Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Kimya Sənaye Parkı ölkənin ixrac imkanlarını genişləndirəcək

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) qısa müddətdə əldə etdiyi göstəricilər ölkəmizdə milli istehsalın və qeyri-neft ixracının formalaşmasından xəbər verir. Yeri gəlmişkən, ötən ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, bu ilin mü­vafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

Hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə, 2019-cu ildə bu Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı –təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Bu gün parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

Təbii ki, perspektiv olaraq həm idxaldan asılılığın aradan qaldırılmasında, həm də ixrac imkanlarının genişləndirilməsində SKSP-nin ro­lunun bundan sonra da artacağı gözlənilir. Sənaye Parkında yeni müəssisələrin istifadəyə verilməsi və burada Peşə Təhsili Mərkəzinin fəaliyyətə başlaması da SKSP-nin innovativ məhsulların istehsalını da həyata keçirəcəyindən xəbər verir. Bu da qeyri-neft sektorunda müqayisəli məhsul istehsalının artması deməkdir. Bu, həmçinin yerli məhsulların bazara çıxarılmasına, idxaldan asılı­lığın aradan qaldırılmasına və valyutanın ölkədə qalmasına imkan yaradır.

Onu da qeyd edim ki, həm pandemiya, həm də postpandemiya dövründə yerli istehsalın dəstəklənməsi Azərbaycan üçün prioritetdir. COVİD-19-la mübarizə şəraitində iqtisadi siyasət və islahatlar davam etdirilir. Bu zaman reallaşdı­rılan islahatların əsas məqsədi qeyri-neft sektoru­nun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir. Belə şərait isə Azərbaycanın postpandemiya dövründə iqtisadi fəallığı qısa zamanda əldə edəcəyi əminliyi yaradır.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

18 Sentyabr 2020 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə