Rusiya və sazişin iştirakçısı olan ölkələr arasında münasibətlər BTQ sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Eyni zamanda, bu dəmir yoluna Avropa ilə Asiyanın da fəal qoşulması ilə yaxın vaxtlarda birbaşa xarici investisiyalar daha da artacaq.  
Rusiya mütəxəssisləri BTQ dəmir yolu marşrutunu Rusiyanın Privoljsk, Ural və Sibir federal dairələrindən Türkiyənin Aralıq dənizindəki limanlarına, daha sonra Afrika və Yaxın Şərq ölkələrinə yükdaşımaların ən qısa yolu kimi qiymətləndirirlər.
Hazırda bir sıra ölkələrin, o cümlədən, Rusiyanın iri şirkətlərinin BTQ-yə marağı daha da artıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin “ADY Express” MMC Rusiyada istehsal olunan poladın əsas ixracatçılarından olan Maqnitoqorsk Metallurgiya Kombinatı (MMK) ilə birgə hazırladığı plana əsasən, BTQ üzrə polad daşınmasını həyata keçirib. Ümumi çəkisi 120 ton olan ilk 4 konteyner cari ilin avqustunda adı çəkilən MMK-nın Türkiyədəki törəmə müəssisəsi olan “MMK Metalurji” şirkətinə çatdırılıb. Konteynerlər 5 min kilometrlik yolu 17 günə qət edib. Bu marşrut üzrə il ərzində 250 min tona qədər metal məhsulların daşınması nəzərdə tutulub.
Onu da qeyd edim ki, BTQ marşrutu MMK-ya Yaxın Şərq,  Avropa, Afrika ölkələrinə Türkiyənin İskenderon şəhərində olan öz limanı vasitəsilə ixrac üzrə çatdırmaların şaxələndirilməsini nəzərdən keçirməyə imkan verir.
MMK ilə əməkdaşlığın birinci mərhələsi artıq uğurla reallaşıb. Daşınmaların tam gücü ilə gələn ilin ortalarında həyata keçiriləcəyi nəzərdə tutulub. İlk daşınma uğurla həyata keçirilib  və bundan sonra Rusiyanın iri şirkətləri tərəfindən “ADY Express”lə əməkdaşlığa maraq güclənib.  
Dəmir yolu ilə yüklərin daşınmasından danışarkən, tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin fəaliyyətinə də toxunmaq istərdim. Mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da il ərzində təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını reallaşdırır.  
Yeri gəlmişkən, Bakıətrafı dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzinə yönəldiləcək yüklərin həcminin 0,8 milyon ton olacağı ehtimal edilir. Beləliklə, paytaxta gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən Abşeron Logistika Mərkəzinə yönəldiləcək. Bu da orta hesabla 125 min yük avtomobili deməkdir.
Bu mühüm infrastruktur obyektinin BTQ, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. BTQ dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.
Abşeron Logistika Mərkəzinin fəaliyyəti getdikcə genişlənir. Ötən ayın 20-də ilk səfəri reallaşan “Bir kəmər, bir yol: Sian-Bakı” beynəlxalq yük qatarının ilk konteyner qatarı Bakıya çatıb və bu münasibətlə Abşeron Logistika Mərkəzində Çinin Azərbaycandakı səfirliyinin nümayəndəsinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.
Ölkəmizin önəm verdiyi və reallaşdırılması tarixi hadisə olan beynəlxalq nəqliyyat layihələrindən biri də Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizidir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. 
Layihənin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bir müddət bundan əvvəl sınaq qatarı sərhədi yeni tikilən körpü vasitəsilə keçib. Eyni zamanda, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. Bu ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazasının və terminalın açılışı olub. 
Hazırda Astarada (İran) aparılan işlər başa çatmaq üzrədir. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.
Proqnozlar göstərir ki, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə  Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaranacaq. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Belə ki, əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq və Baltik dənizlərindən keçərək Helsinki şəhərinə 45-60 gün müddət təşkil edirsə, bu, sözügedən dəhliz vasitəsilə  20-25 gün ərzində reallaşar.
Son illlər ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb. 2015-ci il avqustun 3-dən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyəti canlandırılıb. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb. 
Cənub-Qərb Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən, sözügedən dəhliz üzrə yük daşımaları 7 gün ərzində reallaşdırmaq mümkün olacaqdır.
Azərbaycanda yükdaşımanın səmərəli və keyfiyyətli olması üçün son illərdə dəmir yolu xətlərinin yenidən qurulmasına və  onun saz vəziyyətdə saxlanılmasına mühüm önəm verilir. Prezident İlham Əliyevin bu ilin mart ayında “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalaması da bunun bariz ifadəsidir. “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi hazırda həmin sərəncama əsasən, dəmir yolları xəttinin əsaslı təmir olunmasını diqqət mərkəzində saxlayır, paytaxtətrafı dəmir yolu xəttinin elektrik təchizatı sisteminin əsaslı təmir edilməsini reallaşdırır.      
Xatırladım ki, artıq xeyli vaxtdır ki, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulmasına başlanılıb. 
Son aylar ərzində Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sisteminin əsaslı təmiri ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Böyük Şor stansiyasının kontakt şəbəkəsi yenidən qurularaq əsaslı təmir olunub. İyirmi səkkiz ədəd dəmir-beton dayaq yenisi ilə əvəzlənib və kontakt şəbəkəsi həmin dayaqlara köçürülüb. Bununla yanaşı, uzunluğu 30 metr olan 4 ədəd rigel quraşdırılıb və kontakt şəbəkəsi bu rigellərin üzərinə köçürülərək nizamlanıb. Hazırda stansiyada işlər davam etdirilir.
Bu gün respublikanın digər dəmir yolu mənzillərində də əsaslı təmir işləri reallaşdırılır, kontakt şəbəkələr yenidən qurulur, yoldəyişən qurğular quraşdırılır.
Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, işarəvermə və rabitə sisteminin, lokomotiv və vaqon parklarının yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.
Görülmüş tədbirlər nəticəsində İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları alınıb gətirilib.  Həmin qatarlar 2015-ci il sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb və  qatarın yolasalma  mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
“Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Bunun üçün dəmir yolunda irihəcmli işlər aparılır. Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və artıq başa çatmaq üzrədir. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və indiyədək 210 yoldəyişən yenisi ilə əvəzlənib.   
Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır, yeni lokomotivlər alınır. Qazaxstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanıb. Artıq teplovozlar ölkəmizə gətirilib.
Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 12 may 2014-cü il tarixdə bağlanan müqavilənin tərkib hissəsi kimi hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. Bu yaxınlarda Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” ilə Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb, qısa müddət ərzində  yeni yük vaqonları ölkəmizə gətirilib.
Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri həyata keçirilir. 
Onu da xatırlatmaq istərdim ki, “Azərbaycan Dəmir Yolları”nda gerçəkləşdirilən iri həcmli layihələrin tərkib hissələrindən biri də QSC-nin inzibati binasında əsaslı təmir işlərinin həyata keçirilməsi olub. Burada yenidənqurma müasir standartlar səviyyəsində reallaşdırılıb. Belə ki, binanın dam örtüyü tamam yenilənib, əməkdaşlar üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb, bütün iş otaqları yeni mebel və avadanlıqlarla təchiz olunub, sürətli internet şəbəkəsinə qoşulub, eləcə də isitmə və soyutma sistemi mərkəzləşdirilib. 
Ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıq quraşdırılan səyyar “ASAN qatar” konsepsiyası həyata keçirilib. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. 2016-cı il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub və görülən işləri yüksək qiymətləndirib.  
Sonda fikrimi yekunlaşdırıb deyə bilərəm ki, bu gün xalqımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə öz dövlətinə inam nümayiş etdirərək ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır. Bu isə o deməkdir ki, Azərbaycan bundan sonrakı illərdə də öz uğurlu, dinamik inkişaf yolunu qətiyyətlə davam etdirəcək.

Xeyrulla HÜMBƏTOV, 
Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” QSC üzrə təşkilatın sədri

11 Oktyabr 2018 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin