Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiyadan irəli gələn qaydalara və tövsiyələrə ciddi əməl etməliyik

Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ürəkaçan deyil. Artıq yoluxanların sayı 30 milyona, COVID-19-dan ölənlərin sayı 1 milyona çatmaqdadır. Son zamanlar qadağaların əksəriyyətini aradan götürmüş Avropa ölkələrində yoluxmaların sayı artdığından bəzi yerlərdə yenidən sərt karantin rejimi tədbirləri görməyə başlayıblar. Qonşu Türkiyədə də, Gürcüstanda da yoluxmaların sayı artmaqdadır və bu səbəbdən yenidən qadağaların tətbiq olunmasına başlanılıb.

Bunu nəzərə alan azərbaycanlı ekspertlər də artıq həyəcan təbili çalmağa başlayıblar. Vətəndaşlar, eləcə də mütəxəssislərin bəziləri ölkəmizdə karantin rejiminin yenidən sərtləşdirilə biləcəyini təxmin edirlər. ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana ƏLİYEVA ilə bu barədə söhbətləşdik. O, istər ikinci dalğa, istərsə də sərt karantin rejimi ilə bağlı fikirlərini bizimlə bölüşdü:

– Mütəxəssislər və dünyanın aparıcı epidemioloqları hələ ap­rel ayında ehtimal olunan ikinci dalğanın payız ayına təsadüf edəcəyini təxmin edirdilər. Artıq bunu İtlaiya, Fransa, İspaniya, İsrail, Ukrayna, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə görürük. Bəzilərində hava məkanı qapadılıb, turist qəbulu dayandırılıb, bəzilərində məhdudiyyətlər tətbiq olunub, sərt karantin rejiminə keçiblər. Bizdə pandemiyanın elementləri Avropadan, təxminən, 1 ay sonra başladı. Azərbaycanda ikinci dalğanın oktyabrın ortalarına təsadüf edəcəyi təxmin edilir. Pandemiyaya məruz qalmış ölkələrin təcrübələrinə əsasən, ikinci dalğanın gücünün birincidən daha artıq olması ehtimalı da var. Onu da demək olar ki, əgər Avropa ölkələrində ikinci dalğanın gələcəyi haqqın­da əminliklə danışmaq olardısa, Azərbaycanda bu, ancaq ehtimal edilə bilər.

Birincisi, dünyanın heçbir ölkəsində Azərbaycandakı kimi 6 ay davam edən karantin rejimi tətbiq olunmadı. Hər yerdə həyat normal axarına düşdü, sadəcə, insanlara özlərini qorumaq tövsiyə edildi. İnsanlar da buna ciddi şəkildə əməl etdilər, öz sağlamlıqlarının qayğısına özləri qaldılar. Amma bizdə uzun müddət qadağalar qaldı, bəziləri hələ də davam edir. Ona görə də Azərbaycanda ikinci dalğa olacaqmı, olacaqsa, nə vaxt olacaq, bunu heçkim dəqiq deyə bilməz. Ancaq təxmin edilə bilər.

İkincisi, bizdə əhalinin xeyli hissəsi evdə müalicə edildi, bəziləri xəstəliyi simptomsuz keçirib. Ona görə yoluxanların sayını dəqiq demək mümkün deyil. Operativ qərargahın verdiyi məlumat rəsmi qey­diyata alınan xəstələrin say göstəricisidir. Mütəxəssislərin fikrincə, bəziləri COVID –19-a simptomsuz, eyni zamanda, konyunktivit, mədə-bağırsaq pozulmaları şəklində və ya hərarət olmadan, öskürəksiz, boğulmalarsız yoluxublar və yüngül müalicə ilə sağalıblar. Bu yoluxma və sağalma məhz həmin insanların immuniteti ilə bağlı olan məsələdir. Təbii ki, dəfələrlə alimlər bildiriblər ki, immuniteti zəif insanlar xəstəliyə digərlərindən daha tez yoluxurlar.

Çox böyük ehtimalla ikinci dalğa olacaq. Amma düşünürəm ki, birinci dalğadan heçnə ilə fərqlənməyəcək. Yoluxmadakı rəqəmlərin azalıb-çoxalması həm də aparılan test sayından asılıdır.

Artıq payız gəlib. Havalar dəyişkəndir, 35 dərəcə rütubətli isti bir saat içində buludlu sərin havaya dönə bilir. Kəskin hava dəyişməsi tərləmə-soyuqlamaya səbəb olur. Payız aylarında mövsümi, yuxarı tənəffüs yolları xəstəliklərinin artması normal­dır, zökəmlərin, tonzillit, angina, rinit və virus qriplərin yayılması zamanıdır. Hər öskürəkdə, hər qızdırma halında qəti şəkildə pa­nikaya düşmək lazım deyil. Gi­giyenik qaydalara əməl etməklə, bunların öhdəsindən çox rahat gəlmək olar. Səhər və axşam vaxtları mümkün qədər çox ha­vada olmaq, kəskin hərəkətlər və idman yarışları zamanı ehtiyatlı olmaq vacib şərtlərdəndir.

Təcrübə göstərir ki, belə hal­lar sonrası bədən temperatururun dəyişməsi bu tip xəstəliklərə təkan verir. Xüsusilə, axşam vaxtları kondisionerdən istifadə etmək də məsləhət deyil, hava kifayət qədər sərin olur. Bun­dan başqa, qidalanma da çox önəmlidir. Gündəlik menyuya mütləq sulu yeməklər, soğan, acı bibər, göyərti və müxtəlif tərəvəzlər daxil etmək lazımdır. Ayın sonlarına doğru kom-pleks vitaminlər qəbul etmək də faydalıdır.

Biz yenicə sərt karantin rejimindən çıxmışıq, rayon­lara gediş-gəliş10 gündür ki, açılıb. Bəziləri indidən proqnoz verirlər ki, yenidən sərt rejimə keçəcəyik.

Düşünürəm ki, yasla­ra qadağa ilin sonuna kimi davam etməli, toylar ailə içi keçirilməlidir. Qapalı məkanlarda maska taxmaq şərtilə həyatımıza davam etməliyik. Virus hücumunun hələ 1 il davam etməsi ehtimalı çox güclüdür, amma karantin bir il davam edə bilməz. Buna nə insanlar, nə büdcə, nə də iqti­sadiyyat davam etməz. Deməli, virusla “dinc yanaşı” yaşamağı öyrənməliyik. Təbii ki, insanlar qaydalara laqeyd yanaşsa, maska ilə gəzib-dolanmağa özünü məcbur etməsə, tövsiyələrə əməl olunmasa, sərt karantin rejiminə mütləq zərurət yaranacaq.

Bir həkim, müəllim kimi hər kəsə məsləhətim budur ki, sağlamlığınızı riskə atmayın. Təhlükəli yerlərdə maska taxıb, gigiyenik qaydalara əməl edib özünüzüqoruyun. Əks halda, yenidən iki ay, bəlkə də ilin sonuna kimi davam edən sərt ka­rantin rejiminə zərurət yaranar. Bir qədər də səbirli olmalıyıq. Bu virus illərlə yaxamızdan yapışıb qalası deyil. Nə qədər çox qorunsaq, o qədər yoluxma az olacaq və virusun təsir gücü azalacaq.

Mütəxəssislər bildirirlər ki, ən ağır virusun da aktiv yolux­durma müddəti bir ildən çox ol­mur. Hər şey yaxşılığa doğrudur. Buna inanmaqla bərabər, qorun­mağı, tələblərə əməl etməyi də unutmamalıyıq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

18 Sentyabr 2020 01:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə