Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi”nin sosial-iqtisadi inkişafımızda yeri və rolu

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, fira­van həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Heydər ƏLİYEV
Ümummilli lider


Millətlərin və dövlətlərin taleyində elə hadisələr olur ki, uzun illər keçsə də öz əhəmiyyətini itirmir, nəsillərin yaddaşında yaşayır, dövlətin tarixinə qızıl hərflərlə yazılır. Bu baxımdan, biz 20 sentyabr 1994-cü il tarixində imzalanmış “Əsrin müqaviləsi” adlanan neft sazişini tam məsuliyyətlə və qürurla tarixi hadisə adlandıra bilərik. Doxsanıncı illərin əvvəllərində müstəqilliyini yenicə elan etmiş Azərbaycan dövlətinin möhkəm iqtisadi təməllər üzərində dayanması, müstəqilliyini qoruyub saxlaması və inkişaf etdirməsi üçün siyasi tədbirlərlə yanaşı, zəruri iqtisadi addımların atılmasına da ciddi ehtiyac var idi. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində müasir Azərbaycan dövlətinin qurucusu və banisi ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biri də məhz bütün maneələrə və çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi” sazişini araya-ərsəyə gətirib həyata keçirməsi olmuşdur

Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, “Müstəqilliyi qazanmaq tarixi şansdır. Onu yaşatmaq isə müqəddəs vəzifədir.” Məhz bu müqəddəs vəzifəni həyata keçirmək üçün həmin dövrdə ulu öndər qonşu dövlətlərlə münasibətləri dostluq və tərəfdaşlıq müstəvisinə gətirmək, müharibəni dayandırmaq, dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin Azərbaycana olan marağını balanslaş­dıraraq milli mənafeyə xidmət etməyə yönəltmək kimi tarixi missiyanı böyük dövlət xadimi olaraq ardıcıl şəkildə, yorulmaz əzmlə və siyasi ustalıqla həyata keçirə bildi. Əsrin müqaviləsi təkcə bir iqtisadi layihə deyil, həm də, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin qorunmasına, möhkəmlənməsinə, vətəndaşlarımızın sosial rifah halının yüksəlməsinə xidmət edən böyük siyasi və sosi­al əhəmiyyət kəsb edən bir tarixi hadisədir.

Azərbaycanın “qara qızıl”ının dünya bazarına ixrac olunmasından ölkəmizə böyük həcmdə valyu­ta gəlirləri daxil olmağa başladı. Neft gəlirlərinin və aktivlərinin səmərəli idarə olunmasının, sosial-iqtisadi inkişafa yönəldilməsinin, və gələcək nəslə saxlanılmasının təmin edilməsi məqsədi ilə o dövrdə ARDNŞ-nin Birinci vitse-prezi­denti vəzifəsində çalışan cənab İlham Əliyevin təşəbbüsü ilə yeni bir qurum – Azərbaycan Respub­likasının Dövlət Neft Fondu ya­radıldı. Əsas prinsipi şəffaflıq və səmərəlilik sayılan Dövlət Neft Fondunda toplanan vəsaitlərin bir qismi aktivlər şəklində gələcək nəsillərə saxlanılır, bir hissəsi isə ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün istifadə olunur. İndiyədək Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 105 milyard 615 milyon manat təşkil etmişdir ki, bu vəsaitin böyük hissəsi sosial layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.

Əsrin müqaviləsinin imzalanma­sından 26 il keçir. Bu illər ərzində Azərbaycan dövləti sosial-iqtisadi in­kişaf tempinə görə bir çox dövlətlərin yüz illərlə keçə bilmədiyi tərəqqi yo­lunu keçmişdir. Azərbaycanın intibahı və tərəqqisində neft kontraktlarının rolu bu günümüzün və sabahımızın tarixi reallığıdır.

Əyanilik üçün bir neçə sosial-iqtisadi indikatorlara nəzər salaq. Əgər 1993-cü ildə adam başına düşən ümumdaxili məhsul 180 manat təşkil edirdisə, bu göstərici 2003-cü ildə 872,7 manat, 2019-cu ildə isə 8247 manat təşkil etmişdir. Başqa sözlə, Əsrin müqaviləsinin qüvvədə olduğu, Azərbaycan iqtisadiyyatına böyük dividentlər gətirdiyi 26 il ərzində ölkəmizin adambaşına ÜDM 45 dəfə artmışdır. Bu illər ərzində Azərbaycan yoxsul ölkələr siyahısın­dan birdəfəlik çıxaraq orta gəlirləri yuxarı olan ölkələr sırasında ön pillədə qərarlaşmışdır. Hədəfimiz isə dünyanın inkişaf etmiş dövlətlərin səviyyəsinə yüksəlməkdir.

Yoxsulluq 2003-cü ildəki 49 faizdən, 2019-cu ildə 4,8 faizə qədər azalmışdır. Əhalinin pul gəlirləri artaraq Azərbaycan vətəndaşlarının sosial rifahının ilbəil yüksəlməsini təmin etmişdir. Əgər 1993-cü ildə əhalinin pul gəlirləri 155 manat təşkil edirdisə, 2003-cü ildə pul gəlirləri 700,7 manat, 2019-cu ildə isə 5758,6 manat təşkil etmişdir. Pul gəlirlərinin ilbəil artmasına rəğmən inflyasiya getdikcə azalmışdır. Faktlara müraciət edək: Əgər 1994-cü ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 1763,5 faiz idisə, bu göstərici 2019-cu ildə 3,7 faiz təşkil etmişdir.

Əsrin müqaviləsi təkcə neft sektorunun inkişafına yönələn bir layihə deyildir. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına da ciddi təkan vermiş mühüm hadisədir. Bütövlükdə iqtisadiyyatımızın inkişafı ölkədə işsizliyin minimu­ma endirilməsinə şərait yaratmış oldu. Əgər 1993-94-cü illərdə əmək qabiliyyətli iki adamdan biri işsiz idisə, 2019-cu ildə işsizlik göstəricisi 4,8 faizə enmişdir. Təkcə 2004-2019- cu illərdə respublikamızda 2 milyon 389 min 400 daimi iş yeri yaradıl­mışdır.

Cənab Prezident İlham Əliyevin fərmanı ilə qəbul olunan və bu gün də uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proq­ramı bütün regionlarımızın harmonik inkişafını təmin etdi. Regionlarda yol, işıq, qaz kimi problemlər köklü şəkildə həll olunmuş, müasir infrastruktur formalaşmış, əhalinin məşğulluq səviyyəsi artmışdır. Bu illər ərzində regionların inkişafına 70 milyard manatdan çox vəsait yönəldilmiş, ölkə üzrə yeni açılan iş yerlərinin 75 faizi regionların payına düşmüşdür.

Neft müqavilələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın neft və karbohidrogen ehtiyatları­nın əlverişli şərtlərlə dünya bazar­larına çıxarılması təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə sosial layihələrin uğurla icra olun­masına şərait yaratmışdır. Bu illər ərzində 3600-dən çox məktəb binası, 700-dən artıq səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, vətəndaşlarımızın keyfiyyətli təhsil və səhiyyə xidmətləri alması üçün hər cür şərait yaradılmışdır. 5000-dən çox Azərbaycan gənci müxtəlif dövlət proqramları çərçivəsində dünyanın aparıcı universitetlərində mükəmməl ali təhsil almaq imkanı əldə etmişdir. Bu məqsədlə, Dövlət Neft Fondu tərəfindən “Xaricdə təhsil üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 212,7 milyon manat vəsait ayrıl­mışdır. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2019-2023- cü illər üçün Azərbaycan Respublika­sında Ali Təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Dövlət Neft Fondundan 77,9 milyon manat məbləğində vəsaitin transfer edilməsi nəzərdə tutulur.

Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca sosial müdafiəyə ehtiyacı olan vətəndaşların da sosial təminatları etibarlı şəkildə yüksəlmişdir. Bu illər ərzində Azərbaycanda doxsanıncı illərin əvvəllərində mövcud olan çadır şəhərciklərinin hamısı ləğv olunmuş, qaçqın və məcburi köçkünlər üçün 115 müasir qəsəbə salınmış, 3,6 milyon kvadratmetr mənzil sahəsi ti­kilmiş 350 min nəfərdən çox məcburi köçkün soydaşımız hər cür şəraiti olan evlərlə təmin olunmuşdur. Bütün bu tədbirlərə Dövlət Neft Fondunun büdcəsindən 2 milyard 642 milyon manat vəsait xərclənmişdir.

Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə vete­ranları və əlillərinin müalicəsi, sosial müdafiəsi, mənzil təminatı sahəsində böyük işlər görülmüş və onlara qayğı ilbəil artır. Azərbaycan Respublikası­nın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun huma­nistlik və xeyriyyəçilik fəaliyyəti ilbəil genişlənir, ehtiyacı olan daha çox insanı əhatə edir. Azərbaycanın sərhədlərini aşaraq dünyanın müxtəlif guşələrində ölkəmizin sülhsevər, xeyirxah obrazını daha parlaq şəkildə ifadə edir.

Ölkəmizin iqtisadi qüdrəti artdıq­ca aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkə üzrə minimum əməkhaqqı 2019-cu ildə 250 manata çatdırılmış və yaxud 27,8 dəfə artmış­dır. Orta aylıq əməkhaqqının məbləği 2003-cü ildəki 78,8 manatdan artaraq 2019-cu ildə 634,8 manat təşkil etmiş və yaxud 8,2 dəfə artmışdır. Bu rəqəm mədən sənayesi sektorunda 3600 manatdan yuxarı təşkil edir.

Bu illər ərzində vətəndaşların pensiya təminatı sahəsində ciddi uğurlar əldə olunmuşdur. Pensiya­nın minimum məbləği 2003-cü ildə 20,4 dollar təşkil edirdisə hazirda bu rəqəm 120 dollara yaxın, pensiyanın orta məbləği isə hazırda 180 dollara qədər yüksəlmişdir.

Biz ölkəmizin gücünü, qüdrətini 2016-ci ilin Aprel döyüşlərində, Gün­nüt zəfərində və bu il iyulun 12-16-da Tovuz döyüşlərində bir daha bütün dünyaya göstərdik.

Azərbaycanın neft strategiyası cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində davam edir, Azərbaycan xalqına yeni uğurlar bəxş edir. Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində 2017-ci il sentyabr ayının 14-də Bakı şəhərində 6 ölkənin 11 şirkəti ilə neft yataqlarının birgə işlənməsi ilə bağlı sazişin Əsrin müqaviləsinin 2050-ci ilə qədər uza­dılması təmin edilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan neft kapitalını insan kapitalına çevirməklə, dayanıqlı inkişafını təmin etmiş oldu. Möhtərəm Prezidentimiz haqlı olaraq qeyd edir: “Əsrin müqaviləsi bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan ka­pitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.

Ölkənin sərhədlərini təkcə onun hərbi gücü qorumur. Vətəni həm də onun siyasi gücü, iqtisadi qüdrəti, rəhbərinin fəhmi, siyasi iradəsi, çe­vikliyi, cəsarəti qoruyur. Bu baxım­dan, Əsrin müqaviləsi bizim hərbi, siyasi, iqtisadi gücümüzə yeni güc qatdı, nəfəs verdi. Bakıdan Ceyhana, Supsaya, Novorossiyskiə, Qarsa, Ərzuruma uzanan kəmərlər, dəmir yolu həm də müasir Azərbaycanı mütərəqqi dünyaya bağlayır. Dünya bu kəmərlər vasitəsi ilə Azərbaycanın mərd, isti və etibarlı əlini sıxır.

Musa QULİYEV,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

18 Sentyabr 2020 01:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə