Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan həm xarici, həm də daxili siyasətini tamamilə müstəqil həyata keçirir

Azərbaycan son illər ərzində müstəqil bir ölkə olaraq çox sayda uğurlara imza atıb. Respublikamız beynəlxalq aləmdə tanınan və hesablaşılan bir ölkəyə çevrilib. Heç şübhəsiz ki, Azərbaycanın bu səviyyəyə gəlməsində möhtərəm Prezidentimiz İlham Əliyevin apar­dığı daxili və xarici siyasət böyük rol oynayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanın iqtisadi potensialı və maddi ehtiyatları hər hansı bir xarici borca ehtiyac olmadan yaşamağa və inkişaf etməyə imkan verir.

Azərbaycan, eyni zamanda, güclü bir orduya malik ölkədir. Əsgər və zabitlərin hazırlığı, həm də silah-sursat ehtiyatlarına görə regionun ən güclü ordusu, məhz, bizim ordumuzdur. Cənab Prezident çıxışında da vurğuladığı kimi, bu gün Azərbaycan həm xarici, həm də daxili siyasətini tamamilə müstəqil həyata keçirən nadir ölkələrdən biridir. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və vətəndaşlarımız da yaxşı bilirlər ki, Azərbaycan xalqı gələcəkdə bir də heç vaxt heç kimdən asılı olmaya­caqdır. Prezidentin Bilik Günü ilə bağlı müraciətində xüsusi olaraq dayanılmalı olan digər bir məsələ də gənclərimizin bəzi xarici dairələrin təsiri altına düşməməsi ilə bağlıdır. Prezidentimizin qeyd etdiyi kimi bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük – gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasi­yalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər.

Təbii ki bu cür hallara qar­şı cəmiyyət olaraq ayıq olmalı və gənclərimizin kimlərinsə təsiri altına alınmasına imkan verməməliyik. Burada təkcə valideyinlərin deyil, müəllimlərin də üzərinə çox böyük məsuliyyət düşür. Hamılıqla əl-ələ verərək yeniyetmə və gənclərimizi milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Gənclərimizin müstəqilliyi hər şeydən uca tutması, milli ruhda, vətənpərvər olaraq tərbiyə olunması, milli adət-ənənələrimizi qoruyan və müdafiə edən nəsil kimi yetişməsi üçün hər birimiz səy göstərməliyik. Ölkə başçısı bu istiqamətdə və eləcə də insanımızın rifah halının yaxılaşdırıl­ması istiqamətində kifayət qədər vacib addımlar atır.

Elə bu səbəbdəndir ki, pandemiyanın fəsadlarına, neft gəlirlərimizin azalma­sına baxmayaraq, məktəb və ali məktəb binalarının tikintisi davam etdirilir, heç bir sosial layihə ixtisar edilmir. Təkcə bu il ərzində vətəndaşlara təqdim olunan sosial paketin həcmi 5 milyona yaxın vətəndaşımızı əhatə etdi ki, bu da əhali sayı ilə müqayisədə dünyanın heç bir yerində rast gəlinməyən bir nümunədir.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan bütün istiqamətlərdə dəyişib. İstər aparılan siyasi islahatlar olsun, istər məmur vətəndaş münasibətləri olsun, istər hakimiyyət müxalifət münasibətləri olsun, bütün sahələrdə dəyişikliyin şahidiyik. Amma bütün bunlarla yanaşı, təəssüf ki, dəyişməyən, daha doğrusu, dəyişmək istəməyən, hələ də köhnə təfəkkürlə yaşayan, ölkədəki müsbət dəyişiklikləri görmək istəməyən radikal Milli Şura kimi qüvvələr də mövcuddur. Onlar başa düşməlidirlər ki, Azərbaycan xalqı artıq kimin kim olduğunu kifayət qədər yaxşı bilir və xaricdən gələn sifarişlərlə fəaliyyət göstərən hər hansı bir qurumun onları təsir altına almasına imkan verməyəcək.

Yusif BAĞIRZADƏ, politoloq

18 Sentyabr 2020 01:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə