Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəvidə

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə dərin islahatlar kursu həyata keçirilir. Məqsəd şəffaf və ədalətli idarəçilik sistemini daha da gücləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir. Yeri gəlmişkən, ölkəmizdə korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması istiqamətində görülən işlər ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki, Rusiya və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Əfrahim Təhməzov bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Hesab edirəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Bugünlərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası keçirilmişdir. Mən bu barədə mətbuatda dərc olunan hesabatı maraqla izləmişəm. Tədbirdə haqlı qeyd olunmuşdur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ardıcıl və davamlı şəkildə aparılır. Bunu ölkə ictimaiyyəti görür və yüksək dəyərləndirir.

Dövlətimizin başçısı hər dəfə yeni kadrları icra struktur­larında mühüm vəzifələrə təyin edərkən onlara tapşırıq verir ki, xalqın problemləri ilə maraqlansınlar, onların həlli üçün səylərini əsirgəməsinlər. Ən başlıcası, əhali ilə səmimi davran­sınlar, tabeçiliyində olan şəxslərə qarşı kobudluğa, aşağılayıcı hərəkətlərə yol verməsinlər. Heç kəsin özünü xalqdan yuxarı tutmaq hüququ yoxdur. Dövlətin və xalqın malına göz dikənlər isə ciddi cəzalandırılır və bundan sonra da cəzalandırılacaq.

Qeyd etmək lazımdır ki, son vaxtlar ciddi qanun pozuntu­larına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması cəmiyyətdə rəğbətlə qarşılanır. Fikrimcə, bu istiqamətdə mübarizənin səmərəliliyini daha da artırmaq üçün ictimai nəzarəti gücləndirmək çox vacibdir. Bunun üçün vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq genişləndirilməli, maarifləndirmə tədbirləri davam etdirilməlidir.

Bir məqamı da vurğulamaq istərdim. Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin mətbuatdan da gözləntiləri çoxdur. Fikrimcə, mətbuat işçiləri, jurnalistlər ciddi araşdırmalar apararaq rüşvətxor məmurları ifşa etməlidirlər. Korrupsiyadan qurtulmağın yolu elliklə mübarizədən keçir.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

18 Sentyabr 2020 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə