Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Korrupsiya təhlükəli ictimai bəladır

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar davam etməkdədir. Bu islahatlar hazırda ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını tamamilə əhatə edir. Azərbaycanda şəffaf və ədalətli idarəçilik sistemi gücləndirilir, bütün bu tədbirlərin kökündə isə vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Azərbaycan lideri korrupsiya, rüşvətxorluq, bürokra­tiya, süründürməçilik və digər bu kimi neqativ hallara qarşı mübarizəni günümüzün aktual vəzifəsi kimi qarşıya qoyub. Bu zaman qanunun aliliyinin tam təmin edilməsi və ədalətli cəmiyyət qurulması başlıca şərtdir.

Bu barədə Azərbaycan Prezidenti bir neçə dəfə bəyanat verərək bildirib ki, Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində həyata keçirilən islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uy­ğunlaşma deməkdir. Bu islahatlar ölkəmizi gücləndirir və gələcək dayanıqlı inkişafımızı şərtləndirir.

Təbii ki, siyasi, iqtisadi və sosial sahələrdə aparılmış genişmiqyaslı islahatlar öz müsbət bəhrələrini verməkdədir. Davamlı şəkildə apa­rılmış kadr islahatları imkan verib ki, peşəkar, bilikli, müasir kadrlar dövlət idarəçiliyinin müxtəlif sahələrində qabağa çəkilsin. Onlara önəmli vəzifələr həvalə edilib. Prezident İlham Əliyev bu il mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır: “Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadr­lar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır”.

Hazırda digər sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da islahatlar aparılır. Bu da əsasən insan hüquqlarının təmin olunması, cinayətkarlığa, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlıdır. Prezident deyib ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar: “Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildir­mişdim. Bütün dövlət məmurlarını xəbərdar et­mişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Bu gün Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dönməz xa­rakter alıb. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Dövlət orqan­larının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyi artırılır. Artıq Azərbaycan Respub­likasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının yeni tərkibi də formalaşdırılıb və onun ilk iclası keçirilib. Korrupsiyaya qarşı mübarizənin ölkədə aparılan islahatlar kursuna tam cavab verməsi üçün yeni Milli Fəaliyyət Planı işlənilir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq gücləndirilir. Bütün bu addımlar, qəbul olunmuş yeni qərarlar və verilən tapşırıqlar bu istiqamətdə mübarizənin səmərəliliyini artırmağa imkan verir.

Nəhayət, hamı bilməlidir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri ardıcıl, sistemli və hərtərəfli xarakter daşıyır. Artıq bu istiqamətdə mübarizə keyfiyyətcə yeni müstəvidə və daha səmərəli formada aparılacaq.

İqbal MƏMMƏDOV, Milli Məclisin deputatı

18 Sentyabr 2020 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə