Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və dəstəkləyəcəyik

Dövlətlərarası münasibətlər, əlaqələr, siyasət təkcə maraqlar, mənfəətlər, çıxarlar üzərində qurulmur, burada digər vacib məqamlar, cəhətlər də mühüm rol oynayır. Bu cəhətlər isə kök, ruh, qan, dil eyniliyinə bağlanır, onlardan ibarət olur. Bu gün Azərbaycanla qardaş Türkiyə də məhz ruhən, mənən bir-birinə bağ­lıdır. Onları qan, can, ruh, kök, tarix, ortaq dəyərlər bir-birinə qırılmaz və sıx tellərlə bağlayır.

Ulu öndərimiz Heydər Əliyevin müdrik kəlamında deyildiyi kimi, biz “Bir millət, iki dövlətik”. Həqiqətən, belədir. Bunu ötən illərin təcrübəsi, yaşananları da bir daha açıq şəkildə təsdiqləyir. Harada Azərbaycan olubsa, orada Türkiyə olub, hara­da Türkiyə olubsa, orada Azərbaycan. Azərbaycanın sevinci Türkiyənin, Türkiyənin uğuru Azərbaycanın uğuru olub, Azərbaycanın kədəri Türkiyənin, Türkiyənin acısı Azərbaycanın acısı olub.

Azərbaycan illərdir qardaş ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradan qanlı terrorla mücadiləsində Türkiyənin yanında yer alıb, onu birmənalı şəkildə dəstəkləyib, qardaş Türkiyə isə hələ də ədalətli həllini tapma­yan Qarabağ münaqişəsinin həllində Azərbaycana var gücü ilə dəstəyini verib, onu müdafiə edib. Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elə bir məsələ olmayıb ki, bu iki dövlət orada həmrəylik nümayiş etdirməsin. Bütün məsələlərdə Azərbaycanla Türkiyə bir-birilərinin yanında, bir-birilərinə arxa-dayaq olub. Elə götürək son iyul hadisələrini. İşğalçı və təcavüzkar Ermənistanın açıq və növbəti təxribatı nəticəsində Azərbaycan–Ermənistan sərhədinin Tovuz istiqamətində gərginlik yaşandı. Azərbaycana yenə də ilk və birmənalı dəstəyini ifadə edən qardaş Türkiyə oldu.

Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olduğu­nu, Qarabağ məsələsində onu dəstəklədiyini və münaqişənin ədalətli həlli üçün istənilən dəstəyi verəcəyini bəyan etdi. Bundan cəmi bir neçə gün sonra Azərbaycanda qardaş Türkiyə ordusu ilə növbəti birgə hərbi təlimlər başlandı və uğurla başa çatdı. Bütün dünya, o cümlədən, düşmənlər də bir daha gördülər ki, Azərbaycanla Türkiyə ətlə dırnaq kimidir, onları bir-birindən ayırmaq olmaz və bu, mümkün deyil. Eyni zamanda, elə bu günlərdə Azərbaycan tərəfindən Türkiyəyə böyük dəstək ifadə olundu.

Yunanıstanın ölkəmizdəki yeni səfirini qəbul edən dövlət başçımız Şərqi Aralıq dənizi bölgəsində Yunanıstanla Türkiyə arasında yaşanan gərginliyə toxunaraq, birmənalı şəkildə Türkiyəyə dəstəyini ifadə etdi: “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yu­nanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”. Azərbaycan Prezidenti qətiyyətli şəkildə bildirdi ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Çünki biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən, Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.

Beləliklə, hər kəs bir daha anlamış oldu ki, Azərbaycan – Türkiyə dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımla­yıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğur­lara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar.

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor

18 Sentyabr 2020 01:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə