Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi siyasətin yeni idarəetmə modeli

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yara­dılması” və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası­nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanının ləğv edilməsi” barədə imzaladığı Fərman ölkədə aparılan davamlı islahatların növbəti mərhələsidir. Son illər bütün sahələri əhatə edən islahatların bəhrəsi artıq özünü göstərməkdədir. Kadr islahatlarının idarəetmədə ya­ratdığı operativlik və çeviklik, sosial sahədə aparılan islahatların aztəminatlı ailələrin güzəranının daha da yaxşılaşdırılmasına önəmli təsir göstərməsi, o cümlədən, iqtisadi sahənin inkişafı vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması islahatların yeni mərhələsidir və bu sənəd iqtisadi siyasətin yeni idarəetmə modelidir”.

Bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması­na münasibət bildirərkən dedi.

Deputat qeyd etdi ki, Azərbaycanda son 20 ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastruktu­run müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Bu, fərmanda da öz əksini tapıb. Ötən dövr ərzində ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləyib və milli iqtisadiyyatın rəqabət qabiliyyəti dəfələrlə yüksəlib. Bunu beynəlxalq reytinq agentliklərinin hazırladıqları hesabatlar da təsdiləyir. Ümumi daxili məhsulun həcminin 3 dəfədən çox artması, vətəndaşların həyat səviyyəsinin nəzərə çarpacaq dərəcədə yaxşılaşması qazanılan uğurlardan xəbər verir: “Dövrün tələblərini nəzərə alsaq, deyə bilərəm ki, Azərbaycanda iqtisadiy­yatın tənzimlənməsi və inkişaf dina­mikasının artırılması üçün yeni baxışa, fəlsəfəyə ehtiyac var. Bu baxımdan, Maliyyə Sabitliyi Şurasının ləğv edilib, əvəzində İqtisadi Şuranın yaradılması vaxtında verilmiş bir qərardır”.

Deputat daha sonra bildirdi ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, xüsusilə, bu ilin mart ayından başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə iqtisadi tənəzzül, iş yerlərinin öz fəaliyyətini dayandırması, istehsalın kəskin azalması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strate­ji siyasət çağırışları yaradıb. Belə bir vaxtda iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması çox vacib və vaxtında atılan addım idi. Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi istiqamətində qarşıda duran baş­lıca strateji çağırışların sənəddə öz əksini tapması da bundan xəbər verir. Xüsusilə, postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırıl­ması və inkişaf etdirilməsi və digər stra­teji vəzifələrin icrasının təmin olunması zərurəti meydana çıxır.

E.Nəsirov 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılmasını dünyada və ölkədəki yeni iqtisadi situasiya ilə bağlılığını diqqətə çatdıraraq bildirib ki, o zaman yaşanan qlobal iqtisadi böhran və dünya bazarlarında neftin qiymətinin düşməsi, Azərbaycanda iki dəfə yaşanan devalvasiya və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görməyə vadar edirdi. Dövlət başçısının fərmanı ilə yaradılan və geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası, adından da göründüyü kimi, makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi. Aradan keçən müddət ərzində qurum üzərinə düşən missiyanı yerinə yetirdi.

Koronavirus pandemiyasının dün­ya iqtisadiyyatına gözləniləndən daha çox zərər vurduğunu deyən E.Nəsirov Azərbaycan iqtisadiyyatının da bu bəladan təsirsiz ötüşmədiyini də bildirdi: “Son 7 ayın hesablamaları onu göstərir ki, ümumi daxili məhsulda 2,8 faiz enmə müşahidə olunub. Bir çox ölkələrdə bu göstərici daha yüksəkdir. Mövcud şərtlər ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsini tələb edir. Prezidentin fərmanı ilə İqtisadi Şuranın yaradılması da məhz bununla bağlıdır. İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişa­fının sürətləndirilməsini və milli iqtisa­diyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

18 Sentyabr 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə